"Prezident İlham Əliyevin qlobal çağırışlara zamanında çevik reaksiya verib və həmin çağırışları Azərbaycanın inkişafı baxımdan fürsətə çevirməsi istiqamətindəki uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın güclü dövləti olmaqla yanaşı, ən nüfuzlu ölkələrindən birinə çevrilib. Yürüdülən düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan logistik qovşağa və Bakı isə dünyanı narahat edən məsələlərin müzakirə edildiyi bir dialoq mərkəzinə çevrilib. Azərbaycan dünyada nüfuzlu ölkələr sırasında yer alıb. Ona görə də dünya ölkələri beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsinə razılıq verirlər. Bilirlər ki, Azərbaycan belə mötəbər tədbirləri ən yüksək səviyyədə təşkil edib keçirmək qabliyyətinə malikdir. Qlobal iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı COP29 tədbirinin keçirilməsinə Azərbaycanın ev sahibliyi etməsinə dünya ölkələrinin yekdil səsverməsi də bunun bariz nümunəsidir. Dünya ölkələri əmin idilər ki, Azərbaycan qlobal əhəmiyyət daşıyan COP29 kimi beynəlxalq tədbiri ən yüksək səviyydə təşkil edib, onu uğurla keçirəcək. Bu belə də oldu. Noyabrın 11-dən etibarən Bakıda öz işinə başlayan COP29 çox uğurla və ən yüksək səviyyədə davam etməkdədir. Azərbaycanın sədrliyi ilə keçirilən COP29 qarşısına qoyduğu hədəflərə nail olacaq və mən buna əminəm".
Bunu SeherXeber.org -a açıqlamasında deputat Göydəniz Qəhrəmanov deyib.
O əlavə edib ki, Azərbaycanın COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da artmasına və regiondakı liderlik mövqeyinin möhkəmlənməsi ilə nəticələnəcək. "COP29 təkcə bu regionda iqlimlə bağlı ən böyük hadisə deyil, bu, bütün dünyada, xüsusən Azərbaycan tarixində ən böyük hadisədir. Bu, Azərbaycanın gələcəyi baxımdan yeni imkanlar açır. Bu gün Azərbaycan azad edilmiş ərazilərin bərpası, həm də ölkənin iqtisadi gələcəyi ilə yanaşı, dünyanın iqlim dəyişikliyi məqsədlərinə çatmasına kömək etmək üçün beynəlxalq danışıqlara rəhbərlik edərək belə bir qlobal problemin həllinə öz təhfəsini verməyə hazırlaşır. COP29-un sədri kimi Azərbaycanın əsas hədəfi qlobal iqlim dəyişikliyinə qarşı effektiv mübarizə aparılmasını təşkil etmək üçün yaşıl iqtisadiyyata, yaşıl enerjiyə keçidlə yanaşı, maliyyə mənbələrinin tapılmasıdır. Çünki uzun illərdir dünyanın inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrinə iqlim dəyişikliyinə uyğunlaşmalarına kömək etmək üçün ildə 100 milyard dollar ayırmağa söz versələr də, nəticə yoxdur. Paris İqlim Sazişini imzalayaraq problemin həlli istiqamətində üzərlərinə öhdəlik götürən ölkələr müxtəlif bəhanələrlə bu öhdəliklərdən imtina etməkdədirlər. Nəticədə qlobal iqlim böhranı hər ötən il getdikcə daha da dərinləşir. Zamanında bu sahəyə vəsaitin ayrılmaması səbəbindən indi problemin həllinə ildə trilyon dollardan artıq vəsait tələb olunur. Əgər problemin həllinə lazım olan maliyyə mənbəyi tapılmazsa və inkişaf etmiş ölkələr bu məsələyə töhfə verməsələr dünyamızı ciddi fəlakətlər gözləyir.
Amma təəssüflər olsun ki, biz bunun tam əksini müşahidə etməkdəyik. Belə ki, Qərb ölkələri qlobal iqlim böhranına töhfə vermək əvəzinə bundan bir təzyiq aləti kimi istifadə edirlər. Biz bunun Azərbaycanın COP29-a ev sahibliyi barədə verilən qərardan sonra aydın şəkildə görməkdəyik. Başda Fransa, Niderland və bəzi Avropa ölkələri, o cümlədən erməni lobbisi COP29-u boykot etmək taktikasını seçib Azərbaycana qarşı çirkin qarayaxma kampaniyasını başlatdılar. Amma hər zaman olduğu kimi Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində onların bu çirkin niyyətləri puç oldu. COP29 ən yüksək səviyyədə baş tutdu və davam etməkdədir".
Deputat əminliklə bildirib ki, Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv oyunçu rolunda çıxış etməklə bu problemin həllinə öz töhfəsini verəcək: "Azərbaycan artıq İkinci Qarabağ müharibəsində sonra bölgədə yeni reallıq yaradıb, buna uyğun gələcək inkişaf strategiyasının əsas prioriteti kimi yaşıl iqtisadiyyata və yaşıl enerjiyə keçidi müəyyənləşdirib. Artıq bu istiqamətdə real addımlar atılmaqdadır. Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan yaşıl enerji bölgəsi elan edilib.
Azərbaycan 2030-cu ilədək təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin növbəti mərhələdə bunun həcmi artırılacaq. Çünki Azərbaycan 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumlar imzalayıb.
Azərbaycanın bu sahədə potensialı böyük olduğundan əldə edilən yaşıl enerjini ixrac etməyi də planlaşdırır və bu istiqamətdə də ilkin addımlar atılıb, işlər davam etməkdədir. Ölkəmiz həm də Şərqlə Qərb arasında yaşıl dəhliz rolunu oynamaq istəyir. Azərbaycanın qlobal iqlim böhranın həllində əsas məqsədlərindən biri də Qlobal Şimalla Qlobal Cənub arasında bir əlaqələndirici rolunu oynamaqdır. Bu məqsədlə də ölkəmiz “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri ilə əlaqələnən nəhəng vahid “yaşıl enerji platforması”nın mühüm həlqəsi olan “Mərkəzi Asiya-Azərbaycan yaşıl Enerji Dəhlizi”ni həyata keçirilməsi layihəsi üzərində işləyir. Bu layihənin reallaşması üçün Azərbaycan COP29 çərçivəsində Qazaxıstan və Özbəkistanla üçtərəfli bir anlaşma sənədi də imzaladı. Gələcəkdə bu prosesə digər Mərkəzi Asiya ölkələri də qoşula biləcək.
Əgər Ermənistan vaxt itirmədən Azərbaycanla sülh sazişini imzalarsa, alternativ bərpa olunan enerjinin imkanlarından öz iqtisadiyyatlarının inkişafı üçün faydalana bilərlər. Azərbaycanın hədəfi Orta Dəhlizi həm də yaşıl dəhlizə çevriməklə bu məsələdə də qovşaq rolunu oynamaq istəyir. Bu isə Azərbaycanın iqtisadi cəhətdən daha da inkişaf edib sosial rifah ölkəsinə və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilməsinə imkan yaradacaq".
Mürtəza
SeherXeber.org