Vicdan insan
vücudunda
təcəlli edən
Allahın özüdür



 

Vicdanın nə olduğunu anlaya  bilməyənlərə...

 Vicdan azadlığı. Bu ifadə müxtəlif mənalarda, müxtəlif cür səslənir. Məsələn, bu, konstitusiyada dini azadlıqlar üçün nəzərdə tutulan termindir. Ümumilikdə isə vicdan kəliməsi yetəri qədər geniş mənalarda anlaşılır.

Bu metaforik dəyər daşıyan anlamın harada, necə işlənməsindən asılı olmayaraq, öz təyinatı var, bu təyinat daha çox ədalət anlayışı ilə bağlıdır. Ədalət isə biz insanlar üçün olduqca nisbi bir qavrayışdır. Bizim ədalətimiz, bizim vicdanımız dəyərində ölçülə bilər. Vicdanımiz isə Allahımızla bizim aramızda olan mizan tərəzi ilə bağlıdır ki, bunu da, yalnız Yaradan bilir. Elə bu səbəbdəndir ki, müqəddəs "Qurani-Şərif"də buyurulur: "Qəlbləri bilən yalnız Allahdır. Allah bizə şah damarımızdan daha yaxındır". Demək, Allah elə bizim qəlbimizdədir, ruhumuzdadır, vicdanımızın özüdür.

İnsan kamilləşdikcə, dünyanın çirkablarından arındıqca içindəki Allahı kəşf etdi və Mənsur Həllac "ənəlhəqq!"- dedi. Allahını öz ruhunda tapdığı üçün cahillər tərəfindən cəzalandırılan Mənsur Həllac Hələb meydanında dörd yerə şaqqalanaraq, hər tikəsi şəhərin girəcəyindəki bir qapidan asıldı.

Ona görə ki, bu görüntü bu ruha bağlı olan insanlara görk olsun. İnsanlar bir daha Allahı qəlblərində axtarmasınlar, vicdanları ilə əlləşməsinlər, qul olmaqdan xilas olmasınlar. Yoxsa, oyanıb Allahı öz qəlblərində tapsalar, çox gizlinləri aşkara çıxararlar və 35 ildir vicdanın, vicdan azadlığının hələ də nə olduğunu bilməyən şeyxülislamlara bu qiymətli kəlimənin mənasını anladaraq şərh edərlər.

Mənsur Həllacın cismi getsə də, ruhu ölmədi. Allah əbədidir, ruhu mütləq kamilliyə çatmaq istəyən bir canda gec-tez təcəllə edər, Nəimi və Nəsimidə olduğu kimi. Onlar Haqq mənəm, Haqq məndədir dedilər. Allahı öz qəlblərində, ləkəsiz təmiz vicdanlarında axtarıb tapdılar. Böyüdülər, kamilləşdilər, İlahiləşdilər, azad vicdana qovuşdular...

Üstündən altı əsrdən çox vaxt keçməsinə baxmayaraq, hələ də aramızda ruhunda, içində Allahı axtaran insanlar çoxdur. Amma Allahın varlığını inkar edənlər də az deyil. (Əstəğfürullah)

Burada Azərbaycanın çox məşhur şəxsiyyətlərinın adını sadalamaq olar. Özlərini bir zamanlar ateist adlandıran insanlar, bəzən Allaha bir çox din adamlarından daha yaxın oldular, məsələn, Mirzə Fətəli Axundzadə kimi.

Belə nəql edirlər ki, Mirzə Fətəli Axundzadənin ömür-gün yoldaşı Tubu xanım günlərin birində xalını günə vermək üçün eyvandan asır. Mirzə Fətəli də həmin vaxt eyvanda dayanıb küçəni seyr edirmiş. Birdən gözü küçədən keçən bir dilənçiyə sataşır. O, Tubu xanım eşitməsin deyə, əlinin işarəsi ilə dilənçini eyvanın aşağısına çağırır və xalçanı eyvandan aşağı salır.

Xalça yerə düşür. Mirzə yenidən əlinin işarəsiylə dilənçiyə xalçanı götürüb qaçmasını anladır. Deməli, Mirzə Fətəlinin dilənçinin durumunu düşünərək vicdanı sızlayır və ona rəhmi gəlir. Bu hissin adı Allah rəhmi ilə dolub daşan vicdandır. Həmin məqamda Mirzə Fətəli dilənçinin aclığına, səfalətinə az da olsa, yardım etməyə çalışmışdı. Allahın mizan tərəzisində, rəbbi qarşısında rahatlıq tapmaq üçün, vicdanına hesab vermək üçün.

Bəli, Mirzə Fələti Axundzadə ateist idi, dindən imtina etmişdi. Lakin məşhur antropoloq Teylorun fikirlərinə istinad etsək, hər bir ateist təhtəlşüurda dinçidir. Yəni biz özümüzü Allahsız adlandırsaq da, şah damarımızdan bizə yaxın olan rəbbimizdən, daha dəqiq desək, vicadanımızdan heç yerə qaça bilmərik. Bəlkə də, bu səbəbdəndir ki, ateistlər Allahın adına deyil, vicdana and içməyə üstünlük verirlər. Vicdana and içmək Sovet dövründə dəb halını almışdı. Çox insan "vicdan haqqı" ifadəsindən istifadə edərdi.

Bu həmin vican idi ki, gecələr onları yatmağa qoymazdı. Həmin şəxslərin etdiyi pis əməllərin hesabını çözməyə, zikr etməyə vadar edərdi. Ancaq insanlar bəzən dərk edə bilmirlər ki, vicdan insan vücudunda təcəlli edən Allahın özüdür. Allahın varlığından isə imtina etmək mümkün deyil. Allah yoxdur, ifadəsi mən Allaham demək qədər metaforik bir anlamdır. Çünki hər bir halda insanda Allah özünü vicdan kimi inkas edir ki, bu da şah damarımızdan bizə daha yaxındır.

Bax, əsl vicdan budur. Azad vicdan isə qüsursuz, ləkəsiz, hər cür əyrilikdən, murdarlıqdan, küfrdən uzaq olan rahat vicdandır. Vicdan dinimizdən, təriqətimizdən asılı olmayaraq, içimizdə daşıdığımız Allahın özüdür! Hər bir kəsə həyatda Azad Vicdan işığında yaşamaq və yaratmaq arzusu ilə...