Qiyməti artıranda bizdən
soruşmayacaqlar...
20 qəpiklik xidmət üçün 2 manat?
Paytaxt liftlərində qalmaq üçün ciddi səbəb lazım deyil. Eləcə, liftə daxil olub düyməni sıxmaq lazımdır ki, bu "dəmir at" səni alıb-aparmasın.
Mahiyyətcə, liftin düyməsinə bir dəfə barmaq toxundurmaq yetərli olardı - qaydalara uyğun işləsəydi. Amma nə yazıq, bayırda olanda bizim liftlərin düyməsini döyəcləmək, döymək, yumruqlamaq lazımdır ki, çağrışımıza gəlsin.
Əsəb sarsıntısı, stress kecirməyincə, ciddi xəstəlik təhlükəsiylə üzbəüz qalmayınca, o gəlməz. Bu gözləntidə, uzun intizardaykən, lirik bir mahnı zümzümə etmək üçün istənilən qədər vaxt da var: "Bahar gəldi, getdi, sən gəlməz oldun...".
Hər liftin də öz xasiyyəti, ədəb-ərkanı, davranışı, qulluğu var. Yuxarı mərtəbəyə qalxmaq, misal üçün, 6-cı mərtəbədə dayanmaq üçün 8 düyməsini vurmadınsa, nə mənası. Aşağı düşmək üçün 1 ilə 2 düyməsini eyni vaxtda sıxmadınsa, nə ləzzəti...
Eh, nə isə. Qosqoca paytaxtımızın liftlərlə bağlı macəraları "n" qədər...
Macərapərəst deyilsənsə, liftə daxil olma. Zor-xoş, daxil oldunsa, məsələ məlum. Hamının başına gələn işdir, gərək utanmayaq. Utanmayaq ki, tələsə-tələsə məktəbə uşaq aparırsansa, lifti bir az əlli-ayaqlı hesab edib onun köməyinə bel bağlayırsan, onu lap kəhər at bilib, minirsən. Və dərsə gecikmək nədir, heç məktəbin adını da tutmursan. Saatlardır liftdəsən axı.
Deyirlər, liftdə olanda adam qorxudan ölür, havasızlıqdan boğulur, şaxtaya kəlləmayallaq gedib tikəparça olmaq panikasına düşür və s. Heç də elə deyil, çünki liftlərin hərəsinin bir cür işləmə prinsipi var.
Dəfələrlə liftdə qalmaq təcrübəmdən bilirəm ki, o, şaxtaya düşəcək, yoxsa bizi gün işığına çıxaracaq.
Məsələn, bizim liftin artıq alışdığımız bir adəti var. Amansız gurultusundan, səsindən bilirik ki, o hansı mərtəbədə dayanacaq. Yəni bizim lift bu mənada, çox mərhəmətli, hətta deyərdim tərbiyəlidir də. Adamı şaxtaya-filanadək aparıb yormur, xarab olanda ustufca mərtəbələrin hansındasa dayanır. Əvvəlcə köksünü ötürür, bu, ilk siqnaldır, sonra tank kimi xırıldayaraq gedir, bu, ikinci xəbərdarlıq, üçüncünü hesablamadan bilirik ki, lift dayanacaq. At ölüncə otlamaz ki.
Liftdəqalma olayı ilə bağlı bir necə dəfə məktəbdə müəlliməyə üzrxahlıq edəndən sonra, hazırda gecikmələrlə bağlı daha tutarlı səbəb axtarışındayam. Çünki belə davam etsə, müəllimə xarab liftlə bağlı Təhsil Nazirliyinə şikayət edəsidir. Dəqiq bilirəm. Bizdə milli qurumların koordinasiyalı fəaliyyəti yoxdur axı.
Cəmi bina əhli dəfələrlə lift idarəsinə müraciət etsə də, problem həll olunmayıb. Hər dəfə də idarədən gəlib liftpulu tələb edəndə, sakinlər utana-utana deyir ki, "məsələ pul verməməkdə deyil ey, a qızım, bə bu lifti nə vaxt təmir edəcəksiniz?"
Lift idarəsinin əməkdaşı da hər dəfə "ay əmi, ay dayı, səbr eləyin, bu yaxınlarda təzə lift quraşdıracaqlar" deyə-deyə, xarab liftə, tək girməməyi, ondan istifadə etmək məcburiyyətində olanlara, xəstələrə üstündə dərman gəzdirməyi məsləhət görür.
Xidməti bizdən iraq, bir dəfə başqa bir ölkədə liftdə olarkən içəri tərəfdə vurulan bir elan gördük. Elan bizim liftçilərə ona görə ibrətamizdir ki, orada liftdən istifadə edənlərdən üzrxahlıq istənilirdi. Yəni lift xarab olsa (Olsa!), liftdə qalsanız (Qalsalar!), təcili orda yazılan telefon nömrəsinə zəng edin. Üstünüzdə telefon olmasa, aşağıdakı düyməni sıxıb gözləyin. Anında yanınızda olacağıq.
Belə etibarnamədən sonra kim liftə minməz ki.
Türklər demiş, qayıdaq kəndimizə. Liftpulunu gecikdirdiyi üçün pensiyaçı qonşumuzun "gözünü çıxardan" idarə əməkdaşını o gün bina sakinləri az qalırdı liftə mindirələr, alınmadı. Əməkdaş piləkanları qoşa-qoşa düşüb aradan çıxdı.
Liftdə qalmaq! Çoxmərtəbəli binada yaşayanların "pis yuxu"su, qorxulu kabusu!
Sonra da deyirlər, biz dözümlü xalqıq. Dözümlü olsaydıq, addımbaşı liftdə qalanda səsimizi çıxartmayıb, gecəni orda qarşılayıb, səhəri də dirigözlü açardıq. Xülasə. Dözümlü demişkən, deyəsən, lift əməkdaşları da artıq dözümsüzlük sindromuna yoluxublar. Amma xarab liftlərin illərdir çözülməyən problemindən deyil, özlərinin ifadəsiylə desək, vətəndaşdan liftpulu yığmaq üçün qapı-qapı gəzməkdən bezib-tükəniblər. Ona görə də "Lifttəmir" İstehsal Birliyinin rəhbərliyi belə bir təklif səsləndirib ki, liftə görə xidmət qiyməti artırılsın. İdarədən qiymət artımına gətirilən əsas da maraqlıdır. Yəni sözügedən idarə dövlət vəsaiti hesabına işləyir, ödəniş az olduğu üçün işçilərin əməkhaqqını qaldıra bilmirlər, çünki dövlətdən maliyyələşirlər və s. və ilaxır.
Bu gedişlə liftdən istifadəyə görə qiymətləri artırmaq da mümkün ola bilər. Baxmayaraq ki, yuxarıdakı açıqlamadan dərhal sonra "Lifttəmir" idarəsindən tariflərin dəyişməyəcəyi bildirildi. Hər şey ola bilər, bu dünyadan hər dürlü möcüzə gözləmək olar. Tağı Əhmədovun metronun qiymətini qaldırmaq üçün addımbaşı dedikləri axır ki, həyata keçmədimi? Liftin nəyi metrodan əskikdir, ikisi də xidmət növü, özü də sürətli xidmət növü deyilmi?
Qiyməti artıranda bizdən soruşmayacaqlar, əslində. Amma gərəkdir vətəndaşa 20 qəpiklik xidmət göstərəsən ki, adambaşına 1 manat iddiasında da bulunasan.