Dünya dəyişməyib, dəyişən məmurdu…



 

Məmləkətdə həddini aşanlar yaman çoxalıb

Kimdən soruşuram hamı deyir ki, dünya yaman dəyişib. Amma mən dünyada heç bir dəyişiklik görmürəm, yüz il bundan əvvəl də gün 24 saatdan ibarət idi, indidə 24 saatdan ibarətdir. Axı, dünyanın nəyi dəyişib? İl beş-onbeş əsr bundan əvvəl də 365 gün 6 saat idi, elə indi də həmin qədərdi. Ha fikirləşirəm, dünyanın dəyişməsi barədə deyilənləri görmürəm. Lakin kimi dindirirsən, dünyanın yaman dəyişməsindən gileylənir. O gün qonşumuz Oqtay kişidən soruşuram ki, qonşu, nə var, nə yox, o da deyir ki, qonşu, dünya yaman dəyişib, insan kimi normal yaşamaq olmur...

... Bazarda köhnə dostlarla qarşılaşıb, hal-əhval tutdum. Salam -kəlamdan sonra hər kəs gileyləndi ki, müəllim, xəbərin olmamış olmaz, görürsən də dünya hardan hara gəldi, əvvəlki illər hara, indiki hara. Əvvəllər, yəni sovet dövründə hökumətin əleyhinə bir kəlmə tənqid deyəndə, hamı tez o adama xəbərdarlıq edib, xısın-xısın deyirdilər ki, ə, ağzına gələni danışma, indi KQB gəlib səni aparıb itirəcək, heç yerin-yurdun da məlum olmayacaq, sakit dur! Amma indi hər yerindən qalxan gədə hökuməti söyür, tənqid edir, hətta təhqir etməkdən belə, çəkinmir. Axı, belə şey olmaz, qonşu!.. Demokratiyanı anarxiya kimi qiymətləndirib, heç kim heç kimi təhqir etməyə cürət etməməlidir, axı...

Dostların söhbətindən hiss etdim ki, bunların sinələri doludur, amma mənim yanımda ehtiyatla danışırlar, içəridə onları boğan etirazlarının heç də hamısını açıb ortaya tökmürlər. Ona görə də söhbətin şirin getməsini və dünyanın dəyişməsi söhbətinin arxasında nələr dayandığını açmaq üçün hökuməti tənqid etməyə başladım. Sanki dostlarım söhbətimin bu səmtə yönəlməsini gözləyirmişlər kimi, yumdular gözlərini, açdılar ağızlarını, de ki, deyəsən!

...Qonşu İltifat kişi bir anlığa özünü Milli Şuranın mitinqində hiss edirmiş kimi, başladı, nə başladı. Ölkənin yiyyəsi yoxdur, təqaüdümüz bir həftəni görmür, pul olmadığına görə, vacib dərmanların çoxunu ala bilmirik, çörəyin, ətin, yağın, bir sözlə, hər şeyin qiyməti durmadan artır və xalqın pis vəziyyətə düşməsinin qarşısını almaq üçün dövlət heç bir ölçü götürmür və belə getsə, heç nə, hamımız qısa zaman ərzində məhv olacağıq!..

... Qonşu Nurəddin İltifat kişi sözünü qutarmamış ayağını bir qədər qarşı tədrəfə qoyub, mənimlə hökumətlə danışırmış kimi, qarşımda dayanıb dedi ki, bəri bax, müəllim, 40 ildir qonşuyuq, de görüm, heç bir dəfə də olsun mənim səsimi ucaltdığımı eşitmisən ki, hardasa kiminsə ünvanına bir kəlmə sərt danışım?! Amma indi daha sakit durmaq mümkün deyil. Hökumətdə çalışanlar ölkəni elə pis günə salıblar ki, bundan sonra onu düzəltməyin mümkün olacağını düşünmək çox çətindir, hər şey bir yana dursun, normal qidalanmaq, qarnıdolusu çörək yeməyə həsrət qalmışıq. Özüm 180, arvadım 170 manat təqaüd alırıq. Qapımızda da təsərrüfat deyilən şeydən heç nə yoxdur. Çünki hər ikimiz qocalıb əldən düşmüşük. Özümüzü güc-bəla ilə hərləyirik. Beş övlad böyütmüşük. Onlar elə pis vəziyyətdə yaşayırlar ki, heç özlərini dolandıra bilmirlər, biz onlardan nə umaq, heç bir yerdən kömək yoxdur, aldığımız təqaüd də yalnız ayın yarısının çörək pulunu zorla ödəyir, belə olan vəziyyətdə bəs, biz nə edək, ay müəllim, qadan alım?!..

Qonşuların söhbətindən anladım ki, həqiqətən xalqın vəziyyəti acınacaqlıdır və ölkə Prezidentinə məmurlar xalqın durumu barədə doğru-dürüst məlumat vermirlər. Əgər əhalisinin əksəriyyəti əkinçiliklə, heyvandarlıqla məşğul olan rayonda ətin qiyməti 14 manat, yağın qiyməti 16 manat, çörəyin çəkisi 300 qram, qiyməti 40 qəpikdirsə, burada yaşayan və yalnız 180 manat təqaüdün ümidinə qalan insanların durumunun nə qədər ağır və dözülməz olduğunu təsəvvür etmək çətin deyil! Bununla bağlı apardığımız araşdırmalar da təsdiq edir ki, ölkə əhalisinin 20 faizi, yəni imkanlı adamlar yağ içində böyrək kimi bəsləndiyi halda, yerdə qlan 80 faiz insan son dərəcə ağır durmda yaşayır! Yaranmış vəziyyət hökumətə fövqəladə tədbirlər görməyin vacib olduğunu diqtə etsə də, təəssüf ki, Prizdent istisna, iqtisadi və sosial sahəyə cavabdeh hökumətimiz bu əhval-ruhiyyədən çox uzaqdır!..

Müşahidələrimə rəğmən deyə bilərəm ki, cənab Prezident və xanımı Azərbaycanda xalqın güzəranını nə qədər firavan görmək istəyirlərsə, onların rəhbərliyi altında çalışan məmurların əksəriyyəti xalqın firavanlığına yönəlmiş dövlət tədbirlərdən özləri daha çox faydalanmağa çalşırlar. Diqqətlə baxın və düşünün, ölkədə elə bir sahə varmı ki, həmin sahəyə rəhbər təyin olunmuş məmur tutduğu qulluq mövqeyindən sui-istifadə etməsin?! Yoxdur beləsi!..

Ona görə də xalq çox doğru deyir ki, dünya yaman dəyişib, dünyanı heç tanımaq olmur. Əslində isə, dünya dəyişməyib, dövlət tərəfindən insanları firavan etmək üçün görəvləndirilmiş insanlar dəyişib, cənab Prezident dediyi kimi, bəziləri qudurublar, azğınlaşıblar, harınlaşıblar, hədlərini çoxdan aşıblar və yaramaz hərəkətlərdən əl çəkib doğru yola qayıtmaq barədə düşünən yoxdur və normal düşünən məmur tapmaq qeyri-mümkündür!

Bu ölkədə hər şey sanki bir ovuc Allahsız və İmansız bəzi oğrular üçün ehsandır, Xalq, Millət, sadə insanlar isə zülmlə acından ölməlidilər! Naziri, deputatı, icra başçısı, prokuroru, rəisi, bir sözlə, məmurlarının sırasında çoxlu zalım və yolsuz olan ölkənin abad olmasına tarixdə kim rast gəlibsə, çəkinməsin, ortaya qoysun və xalq da bilsin ki, onlara rəhbərlik edənlərin bəzilərinin əcdadları da bu işlə məşğul olublar və indi cənnətdə kef edirlər?!...

Bəli, dünya dəyişməyib, elə həmin, əvvəlki dünyadır! Yalnız bəzi imkanlı, vəzifəli insanların tərbiyəsi, əxlaqı pisə dəyişib, insanlığı itib vəhşiliyə doğru dəyişib, harama məhəbbəti çoxalıb, doğma xalqına, millətinə rəğbət, səmimi münasibət isə itgin düşüb, dəyişib!...

 Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı