Azərbaycan media təmsilçilərinin
Ankara səfəri davam edir



 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı media təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfər proqramı davam edir.

Nümayəndə heyətinin üzvləri Türkiyə Radio və Televiziya Üst Qurumunda (RTÜK) olublar. RTÜK başqanı İlhan Yerlikaya rəhbərlik etdiyi qurum barədə məlumat verib. Həmçinin, RTÜK-ün Azərbaycanda uyğun qurumlarla əlaqələrindən bəhs edərək, münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Fondun icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli media təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Türkiyə-Azərbaycan media qurumları arasında münasibətlərin inkişaf etdirilməsi üçün təkliflərini səsləndirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin informasiya və mətbuat orqanları ilə iş sektorunun müdiri Cəmaləddin Quliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.

Nümayəndə heyəti Türkiyə Siyasi, İqtisadi, Sosial Araşdırmalar Fondunun (SETA) təşkil etdiyi "Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı" mövzusunda müzakirələrə də qatılıblar və münasibətlərin inkişafında medianın oynadığı rol barədə fikirlərini bölüşüblər.

Nümayəndə heyətinin növbəti görüşü Türk İşbirligi və Koordinasiya Agentliyində (TİKA) baş tutub. TİKA başqanı Sərdar Çam və başqan yardımçısı Birol Çetin nümayəndə heyəti ilə görüşdə TİKA-nın dünyada gerçəkləşdirdiyi layihələr barədə məlumat veriblər. Fondun icraçı direktoru Vüqar Səfərli Fondun TİKA ilə əməkdaşlığı və gələcək perspektivləri barədə fikirlərini bölüşüb. TİKA rəhbərləri əməkdaşlığın inkişafı üçün nümayəndə heyəti tərəfindən səsləndirilən təklifləri dəyərləndiriblər.

Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin informasiya və mətbuat orqanları ilə iş sektorunun müdiri Cəmaləddin Quliyev, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "Kaspiy" qəzetinin baş redaktoru İlqar Hüseynov, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal, "Mövqe" qəzetinin baş redaktoru Rasim Bayramov, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, Fondun aparıcı məsləhətçisi Babək Məmmədzadə, Fondun informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev daxildir.

Səfər proqramı dekabrın 1-dək davam edəcək.