“Mən, Ennio Morrikone, ölmüşəm...”
İyulun 6-da vəfat etmiş məşhur italiyalı bəstəkar Ennio Morrikone özü üçün nekroloq yazıbmış.
“RİA Novosti”nin məlumatına görə, bu barədə musiqiçinin yaxın dostu və vəkili Corco Assuma xəbər verib.
“Mən, Ennio Morrikone, ölmüşəm. Bu barədə hər zaman yanımda olan dostlarıma elan edirəm. Ancaq məndən bir az uzaq olanları da böyük məhəbbətlə salamlayıram”, - deyə mərhum bəstəkar yazıb.
Məktubda Morrikone dəfnin sadə keçirilməsi istəyini bildirib: “Mən heç kimi narahat etmək istəmirəm və doğmalarımla, yaxınlarımla vidalaşıram”.
Sonda isə o, həyat yoldaşı Mariyaya sonsuz sevgisini ifadə edib.
Qeyd edək ki, bəstəkar bir neçə gün əvvəl yıxılaraq bud sümüyünü sındırıb. O, gecə saatlarında Romadakı klinikalardan birində “travmanın fəsadları” səbəbindən ölüb.
Bəstəkar, əsasən, kino və televiziya üçün bəstələdiyi musiqilərlə məşhurdur. E.Morrikone 400-dən artıq filmə və teleseriala musiqi yazıb.
O, iki “Oskar” mükafatı laureatıdır.