Biz bu tarixi onlarla birlikdə reallaşdırdıq - Prezident
Gəncədən keçəcək Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tarixi hadisədir. Biz bu tarixi layihəni qonşu ölkələrlə birlikdə reallaşdırdıq.
Axar.az xəbər verir ki, bunu Gəncə səfəri zamanı sakinlərlə görüşündə Prezident İlham Əliyev bildirib.
“Energetika sahəsində “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ölkəmizə on milyardlarla dollar əlavə sərmayə gətirəcək. Bütün bunlar ölkəmizin xeyrinə işləyir. Həm iqtisadiyyatımız, həm də siyasi gücümüz artır. Bütün uğurlarımızın təməlində Azərbaycan xalqının zəhməti dayanır. Bu gün hər bir yerdə inkişaf göz qabağındadır. Həm Bakıda, həm Gəncədə, həm də bütün bölgələrdə, bütün şəhərlərdə vətəndaşlar çox böyük həvəslə quruculuq işlərində iştirak edirlər”, - Prezident söyləyib.
İlham Əliyev qeyd edib ki, Gəncə Dövlət Aqrar Universitetinin də indi çox böyük funksiyaları, çox böyük əhəmiyyəti var: “İndi kənd təsərrüfatı ölkəmizdə çox böyük sürətlə inkişaf edir. Kənd təsərrüfatı məhsullarının ixracı təqribən 40 faiz artıbdır. Ona görə yataqxanaların tikintisi o məqsədi güdür ki, qonşu bölgələrdən gələn tələbələr orada rahat qala bilsinlər. Bilirəm ki, avadanlıqla, texnika ilə təmin olunursunuz ki, orada oxuyan uşaqlar artıq bu texnikaya öyrəşsinlər.
Ölkəmizin çox böyük potensialı var - ilk növbədə, insan kapitalı. Biz vəsaiti əsasən insan kapitalına yönəltmişik. Əlbəttə ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk. Ona görə, bu gün dünya xəritəsinə baxanda, - əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, - istər-istəməz görürük ki, doğrudan da Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir. Bu, bizi çox sevindirir. Biz bu ili də yaxşı göstəricilərlə başa vuracağıq. Gələn il daha da uğurlu olacaqdır. Mən bu yaxınlarda qeyd etdim ki, bizim heç bir maliyyə problemimiz yoxdur. Əgər olsaydı biz sosial layihələrə bu qədər vəsait yönəldə bilməzdik. Ona görə, bir daha demək istəyirəm ki, Dram Teatrının və İdman Sarayının, o cümlədən çoxmənzilli 72 binanın təmiri və tikintisi ilə bağlı vəsait qıtlığı olmayacaq. Sadəcə olaraq, siz burada işləri elə qurun ki, bu məsələlər tezliklə öz həllini tapsın və biz sizinlə növbəti açılışlarda görüşək. Sağ olun”.