Beyləqan Rayon Polis şöbəsinin rəisi Rəşid Piriyevdən əhali narazıdır
Rəisin yol polisinin vəzifəsini öz üzərinə götürməsi rayonda ciddi narazılıq yaradıb
Məlum olduğu kimi, bu ilin sentyabr ayında Beyləqan Rayon Polis Şöbəsinin sabiq rəisi Füzulu Şıxəliyev İmişli Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə köçürüldükdən sonra Şirvan Şəhər Polis şöbəsinin rəis müavini vəzifəsində çalışan, əslən Bərdə rayonundan olan, valideynləri Qərbi Azərbaycandan Bərdəyə köçürülmüş Rəşid Piriyev Beyləqan Rayon Polis şöbəsinə rəis təyin olunub.
Rəşid Piriyev Beyləqan RPŞ – yə rəis vəzifəsinə təyinat alarkən rayon icra hakimiyyətinin başçısı vəzifəsində Vaqif İdris oğlu Abdullayev çalışırdı. Yaxından bilgisi olan mənbənin məlumatına görə, Rəşid Piriyev məhz sabiq icra başçısının xeyir-duası ilə rayona onun yerlisi kimi təyinat alıb. Qeyd edək ki, Rəşid Piriyevin valideynləri ilə Vaqif Abdullayevin valideynləri Qərbi Azərbaycanın eyni kəndində yaşayıblar.
Təsadüf elə gətirib ki, cənab Prezident tərəfindən imzalanan sərəncamla Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən qəflətən azad edilən Vaqif Abdullayevin yerinə rayona icra başçısı vəzifəsinə təyin olunmuş Asif Ağayev də Rəşid Piriyevin ( Asif Ağayev Sabirabadın Ulacalı kəndində doğulsa da, onun valideynləri də əslən Qərbi Azərbaycandandır) işinə yarayıb və rayonda başladığı şəxsi minik avtomobillərinin sahiblərindən, traktor, motosiklet, velosiped və əhalinin verdiyi xəbərə görə, hətta at arabalarından da “qazanc əldə etmə əməliyyatının” sürətini azaltmayıb, əksinə, bir neçə qat artırıb.
Beyləqanlılar redaksiyamıza zəng edib bizdən xahiş edirlər ki, Beyləqan Rayon Polis şöbəsinin rəisi Rəşid Piriyevin bir tikə çörək qazanmaqla məşğul olan kasıb rayon əhalisinə ciddi problem yaratdığını cənab Prezidentimizə və hörmətli Daxili İşlər Naziri general cənab Ramil Usubova çatdıraq.
Biz də redaksiya olaraq rayon əhalisinin şikayətini dərc edərək, borcumuzu yerinə yetirdik.
Görək, bu müraciətdən sonra Rəşid Piriyevə “əhalini incitmə!”- deyən olacaqmı?!
Maqsud Əli
"Demokratik musavat.com"