Pakistanda qətliam: 42 ölü, 30 yaralı
Pakistanın Hayber Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan avtomobillərə silahlı hücum nəticəsində həyatını itirənlərin sayı 42-yə yüksəlib.
SeherXeber.org xəbər verir ki, bu barədə Pakistanın Hayber Paxtunxva əyalətinin nazirlərindən olan Aftab Alam məlumat verib.
Alam qeyd edib ki, hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalar davam edir.
Yerli polis rəsmisi Əzmət Əli bildirib ki, hücumda hədəf alınan avtomobillər şiə müsəlmanları Paraçinar şəhərindən əyalətin mərkəzi Pişəvərə daşıyan təxminən 200 maşından ibarət karvanın bir hissəsidir.
Əzmət Əlinin sözlərinə görə, hadisədə yaralanan 30 sərnişindən 10-nun vəziyyəti ağırdır.
Pakistanın daxili işlər naziri Muhsin Naqvi hadisəni “terror hücumu” kimi qiymətləndirib. Pakistanın baş naziri Şahbaz Şərif də hücumu pisləyib və hadisəyə görə məsuliyyət daşıyanların cəzasız qalmayacağını söyləyib.
Pakistanın Hayber Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan sərnişin mikroavtobuslarına silahlı hücum nəticəsində 42 nəfər ölüb, 30 nəfər yaralanıb.