Bakıda “Xəzər-2017” beynəlxalq kompleks təlimi keçirilir

 



 

Bakının Qaradağ rayonunda, Gəmiqayırma Zavodunun ərazisində Xəzəryanı ölkələrin iştirakı ilə "Xəzər-2017” beynəlxalq kompleks təlimi keçirilir.

APA-nın xəbərinə görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilən təlimdə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın müvafiq qurumlarının canlı qüvvə və texnikası iştirak edir.

Bundan əlavə, Azərbaycanın güc strukturları və digər qurumları - Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizlik, Dövlət Sərhəd xidmətləri, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Dəniz Administrasiyası, ANAMA, SOCAR və BP şirkətinin şəxsi heyəti, xüsusi texnika və avadanlığı da təlimə cəlb olunub.

"Azərbaycan FHN və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda təşkil olunan təlimi fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnikElçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, İranın daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar, Rusiya mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin müavini Vladlen Aksenov, Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində Fövqəladə Hallar üzrə Komitənin sədr müavini Marat Kuldikov, Türkmənistan Müdafiə Nazirliyinin Xilasetmə İşinin Təşkili Baş İdarəsinin rəisi Pənah İlyasov, xarici dövlətlərin Azərbaycandakı diplomatik nümayəndələri, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri və təlimdə iştirak edən müvafiq qurumların rəhbər heyəti izləyib.

 İlk olaraq təlimdə iştirak edən qurumların texnika və avadanlıqlarına baxış keçirilib.

 Daha sonra təlim qərargahında müşavirə keçirilib.

 Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, Bakıda ilk dəfə olaraq Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın iştirakı ilə “Xəzər 2017” beynəlxalq təlimi keçirilir: “Fövqəladə hadisələrə cavab verilməsi üzrə Xəzəryanı ölkələrin xilasetmə xidmətlərinin birgə iştirakı ilə keçirilən təlim mühüm hadisədir. Bu gün beş ölkə arasında əməkdaşlığın yeni formatı yaranır. Əsrlər boyu qonşu olan xalqlarımızı ortaq coğrafiya və tarix birləşdirir. Azərbaycanı Rusiya, İran, Qazaxıstan və Türkmənistanla sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son vaxtlar yaşadığımız regionda təbii və texnogen risklər artmaqdadır. Zəlzələ, daşqınlar, vulkan püskürmələri və bu kimi təbii fəlakətlərin birbaşa insan fəaliyyətindən qaynaqlanmadığını bilirik. İqlim dəyişikliyi artıq müxtəlif ölkələrdə ciddi nəticələrə səbəb olur, vaxt ötdükcə daha təhlükəli hal almağa başlayır. Bizi birləşdirən Xəzər dənizi ümumi sərvətimizdir. Xəzər dənizini sülh, dostluq, əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanaraq ikitərəfli münasibətlərin inkişafına diqqət yetirir. Bu ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim regionda sabitlik, firavanlıq və təhlükəsizliyin rəhnidir. Odur ki, Xəzər dənizinin ekosisteminin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işidir”.

 Təlimin rəhbəri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib ki, təlimə 1100 nəfər şəxsi heyət, 208 ədəd müxtəlif təyinatlı texnika, 2 təyyarə, 5 helikopter, 10 sürətli kater, 8 gəmi, 6 xüsusi təlim görmüş it cəlb edilib.

 Təlim planına uyğun olaraq I mərhələdə fövqəladə hadisələrin baş vermə təhlükəsi yarandıqda və ya baş verdikdə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xilasetmə xidmətlərinin qüvvələrindən beynəlxalq xilasetmə birləşmələrin yaradılması, onların qüvvə və vasitələri arasında informasiya mübadiləsinin və qarşılıqlı fəaliyyətin təşkili və dənizdə yerləşən neftçıxarma platformalarında və neftdaşıyan gəmilərdə baş verən qəzalar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza xilasetmə işlərinin həyata keçirilməsi icra olunacaq.

 II mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları həyata keçiriləcək.

bakida xezer 2017 beynelxalq kompleks telimi kecirilir

bakida xezer 2017 beynelxalq kompleks telimi kecirilir