Xoşbəxt Yusifzadənin nazirimizlə bağlı – Xatirəsi



 

Yaşasaydı, bu gün 70 yaşı tamam olacaqdı. Təəssüf ki, ölkəmizdən beynəlxalq aləmə ünvanlanan, respublikamızın təşəbbüsü ilə regionu, bütün Avropanı əhatə edən qlobal enerji layihələrinin geniş vüsət aldığı bir vaxtda dünyasını dəyişdi.

Axar.az xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan qəzetində yazdığı məqaləsində bildirib.

X.Yusifzadə Natiq Əliyevin həmin layihələrin, müstəqil Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri olduğunu yazıb:

“Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı, Prezident İlham Əliyevin qətiyyətlə gerçəkləşdirdiyi neft və qaz strategiyasının təntənəsi üçün ona etibar edilmiş sahələrdə var qüvvə ilə çalışır, bu zaman Azərbaycanın milli maraqlarının təmin olunmasını özünün başlıca vəzifəsi sayırdı.

Natiq Əliyevi təkcə Azərbaycanda deyil, Türkiyədən, Rusiyadan ABŞ-a, Böyük Britaniyaya qədər dünyanın bir çox ölkələrində də yaxşı tanıyırdılar. Onun adı Azərbaycan nefti, “Əsrin müqaviləsi”, Bakı-Tiflis-Ceyhan ixrac neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, məşhur “Şahdəniz” layihəsi ilə qırılmaz surətdə bağlıdır. O, bilikli neft mütəxəssisi idi, neft işinin bacarıqlı təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas simalarından biri kimi tanınmışdı”.

SOCAR-ın birinci vitse-prezidenti Natiq Əliyevlə bağlı xatirələrini də bölüşüb:

“Onunla ilk görüşümü bu gün də yaxşı xatırlayıram. 1970-ci il idi. O vaxt “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyi baş direktorunun müavini-baş geoloq vəzifəsində çalışırdım. Bu birlik elə həmin il yaradılmışdı. SSRİ Neft Sənayesi Nazirliyi İranla sərhəddən başlayaraq, Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar işlərinin və digər işlərin görülməsini bizə - Azərbaycan neftçilərinə həvalə etmişdi. Qarşımızda dənizin özü boyda geniş bir fəaliyyət meydanı açılmışdı. Buna görə də bizim neftçi peşəsini qəlbən sevən bilikli və cəsarətli gənc mütəxəssislərə ehtiyacımız var idi.

Günlərin birində mənə dedilər ki, Neft və Kimya İnstitutunun istedadlı məzunlarından biri əmək fəaliyyətinə bizimlə birlikdə başlamaq istəyir. İxtisasını soruşdum, cavab verdilər ki, mühəndis-geoloqdur. Dedim, çağırın, gəlsin, tanış olaq, görək biliyi, bacarığı necədir. Gəldi, söhbət etdik. Gördüm ki, kifayət qədər bilikli, savadlı və diribaş oğlandır. Xeyir-dua verib onu “Azərdənizneftkəşfiyyat” trestinin Kompleks Dəniz Geoloji-Kəşfiyyat Kontoruna göndərdim. O vaxt heç ağlıma da gəlməzdi ki, illər ötəcək və həmin bu gənc mühəndis-geoloq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, daha sonra ölkənin energetika naziri olacaq, görkəmli dövlət xadimi kimi tanınacaq.

Natiq Əliyev Kompleks Dəniz Geoloji-Kəşfiyyat Kontorunda çox yaxşı işləyirdi, amma bir müddətdən sonra elmlə məşğul olmaq istədiyini bildirdi. Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasında təhsil almağa başladı. 1974-cü ildə dissertasiya müdafiə edib, geologiya-mineralogiya elmləri namizədi, daha sonra böyük elmi işçi oldu. 1979-cu ildə isə yenidən bizim birliyə qayıtdı və Kompleks Geoloji-Kəşfiyyat Kontorunun geologiya şöbəsinin rəisi təyin edildi.

O vaxt biz SSRİ Neftçıxarma Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərirdik və buna görə də hər il Xəzər dənizində apardığımız geoloji-kəşfiyyat işlərinin nəticələri barəsində Moskvada hesabat verir, gələcək işlərimizi razılaşdırırdıq. Moskvaya ezamiyyətə gedərkən mən rəhbərlik etdiyim mütəxəssislər qrupuna Natiq Əliyevi də daxil etdirdim. Rus dilini yaxşı bildiyi üçün İttifaq nazirliyində mənə çox kömək edirdi. Lakin birgə işimiz çox da uzun sürmədi. 1984-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsindən zəng edib dedilər ki, MK-nın Neft və kimya şöbəsinə təlimatçı lazımdır. Savadlı, təcrübəli, təşəbbüskar bir adam axtarırıq. Kimi məsləhət görə bilərsiniz?

Baxmayaraq ki, Natiq Əliyev birliyimizin özünə də lazım idi, mən bu yüksək hazırlıqlı gənc mütəxəssisin gələcək inkişafını nəzərə aldım. Çox fikirləşmədən elə o saat Natiq Əliyevin adını çəkdim və əlavə etdim ki, onu dəvət etsəniz, peşman olmazsınız.

10-15 gündən sonra Natiq Əliyev Mərkəzi Komitənin Neft və kimya şöbəsində çalışmağa başladı, daha sonra sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri oldu. Mərkəzi Komitədə işlədiyi illərdə də Natiq Əliyev neftçi həmkarları ilə yaxından əlaqə saxlayır, işlərimizlə maraqlanır, müəyyən çətinliyimiz olanda köməyini əsirgəmirdi.

Sonra Sovet İttifaqı dağıldı. Azərbaycan müstəqillik əldə etdi. Lakin respublikada vəziyyət yaxşı deyildi. Çox gərgin və mürəkkəb bir dövr idi. Ölkədə qeyri-sabitlik hökm sürürdü, maliyyə və texniki təchizat məsələlərinin nə vaxt həll ediləcəyini heç kim bilmirdi. İqtisadiyyatın digər sahələri kimi, neft və qaz sənayesi də ağır böhran keçirirdi. Buna görə də hələ 1979-cu, 1985-ci və 1987-ci illərdə kəşf olunmuş “Günəşli” yatağının dərinsulu hissəsində, “Çıraq”, “Azəri” yataqlarında işləmək mümkün deyildi. Yalnız “Günəşli” yatağının suyun dərinliyi 200 metrə qədər olan hissəsinin işlənilməsi mümkün idi.

İkinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı. 1993-cü il avqustun 9-da Natiq Əliyevə böyük etimad göstərərək onu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin etdi.

O vaxt “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləməli, ya da Azərbaycana xarici neft şirkətlərini dəvət etməli idik.

Lakin bir sıra qüvvələr xarici neft şirkətlərinin ölkəmizə sərmayə qoymasına qarşı çıxırdı. Bu həm respublikanın özündə, həm də xaricdə fəaliyyət göstərən qüvvələr idi. Belə bir vəziyyətdə ulu öndər neftçi mütəxəssisləri ətrafına toplayıb, onlarla məsləhətləşdi. Prezidentin və neftçilərin fikirləri üst-üstə düşdü və xarici neft şirkətlərini ölkəmizə dəvət etmək qərara alındı. Beləliklə də Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasına start verildi.

Bu dövrdə Azərbaycan neftinin taleyi ilə bağlı işlərin ağırlığı SOCAR-ın prezidenti kimi Natiq Əliyevin üzərinə düşdü.

Azərbaycan Prezidentinin sərəncamı ilə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi üzrə tender elan olundu. 1994-cü ilin martında Bakıda xarici şirkətlərlə danışıqlara başlandı. Sonra danışıqlar Türkiyənin İstanbul şəhərində davam etdirildi. Danışıqların həlledici mərhələsi isə ABŞ-ın Hyuston şəhərində oldu.

Danışıqlar çox gərgin keçirdi. Bəzən iş o həddə gəlib çatırdı ki, ya tərəfdaşlarımız, ya da biz acıq edib, danışıqlar zalını tərk edirdik. Lakin nəticə uğurlu oldu. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin rəhbərlik etdiyi mütəxəssislər qrupu üzvlərinin - o vaxt SOCAR-ın xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin, şirkətin xarici sərmayələr idarəsinin rəisi Valeh Ələsgərovun, SOCAR-ın digər əməkdaşlarının və mənim iştirakımla bir ay yarım davam edən danışıqlarda Azərbaycan tərəfi öz milli maraqlarının təmin edilməsinə nail oldu. Nəhayət, 1994-cü il sentyabrın 20-də AÇG yataqlarının birgə işlənilməsi və Hasilatın Pay Bölgüsü haqqında sonralar dünyanın müasir neft tarixinə “ Əsrin müqaviləsi “ kimi düşmüş məşhur saziş imzalandı.Bu sazişlə də Azərbaycan özünün yeni inkişaf dövrünə qədəm qoydu.

Natiq Əliyev 1994-cü ildən “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi layihəsi Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tiflis-Ceyhan Şirkəti Direktorlar Şurasının sədri oldu. “Əsrin müqaviləsi”ndən sonra imzalanmış 34 müqavilənin hər birində onun böyük əməyi var. Bu müqavilələrin 24-ü onun Dövlət Neft Şirkətinə rəhbərlik etdiyi dövrdə imzalanıb. Natiq Əliyev digər müqavilələrin hazırlanması prosesində də yaxından iştirak edir, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük enerji siyasətinin, o cümlədən məşhur neft və qaz layihələrinin müvəffəqiyyəti üçün əsl peşəkarlıq göstərirdi.

Natiq Əliyev həm də istedadlı tədqiqatçı-alim, elmlər doktoru idi. O, Xəzər dənizində neft-qaz yataqlarının axtarışı və kəşfiyyatına, enerji sektorunun ayrı-ayrı məsələlərinin öyrənilməsinə dair 100-dən çox elmi əsərin müəllifi kimi tanınmışdı.

2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Natiq Əliyev nazir vəzifəsinə təyin olundu. Nazirliyə rəhbərlik etdiyi illərdə Azərbaycanın neft və qaz strategiyası çərçivəsində çox işlər gördü. “Şahdəniz” layihəsi onun bilavasitə iştirakı ilə həyata vəsiqə almış möhtəşəm layihələrdən biridir. Enerji təhlükəsizliyi üzrə qlobal layihə kimi tanınan “Cənub qaz dəhlizi” üzrə əməkdaşlığın qurulmasında və layihənin həyata keçirilməsi işində də onun xidmətləri heç vaxt unudulmayacaq.

Beynəlxalq enerji siyasəti sahəsində nüfuzlu mütəxəssislərdən olan Natiq Əliyev bu vəzifədə də Azərbaycanın sosial-iqtisadi yüksəlişi və enerji təhlükəsizliyinin təmin olunması, enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsi, neft sənayesinin və energetikanın inkişafı üçün bütün bilik və təcrübəsini səfərbər etmişdi.

Natiq Əliyevin ölkəmiz və xalqımız qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeninə, “Əməkdar mühəndis” fəxri adına, bir sıra xarici ölkələrin mötəbər mükafatlarına layiq görülmüşdür, doğma xalqının nəzərində bir vətənpərvər mütəxəssis və rəhbər işçi kimi ucalmışdır. O, daim sadə, səmimi və mehriban bir insan kimi xatirələrdə qalacaq. Sadəlik onun həyat tərzi idi. Natiq Əliyevi tanıyanların qəlbində o həmişə bu cür də yaşayacaq”.