Hər zaman haqq və ədalətin yanında olan adam
Rövşən Kəbirli
Zaman, dövran elə dəyişib ki, bir səmimi, dürüst insan görəndə təəccüblənirsən. İndi də belə insanlar var. Eyni zamanda sevinirsən ki, nə yaxşı ki var...
Düz deyirlər ki, dünyada nə qədər insan varsa, bir o qədər də xarakterlər var, simalar və simasızlar var, əlbət! Bəziliri ilə tanış olursan, bir müddət keçir, elə bil o insanlar ümumiyyətlə olmayıblar bu dünyada. Ancaq elə insanlar da var ki, özü real olaraq yanında olmasa belə, ruhu qəlbinin bir guşəsini zəbt edərək, orada özünə əbədi yuva qurur. Belə insanlara dost da, qəlb, dərd sirdaşı da deyirlər. Ən əsası odur ki, bu insan sənin həyatının bir parçasına çevrilir. Belə insan özünün səmimiliyi, dürüstlüyü, bəzən də hövsələsizliyi, ilə elə bil səni özünə məftun edir.
Belə qəlb dostlarımdan, əqidədaşlarımdan biri də, bu gün barəsində bir neçə kəlmə söz demək istədiyim Rövşəndir-Rövşən bəy Kəbirli. Rövşəni azdan-çoxdan, 20 ildən artıqdır ki tanıyıram. İlk baxışdan bir qədər kobud, qaba insan kimi görünsə də (bəlkə də bu, onun özünüqoruma hisslərindən biridir),öz səmimiliyi, danışığı, davranışı ilə hər kəsi məftun edə bilir. Rövşəni hamıdan fərqləndirən ən əsas xüsusiyyətlərindən biri də, mərdliyi, dürüstlüyü və mübarizliyidir.
Milli- Azadlıq Hərəkatının ən çılğın mübarizlərindən olan Rövşən bəy, bu gün və hər zaman haqq və ədalətin yanındadır. Bu xüsusiyyətlərinə görə zindan həyatı yaşasa belə, nə sındı, nə əyildi, nə də əqidəsindən döndü bu mərd insan. Rövşən bəy bu gün də istər mətbuatda, istər sosial şəbəkələrdə öz mübərizəsini mərdliklə, kişi kimi aparır.
Çox maraqlıdır ki,"Müxalifət" qəzetində birgə çalışdığımız zaman qələmindən od püskürən Rövşən Kəbirli (o zaman yazılarını Rövşən Mahmudov imzası ilə yazardı) son zamanlar daha təmkinli və müdrik görünür. Sən demə, yaş üstünə yaş gəldikcə, insan bir çox şeyləri ölçüb-biçmək zorunda qalır. Daha doğrusu, müdrikləşir, ölçüb-biçir, gənclik və çılğınlıq arxada qalır. Rövşən bəy də bu illər ərzində arxasında yandırdığı və yandırmadığı körpülərdən keçərək müdrikləşib, həyata daha açıq gözlə baxır və cavanlığındakı "qılınca çarpmaq" siyasətini müdrikliklə əvəzləyib.
Mən Rövşən bəyin necə millətsevər, vətənpərvər insan olması barədə uzun-uzadı danışmaq istəmirəm. Çünki Rövşən bəy Azərbaycan cəmiyyətində yetərincə tanınan bir şəxsiyyətdir və öz simasını bütün dövrlərdə qorumağı bacaran bir Vətən, Millət aşiqidir.
Bu da heç kimə sirr deyil ki, əgər istəsəydi bir çoxları kimi məmləkətimizi tərk edər, əcnəbi ölkələrin birində özünə xoş güzaran qura bilərdi. Etmədi, çünki Vətənə və Millətə olan sevgisi bu şansı ona tanımadı. Elə buradaca qalıb, mübarizəsini davam etdirməyi hər şeydən üstün tutdu. Çətinliklərə, məhrumiyyətlər, təhdid və təzyiqlərə baxmayaraq, həyatını burada- sanım Azərbaycanda davam etdirməyi hər şeydən dəyərli hesab etdi. Rövşən bəyin bir dost, əqidədaş kimi heç bir tərifə ehtiyacı yoxdur, onu kim necə tanıyırsa, bu elə Rövşənin özüdür-şərhsiz, izahsız.
Rövşən bəy nə qədər dürüst, səmimi dostdursa, bir o qədər də gözəl ailə başçısı, atadır, bir ailənin bəyidir.
Bəy sözünü son illər bir qədər çox işlədirlər, bu sözdən qıcıqlananlar da var aramızda. Amma mən belə hesab edirəm ki, bəy müraciət forması əsl azərbaycanlı-türk kişisinə yaraşan bir ifadədir. Rövşən bəy də, sözün həqiqi mənasında bu ifadəyə layiq bir insan və şəxsiyyətdir.
Doğum günün qutlu olsun, bəy!