Okianın o tayında“Azərbaycan Milli Günü” qeyd ediləcək
Novella Cəfəroğlu: “Azərbaycanın qan yaddaşıyla bağlı bütün məsələlər dünya ictimaiyyətinə çatdırılmalıdır”
Musa Qasımlı: “Belə bir qərarın qəbul edilməsi Azərbaycan xalqına, onun dövlətçilik ənənələrinə və müasir müstəqilliyinə dərin hörmət və ehtiramın göstəricisidir”
Müstəqilliymizin uzun yolllardan keçən keşməkeşli səhifələri, şanlı tarixi dünya ictimaiyyətinin diqqətini cəlb etməkdədir. Özlüyümüzdə, 28 May tarixinin müstəsna əhəmiyyətini artıq bütün dünyaya çatdırmağın zamanıdır. Çünki bu istiqamətdə görülən işlər, aparılan araşdırmalar da zamanla öz yerini tutmaqdadır. Artıq bu böyük təqvim, tariximizin şanlı səhifəsi Azərbaycanın hüdudlarından uzaqlarda da əks-səda verir. Belə ki, ABŞ-ın Nyu-Meksika ştatının paytaxtı Santa Fe şəhərində bu il 28 May tarixi “Azərbaycan Milli Günü” kimi qeyd ediləcək.
Məsələ şəhər meriyası tərəfindən qaldırılıb və bu barədə müvafiq bəyannamə imzalanıb. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik bir dövlət yaratdığı, onun qısa müddətdə mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə, qadınlara səsvermə hüququ verdiyi vurğulanıb. Bəyannamədə bir sıra məqamlar da yer alıb. Cümhuriyyətin ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı da orada qeyd edilib. Belə ki, bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Bundan əlavə, Azərbaycanın regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb. Bəyannamədə o da qeyd edilib ki, Azərbaycan Los-Ancelesdəki Baş Konsulluğu vasitəsilə ABŞ-ın Qərb ştatları ilə iqtisadi, mədəni və digər sahələrdə güclü əlaqələr qurub.
ABŞ və Santa Fe şəhəri daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların 28 May tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz ata-babalarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı, Azərbaycanın azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi də bəyannamədə yer alıb.
Azərbaycanın bu böyük təqvim tarixinin ölkəmizdən kənarda da qeyd edilməsi sözsüz ki, alqışa layiqdir. Yüz illərdir əbədi düşmənimiz olan ermənilərin öz saxta tarixlərini yaymaq və təbliğ etmələrinin fonunda, Azərbaycanın demokratiya və müstəqillik tarixiylə bağlı belə taleyüklü məsələnin beynəlxalq ictimaiyyətə təqdim edilməsi mütərəqqi hadisədir. Erməni lobbisinin ən xırda məsələlərlə bağlı etdiyi canfəşanlıqla, özünün olmayan, başqalarından oğurladığı tarixiylə, mədəniyyətiylə və digər sahələrdə əldə etdikləriylə müqayisədə, Azərbaycanın müstəqillik tarixinin yüz il əvvəldən mövcudluğu, onun dünya tərəfindən qeyd edilməsi qeyd-şərtsiz, müsbət qarşılanmalıdır. Bununla bərabər, Azərbaycanın şərəf salnamələriylə, böyük və qiymətli məxəzlərlə zəngin qədim tarixiylə bərabər, işğal təqvimləri, soyqırım müsibətləri də var. Hələ də dünya ictimaiyyətinə çatdırılası ciddi və əhəmiyyətli məsələlər, beynəlxalq ictimaiyyətin, mütərəqqi fikirli xalqların erməniləri etdikləri vəhşiliklərə görə bir toplum olaraq lənətləməsinə, xalqımızın Qarabağ müharibəsində itirilmiş haqqına, bütün itirdiklərinə düzgün, ədalətlə baxılmasına, haqq-ədalətin öz yerini tutmasına ehtiyac var. Bütün bunlar münaqişənin həllində önəmli rol oynayan məqamlardır. Erməni lobbisinin özünəməxsus məsələlərdə irili-xırdalı məqamlarla bağlı geniş və əhatəli fəaliyyət göstərdiyi bir zamanda, dünya ölkələrinin marağını məcburi şəkildə özünə döndərdiyi bir vaxtda, xarici dövlətlərin Azərbaycana özəl marağını da ciddiyyətlə nəzərə almalıyıq. Hazırda ilk müstəqillik tariximizin ABŞ-da qeyd edildiyi zamanda, onların diqqətini mərhələ-mərhələ digər tarixi məqamlara, soyqırım tariximizə, bir sözlə, şanlı və qanlı tariximizə yönləndirməliyik.
Məsələylə bağlı Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu söyləyir ki, Azərbaycanın qan yaddasıyla bağlı bütün məqamlar dünya ictimaiyyətinə çatdırılmalıdır. Hüquq müdafiəçisinin fikrincə, bütün dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı dəfələrlə soyqırım törətdiyini bilməlidir: “Dünya ictimaiyyəti bilməlidir ki, ermənilər azərbaycanlıları necə qırıb, məhv edib, soyqırım törədiblər. Onlar Bakıda, Naxçıvanda, Gəncədə millətimizə, xalqımıza qarşı hansı soyqırımların törədildiyindən agah olmalıdırlar. Biz bütün şərəf dolu və qan yaddaşlı tariximizi dünyaya çatdırmalıyıq”.
Tarix elmləri doktoru, professor, millət vəkili Musa Quliyev: “”Azərbaycan Günü”nün elan edilməsi müstəsna əhəmiyyət daşıyır. Hər şeydən əvvəl, belə bir qərarın qəbul edilməsi Azərbaycan xalqına, onun dövlətçilik ənənələrinə və müasir müstəqilliyinə dərin hörmət və ehtiramın göstəricisidir. Bu çərçivədə çoxlu işlər görmək mümkündür. Birincisi, məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına gətirən yol asan olmayıb. Çoxlu çətinliklər olub. Həmin toplantılar çərçivəsində o çətinliklərin izah edilməsi, ona dair məruzələrin oxunması, stendlərin, fotosərgilərin açılması fayda verər. Cümhuriyyətə qədər baş verən çoxlu proseslər olub, onlardan biri də 1918-ci ilin martın 31-də törədilən soyqırımdır. Və yaxud da 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasına gətirən yola nəzər salınanda, Azərbaycanın uğurlarını söyləmək olar. Müstəqillik dövründə Azərbaycanın inkişafına dair qısametrajlı filmlər etmək olar. Onların içərisində Xocalı soyqırımı da verilə bilər, Ermənistanın Azərbaycana qarşı təcavüzü də fraqmentlər kimi verilə bilər. Bu, çox normal bir şeydir. Digər tərəfdən, konsertlər təşkil oluna bilər, musiqi nömrələrində Xocalı soyqırımı qurbanları anıla bilər. Bütün bunlar müasir Qərb təbliğat texnologiyalarında var. Hesab edirəm ki, “Azərbaycan Günü”nün elan edilməsi böyük əhəmiyyət daşıyır”.
Nigar Vaqifqızı