ATƏT-in müşahidə missiyası bizə nə verir?
Zərdüşt Əlizadə: "Onların fəaliyyəti faydalıdır, çünki bir-birinə ziddi fikirlər
səsləndiriləndə tərəfsiz mövqe tutan müşahidə missiyasına müraciət
edirlər, missiyanın rəhbəri müşahidəçilərinin hesabatı əsasında
kimin haqlı olduğunu söyləyir"
Mütəmadi olaraq Azərbaycanın informasiya məkanında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirməsi barədə standart məlumat yayılır.
Lakin heç kim bu xəbərin mahiyyətinə varmır, heç əhəmiyyət də verən yoxdur. Amma normalda cəmiyyət bu missiyanın addımlarını izləməkdə maraqlı olmalıdır. Çünki ölkənin bir nömrəli problemi Qarabağ münaqişəsi və ona bitişik ətraf rayonların işğal altında olmasıdır. Onlar isə təmas xəttini mütəmaid monitorinq edir və nəticələri ATƏT-ə və hər iki tərəfə təqdim edirlər.
Bununla yanaşı, monitorinq keçirən bu qrupun fəaliyyətinin maliyyələşdirilməsi hər iki tərəfin, o cümlədən də dolayısı ilə Azərbaycanın üzərinə düşür. Bu səbəbdən də cəmiyyətin haqqı var ki, missiyanın həyata keçirdiyi işlərin nəticəsi haqqında məlumat ala bilsin.
Lakin biz, yalnız bu cür qısa və standart məlumatlarla kifayətlənməli oluruq. Apardığımız kiçik sorğu zamanı bəlli oldu ki, sadə vətəndaşlar da, bu missiyanın fəaliyyəti barədə heç bir məlumata malik deyillər. Çünki cəmiyyət, yalnız aşağıdakı məhdud məlumatı ala bilir.
- ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 27-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster aparıblar. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.
Missiyanın mandatına uyğun olaraq onların monitorinq qrafiki hər iki tərəfə əvvəlcədən rəsmən bildirilir. Bu ola bilsin ki, missiyanın təhlükəsizliyi ilə bağlı olan məsələdir. Amma missiyanın müşahidə tarixi əvvəlcədən bəlli olduğundan, sözsüz ki, hər iki tərəf özünü daha yaxşı aparmağa, qaydalara əməl etməyə və günü insidentsiz başa vurmağa çalışır.
Əksər hallarda bu, elə belə də olur. Bu sürücülərin yalnız yolun müşahidə kameraları quraşdırılmış hissəsində sürət həddini aşmamağa çalışmalarına bənzəyir. Elə isə cəmi bir gün cəbhəyə əmin-amanlıq gətirən müşahidə missiyası bizim nəyimizə gərəkdir?
Lakin mütəxəssislər tamam başqa fikirdədirlər. Məsələn, Zərdüşt Əlizadə bizimlə söhbətində bildirdi ki, onların vəzifəsi ATƏT-in Bişkek protokoluna əsasən, tərtib edilən qrafik üzrə cəbhə xəttində monitorinq apararaq, tərəflərin atəşkəs rejiminə necə əməl etmələri barədə məlumat verməkdir.
O, vuğuladı ki, Bişkek protokolunun qüv-vədə və tərəflərin atəşkəs rejiminə əməl etmək fikri, cəhdləri olduğu müddətdə bu missiya fəaliyyət göstərəcək: "Missiya müxtəlif ölkələrdən rotasya qaydasında seçilir. Onlar qrafik üzrə, gah Ermənistan tərəfdən, gah da Azərbaycan tərəfdən təmas xəttinə gələrək müşahidə aparırlar, pozuntuları qeydə alırlar. Hətta, müşahidə missiyası cəbhə xəttində tərəfləri dinləyir, onların qarşı tərəfdən olan şikayətini qeydə alır və imkan daxilində məsələni araşdırır, əldə edilən məlumatlar ATƏT-ə təqdim edir, onlar da həmin nəticəni tərəflərə göndərirlər ki, özləri üçün nəticə çıxarsınlar. Hər bir pozuntu ölkə rəhbərlərinin görüşləri zamanı müx-təlif səviyyədə müzakirə oluna bilər. Pozuntular barədə məlumatın əldə edilməsinə gəldikdə, onlar həm tərəfləri dinləyir, həm də cəbhə xəttindəki dəyişiklikləri dərhal hiss edirlər, çünki onlar böyük təcrübəyə malik mütəxəssislərdir. Müşahidə missiyası əsasən cəbhə xəttindəki qüvvələrin sayına, nisbətinə və ehtiyat qüvvələrin hansı məsafədə yerləşdirilməsinə diqqət yetirirlər. Artıq ATƏT-in müşahidə missiyası 25 ildir fəaliyyətdədir, böyük təcrübəyə malikdirlər. Onlar gələndə əvvəlki müşahidələrin nəticələri əllərində olur və müqayisə imkanına malik olurlar. Məsələn, aprel döyüşlərindən sonra missiya böygəyə gəldi və müəyyən etdilər ki, döyüşə əlavə qüvvələr cəlb edilməyib, yalnız cəbhə xəttindəki qüv-vələrdən istifadə edilib. Bu isə münaqişənin nizamlanması prosesində Azərbaycan tərəfi üçün çox vacib məqamlardan biridir, müşahidə missiyası olmasa bunu təsdiqləmək mümkün olmaz. Belə insidentlərin təsdiqlənməsi faktları çox olub. Onların fəaliyyəti faydalıdır, çünki bir-birinə ziddi fikirlər səsləndiriləndə tərəfsiz mövqe tutan müşahidə missiyasına müraciət edirlər, missiyanın rəhbəri müşahidəçilərinin hesabatı əsasında kimin haqlı olduğunu söyləyir".
Keçmiş döyüşçülərlə söhbətimiz zamanı onlar da təsdiqlədilər ki, ATƏT-in müşahidə missiyası olmasa, biz ermənilərə heç nəyi sübut edə bilmərik, onlar bəzən bizsiz belə qayda pozuntularının izini aşkarlayır və tədiqiqat nəticəsində təsdiqləyirlər.
Akif Nəsirli