Qotur xəstəliyinə yoluxmalar artıb - MÜSAHİBƏ



 

Bu gün azyaşlı uşaqlar və gənclər arasında dəri xəstəliklərinin yayılması sürətlənib. Əsasən, uşaqlar arasında qaşınma, dərinin parazit xəstəlikləri, göbələk, qotur və s. problemlərlə həkimlərə müraciətlər artıb. Bəs bu xəstəliklərin geniş yayılmasına səbəb nədir? Hansı faktorlar bu xəstəliklərin artmasına səbəb olur?

Oxu.Az-ın bütün suallarını Tibb Universitetinin dəri-zöhrəvi kafedrasının müdiri, professor Zülfüqar Fərəcov cavablandırıb:

- Bu gün dəri-zöhrəvi xəstəliklərinə yoluxmaların sayında artım müşahidə edilirmi?

- Bəli, təəssüf ki, bu istiqamətdə xüsusilə də gənc və yeniyetmələr arasında artım müşahidə edilir. Lakin bunu bütün xəstəliklərə aid etmək olmaz. Bir sıra xəstəliklər var ki, onlar natəmizlikdən qaynaqlanır və sürətlə yayılır.

- Qeyd etdiyiniz xəstəliklər hansılardır?

- Bu gün bizə müraciət edən xəstələr arasında ən çox göbələk xəstəlikləri müşahidə edilir. Daha sonra dərinin müxtəlif infeksion xəstəlikləridir. Bundan başqa, dəri-zöhrəvi xəstəliklərindən psoriaz - pullu dəmirov, ekzema, neyro-dermit, allergik-dermatitlər, atepik-dermatit (əsasən, uşaqlarda daha çox yayılıb), irsi dermatozlar, kollagenozlar, dermatit-salyari, göbələk xəstəlikləri, rəngbərəng dəmirov xəstəliklərinin adını çəkə bilərik. Soyuq havalarla əlaqədar damar xəstəlikləri olan insanlarda dəri üzərində kiçik qabarcıqlar müşahidə edilir ki, bir qədər sonra özü keçib gedir. Davamlı olduqda isə bir kurs müalicə təyin edilərək, onun yenidən mövsümi xarakter almasının qarşısı alınır.

- Bölgələrdə və paytaxtda hansı növ dəri-zöhrəvi xəstəliklər daha çox yayılıb?

- Demək olar ki, bütün bölgələrdən müraciətlər olur. Xəstəlikdən asılı olaraq, ən çox irsi dəri xəstəliklərindən şikayət edən pasiyentlər cənub bölgəsindən olur. Bundan başqa, Şəmkir, Gəncə, Tovuz zonalarında da dəri xəstəliklərinə yoluxma çoxluq təşkil edir.

- Dəri və zöhrəvi xəstəlikləri insana hansı yollarla keçir?

- Bilirsiniz, zöhrəvi xəstəliklərdən söhbət gedirsə, burada əsas yoluxma amili cinsi əlaqədir. Dəri xəstəliklərində isə konkret fikir demək çətindir. Çünki iki mindən çox xəstəlik növü var, bunların çoxunun etiopotegenizmi məlum deyil. Bəzilərində isə məlumdur və ona uyğun müalicə aparılır.

Bizdə dəri xəstəlikləri arasında ən çox irsi yolla ötürülənlər geniş yayılıb. Aortaimmun xəstəliklərə çox təsadüf edirik. Dəri xəstəliklərinin inkişafında ekoloji faktorlar da mühüm rol oynayır. Ekoloji faktorlar səbəbindən dərinin bədxassəli xəstəlikləri, dəri xərçəngi, dəri törəmələri yarana bilər. Endokrinoloji dəyişikliklər də dəri xəstəliklərinə səbəb olur.

Peşə ilə əlaqədar olaraq yaranan dəri xəstəlikləri var. Ekzema, dərinin iltihabı kimi xəstəliklər var. Bunlar mövsümi olmasa da, deyim ki, daha çox uzun müddət günəş şüalarının təsiri altında qalanda meydana gəlir. Həmçinin qış fəslinə şamil edə biləcəyimiz övrə xəstəliyinə də tez-tez rast gəlirik. Bu, küləyin, soyuğun təsirindən yaranır. Meteoroloji faktorlardan dodaqların forması dəyişə bilər, bu da dəri xəstəliklərindən biri hesab edilir.

- Dediniz, ən çox qotur və göbələk xəstəliklərinə yoluxmalarda artım var. Bunun səbəbləri barədə danışardınız.

- Bu gün bu xəstəliklərin böyük əksəriyyəti tərləmənin fonunda yaranır. Gənclər isə, təəssüf olsun ki, gigiyenik normalara laqeyd yanaşırlar. Bəzən görürsünüz bir evin içərisində qohumlar və ya uşaqlar bir-birinlərinin geyimlərindən istifadə edirlər. Xüsusilə də başqalarının iç geyimlərini geyinmək ciddi risk faktorudur. Müntəzəm olaraq təmizlik qaydalarına riayət olunmur, bu da yalançı göbələk dediyimiz xəstəliklərin yaranmasına zəmin yaradır.

Eritrazma - səthi bakterial dəri infeksiya xəstəliyidir. Özünü zəif toxuma maserasiya ilə büruzə verir. Bu, daha çox böyüklərdə müşahidə edilir. Eynilə xroniki göbələk infeksiyasına bənzəyir. Qotur xəstəliyi ilə müraciət edən xəstələrə tez-tez rast gəlirik. 10 xəstədən beşində bu müşahidə edilir.

- Stafilodermiya bu xəstəliklərin sırasına aid edilə bilərmi?

- Bəli, xüsusilə bu mövsümdə, payız aylarında rast gəlinən xəstəliklərdəndir. Rəngbərəng dəmirov xəstəliyi də bu mövsümdə oyanan xəstəliklərdən hesab olunur. Dərinin üzərində ağımtıl, çəhrayı rəngli ləkələrlə müşahidə edilir. Göbələk xəstəlikləri ilə birlikdə, bu xəstəliklər də xüsusilə ümumi hovuzlardan istifadə zamanı, idman zallarında təmizliyə nəzarət edilməyəndə yaranır.

- Dediyiniz infeksion xəstəliklərin yayılmasına səbəb nədir?

- İnfeksion xəstəliklərin yayılmasının bir başqa səbəbi də yetkinlik sızanaqlarıdır. Bəzən yeniyetmələr, gənclər “gənclik sızanaqları” dediyimiz problemlərlə bağlı müraciət edirlər. Bu həddən artıq tez-tez rast gəlinir. Gün ərzində qəbul etdiyim 10 xəstədən dördü bu problemlə müraciət edir. Bəzilərində yaş ilə əlaqədar olur, bəzilərində mədə-bağırsaq probleminin bir sıra xəstəlikləri zamanı yarana bilir.

Problemi daha da ciddiləşdirən isə gənclərin bu sızanaqları sıxması, dəri tamlığını pozmasıdır. Belə olan halda dəri tamlığı pozulur, havada olan infeksiyalar, toz dəri məsamələrinə dolur və həmin yerlərdə iltihablaşma gedir. Bu isə həm üzdə ləkələrin yaranmasına, həm də xəstəliyin daha ciddi formaya keçməsinə səbəb olur. Xüsusilə qızlar bunu kompleks edir, sıxıb dəri tamlığını pozurlar. Bunu etmək olmaz.

- Bu sadaladığınız xəstəlikləri yaş qruplarına bölək. Hansı yaş qrupunda hansı xəstəliklərə daha çox rast gəlinir?

- Sızanaqlar, infeksion xəstəliklər, adətən, 17-21 yaş arası şəxslərdə daha çox rast gəlinir. Eritrazma, göbələk xəstəliklərinin müxtəlif növləri isə 21-27 yaş arasında müşahidə edilir. Repreduktiv dövrlərdə həm qadınlarda, həm də kişilərdə rəngbərəng dəmirov adlandırdığımız dəri xəstəliklərinə rast gəlinə bilir. Əsasən, kişilərdə qadınlara nisbətən daha çox qeydə alınır.

- İrsi keçən xəstəliklərdə artım varmı?

- Demək olar ki, irsi xəstəliklərdə - ixtioz, pullu dəmirov və s. o qədər də tez-tez müşahidə edilmir. Bir neçə gün ərzində cəmi iki nəfərə - 6 və 17 yaşlı xəstəyə bu diaqnozu qoymuşam.

- Bu xəstəliklərin ilkin simptomları bir-birinə çox bənzəyir. Bəzən xəstəliyin dəqiq diaqnozu qoyulmadıqda da ağırlaşmalar olur.

- Bəli, dəri xəstəliklərinin böyük əksəriyyəti qaşınma, qızartı ilə müşahidə edilir. Buna görə bəzən xəstəliyin dəqiq diaqnozunun qoyulması zamanı səhvlər olur. İki mindən çox dəri xəstəliyi var. Əgər biz bu qaşınma simptomunu aradan qaldıra bilsək, demək olar ki, dəri xəstəliklərinin 70 faizini aradan qaldırarıq. Ona görə də peşəkar həkimlərə müraciət edilməlidir.

Dəri xəstəliklərində həkim təyinatı olmadan mazlardan, kremlərdən, losyonlardan istifadə etmək qadağandır. Bu, digər  xəstəliklərdə  olduğu  kimi, dəri xəstəliyinin də pisləşməsinə, xroniki  hala keçməsinə, dəridə atrofiya, teleangiektaziya kimi geridönməz proseslərə, ağır fəsadlara  gətirib çıxara bilər.

- Müalicə prosesi nə qədər çəkir?

- Xəstəliklərdən və insan orqanizmdən asılı olaraq, buna dəqiq vaxt demək çətindir. Orqanizm var, xəstəliyin gec mərhələsində müraciət edir, lakin orqanizm müalicəyə daha tez və müsbət cavab verdiyi üçün bu problem qısa müddətdə aradan qaldırılır. Bəzən də tam əksinə, immunitet sistemi o qədər aşağı olur ki, bədənin müqaviməti olmur.

Erkən mərhələdə müraciət olunsa da, orqanizm müalicəyə gec cavab verir. Amma ümumilkdə göbələk xəstəliklərinin müalicəsində yeddi günlük dozalar təyin edilir, bir müddət fasilə verilir və yenidən başlanılır. Məsələn, qotur xəstəliklərinin müalicəsi isə 1-2 ay davam edə bilir.

- Elə xəstəliklər varmı ki, onlar müalicə olunmur?

- Xəstəliklər arasında həyati təhlükəli dəri xəstəliklərindən pemfiqus, dəri xərçəngi, toksikodermiyalar, kəskin övrə və s. misal göstərmək olar. Sağalmayan dəri xəstəlikləri isə ekzema, vitiligo, atopik dermotit və psoriaz bu qəbildən olan xətəliklərdir.

- Əvvəllər müşahidə edilməyən hansı dəri-zöhrəvi xəstəliyinə artıq ölkəmizdə rast gəlirsiniz?

- Heç vaxt rast gəlinməyən deməzdim, amma bəzi dəri-zöhrəvi xəstəliklərinin rast gəlinmə tezliyi artıb. Sudurja, pepifus, sifilis xəstəliyi son vaxtlar Azərbaycanda artıb. Burada ekoloji və irsi faktorların rolu böyükdür.

- Dəri xəstəliklərinə yoluxmamaq üçün nələrə əməl etmək lazımdır?

- Dəri xəstəliklərinin profilaktikasında dərinin təmizliyi və düzgün qulluq böyük  rol oynayır. Tez-tez əllər, dəri yuyulmalıdır. Heç olmasa, həftədə 1-2 dəfə çimmək mütləqdir. İnsanlar yayda daha tez-tez buna riayət etsələr də, soyuq havalar onları bir qədər qorxudur, bir qədər də tənbəlləşdirir. Eyni zamanda, təmiz hava, idman bədəni bərkidir və immuniteti gücləndirir.

Könül Cəfərli