Bikini-Fitnesin qalibi: Cənub zonasında stereotipləri qırdım - MÜSAHİBƏ



 

Noyabrın 4-də Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə Bikini-Fitnes üzrə III Azərbaycan Kuboku keçirildi. Bu yarışın qalibi Lalə Cəfərova oldu.

seherxeber.org bu münasibətlə işlədiyi “Pride Gym” zalında Cəfərovadan müsahibə götürüb.

– Özünüz haqda məlumat verərdiniz...

– 22 yaşım var. Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsiyəm. İdmanla məşğul olmağıma gəlincə, “Memar Əcəmi” metrostansiyasının yanında yaşadığım vaxt qaldığım binanın altında zal vardı. O zala arıqlamaq üçün getmişdim. Bu, beş il bundan qabaq olub.

Axşam saat 10-da işdən çıxıb ora gedirdim. Sonra isə bununla peşəkar şəkildə məşğul olmağa başladım. Məşqçim dedi ki, sənin genetikan yaxşıdır, gəl, səni hazırlaşdırım, Türkiyədə yarışa çıx. Elə o vaxtdan həvəs yarandı.

– O vaxt nə işləyirdiniz ki?

– Satıcı işləyirdim. Daha sonra merçendayzer olaraq işləmişəm.

– Əvvəlki iki Azərbaycan Kubokunda iştirak etmişdiniz?

– Xeyr. İlk dəfə çıxış edirdim. Bu, ilk yarışım idi.

– Məşqçiniz sizə Türkiyədə yarışmağı söz vermişdi. Nə əcəb o vaxtdan yarışmamısınız?

– Çünki qızlar arasında Bikini-Fitnes yarışı cəmi üçüncü dəfədir keçirilir. Üstəlik, cənub zonasından – Masallıdanam. Zır talışam (gülür). Mentalitetə görə yarışa bilmirdim.

– Bəs necə oldu ki, ailənizin razılığını alıb bu yarışda iştirak edə bildiniz?

– Əslində, atamın, qohumların bundan xəbəri yox idi. Xəbəri olan bircə anam idi. O da düşünürdü ki, bəlkə, sonuncu günə kimi fikrimdən daşındım. Amma daşınmadım.

– Siz evə kubok və qızıl medalla qayıtdınız. Atanız bunu bilmədi?

– Anam buna sevindi. Atam isə Rusiyada olduğundan, bundan hələ də xəbəri yoxdur. Hələ onunla danışmamışam.

– O kubok və medalı evdə gizlədirsiniz, ya yox?

– Yox, niyə gizlədim ki?! Özümlə fəxr edirəm. Demək olar ki, əksər cənub qızları 15-16 yaşlarında ərə gedirlər, eyni şeyləri edirlər. Amma mən stereotipləri qırdım. Cənub zonasında bunu edən ilk qızam. Mənim etdiyimi hələ orada edən olmayıb.

– Sevgiliniz Zaur Hafizov (Bodibildinqin Mens Fizik növü üzrə bu il keçirilən Azərbaycan çempionatının qalibi – S.M.) da peşəkar idmançıdır və bodibildinq millimizin üzvlərindəndir. Bu, sizin üçün üstünlükdür?

– Baxmayaraq ki, özü idmançıdır, o da bu yarışda iştirak etməyimə qarşı idi. O məni hazırlaşdırır, kömək edirdi. Zaur olmasaydı, çempion ola bilməzdim. Ancaq onun özü də son günə kimi ümid edirdi ki, bəlkə, fikrimdən daşındım. Amma mən demişdim ki, burada çıxış etmək xəyalımdır, buna hörmətlə yanaşmalıdır. O da arzuma görə bunun reallaşmağını istəyirdi, digər tərəfdən, mentalitetə görə buna qarşı idi. Hər dəfə mənə deyirdi ki, bəlkə, fikrini dəyişəsən...

– Qızların bəziləri sevgililərinin idmançı oğlan olmasını arzulayır. Zaura rast gəlməzdən əvvəl sizdə də belə arzu vardı? 

– Əslində, yox. İdmançılardan heç xoşum gəlmir (gülür).

– Niyə? Görkəmlərinə görə?

– Əslində, onun görkəmindən çox, insanlığı daha önəmlidir. Zaur yeganə idmançıdır ki, xasiyyət baxımından xoşuma gəlir. İdmançılardan xoşum gəlməməyin səbəbi budur ki, çox darıxdırıcı olurlar. Rejim, qidalanma kimi eyni şeyləri yaşayırlar.

– Bəs kobudluq baxımından necə olurlar?

– Kobud və eqoist olurlar. Özlərini daha çox sevirlər. Qızlara ikinci planda baxırlar.

– Zaurla tanışlığınız necə baş verdi?

– Keçən ilin martın 10-da SOCAR-da fitnes üzrə baş məşqçi işləyəndə Bağırov körpüsünün yanında qatar reysini keçəndə qatar məni vurmuşdu. Ondan sonra məşqə həvəsim qalmamışdı. Zaur da mənə “Instagram”da “direct”ə yazırdı. O vaxt ona o qədər fikir vermirdim, yola verirdim (gülür). Amma “Instagram”da paylaşımlarına baxırdım, çox savadlı məşqçiyə oxşayırdı.

Bir dəfə ona yazdım ki, sənin işlədiyin zalda məşq keçmək istəyirəm. Zala gəldikdən sonra ona simpatiyam yarandı. Xasiyyətini bildikdən sonra belə oldu. Gördüm ki, o, digər idmançılara bənzəmir. Düzdür, bir ara küsüb başqa zalda məşq etdiyim hal da olub. Amma sonra barışmışıq (gülür).

– Bəs necə oldu ki, bu yarışda iştirak etməyi qətiləşdirdiniz?

– İş yoldaşım Təyyar Vəliyev məni həvəsləndirdi. Ondan sonra bu yarışa hazırlaşmağa başladım. Yarışa hazırlaşmağımda Cəmil Bünyatəliyevin (Bodibildinq və Fitnes Federasiyasının vitse-prezidenti – S.M.) də rolu olub. Amma ən çox Zaur məni məşq etdirib. Əziyyətin çox hissəsi Zaura düşür. Yemək-içməyimə, yatmağıma o nəzarət edirdi.

– Siz Azərbaycanda ən güclü oldunuz. Azərbaycanı mayda Avropa çempionatında təmsil edəcəksiniz?

– İlk çempionatda Salatın Əsədova qalib gəlmişdi. Lakin onun forması Avropa standartlarına uyğun gəlmədiyi üçün milli ilə aparılmadı. İkinci yarışın qalibi Alvina Nurəliyeva və mənə ölkəmizi Avropada təmsil etmək təklif olunub. Amma mən bir daha belə yarışda iştirak etmək istəməzdim. Mentalitetə görə yox, sadəcə olaraq, çox əziyyətli idman növüdür, həm də sağlamlığa çox zərərlidir.

– Heç yarış müddətində səhhətinizdə problem oldu?

– Əlbəttə. Saçlarımda, dərimdə, dişimdə, dırnaqlarımda çox böyük problemlər oldu. Həmçinin mədəmdə. Görməmiş kimi yarışdan sonra çox yemək yedim (gülür).

– Bir sözlə, sizi bir daha o podiumda görməyəcəyik...

– Yox. Həyatdır, bilmək olmaz. Amma Avropa çempionatına getməyəcəyim dəqiqdir. Bir il ərzində iki dəfə belə yarışda iştirak etməyim mənim üçün çətin olar. Həm fiziki, həm də mənəvi cəhətdən buna tab gətirə bilmərəm.

– Sizin rəqiblərinizdən biri bizim keçmiş həmkarımız Kəmalə İsmayılova idi. Ümumiyyətlə, yarışdan əvvəl rəqiblərinizi incələmişdinizmi?

– Yarışdan əvvəl “Instagram”da bir-birimizə söz atırdıq. Kəmalə ilə yarışa qədər düşmən kimi idik. Mən xoşlamıram özündən razı insanları. Amma yarış zamanı mehribanlıq yaratdıq. Çünki başa düşdük ki, bunların hamısı boş şeylərdir.

– Yarışdan əvvəl qalib olacağınıza inamınız böyük idi?

– Qalib olacağımı bilirdim. Çünki qızları incələmişdim. Ən incə bel, ən enli kürək məndə idi. Mənim proporsiyalarımda çox uyğunluq vardı, bədənin simmetriyası, quruluq qaydasında idi və relyefli ayaqlara malik idim. Ən çox buna önəm verirlər.

– Bodibildinqlə məşğul olan qızlara necə yanaşırsınız?

– Məncə, xanım xanım kimi görünməlidir. Açığı, mən özüm də heç öz formamı bəyənmirdim. Amma yarışda qalib olmaq üçün belə olmalı idim.

– Fitneslə məşğul olan qızlara nə məsləhət görərdiniz?

– Məşğul olsunlar, lakin mənim kimi peşəkar yox, həvəskar şəkildə. Çünki çəkdiyin əziyyətə dəymir.


Səbuhi MUSAYEV
Foto: Ramil ZEYNALOV