Aprel döyüşlərində yaralanan gizir: "Aidiyyatı nazirliklər müalicəmə köməklik göstərmirlər"



 

Aprel döyüşləri zamanı xəsarət alaraq ayaqları tutulan silahlı qüvvələrimizin giziri, ikinci qrup əlil Elşən Əzimov müalicə edilmədiyini iddia edir.

Seherxeber.org bildirir ki,unikal.org-a müraciət edən Aprel döyüşçüsü Azərbaycanda ona diqnoz qoyulmadığını bildirərək, xarici ölkələrindən birində müalicə almaq üçün kömək istəyir:

"Mən Əzimov Elşən Balaxan oğlu 1980-ci ildə Cəlilabad rayonunda dünyaya gəlmişəm. Füzuli rayonunda N saylı hərbi hissədə Maxe olmuşam. Aprel döyüşləri zamanı şəhidimizi döyüş ərazisindən çıxaranda kəllə-beyin travması almışam. 2017-ci ilin iyul ayına qədər Hərbi Hospitalda müalicə olundum. İyul ayından etibarən isə ordu sıralarından təxris edildim. İkinci qrup əliləm. Mənə qulluq edilməsi üçün müşahidəçiyə zərurətin olması ilə bağlı rəsmi sənəd veriblər. Buna baxmayaraq müşahidəçi ilə təmin olunmamışam. Həmçinin səhhətim məni ciddi narahat edir. Sağlamlığıma qovuşmaq istəyirəm. Müalicəm Azərbaycanda olduğu üçün yalnız xarici ölkələrdən birinə getməliyəm. Ona da çox vəsait tələb olunur. Dəfələrlə Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Adlarını çəkdiyim nazirliklər mənə heç bir köməklik göstərmirlər. Respublika Xəstəxanasına yerləşdirdilər. Orada da isə mənə bildirirlər ki, sən bizim xəstəmiz deyilsən. Səni burada müalicə edə bilmirik. Sinir mənşəli xəstəliyim olduğu üçün həkimlər məni müalicə edə bilmirlər. Xəstəliyimlə bağlı arayış tələb etdikdə isə həkimlər cavab verir ki, sənə arayış verməyə Səhiyyə Nazirliyi icazə vermir. Həmin xəstəxanada da xəstəliyimi təyin edə bilmirlər. 16 il 9 ay hərbi xidmətdə olmuşam, baş gizirəm. Xahiş edirəm ki, mənə kömək etsinlər. Ailəliyəm, 4 övladım var. Bu vaxta qədər maşınımı, evimi sataraq müalicəmə 18-22 min manata yaxın pul sərf etmişəm. İl yarımdan çoxdur ki, aldığım pensiyanı da müalicəmə xərcləyirəm. Övladlarıma və ailəmə atam baxır. Dövlət mənə yalnız xəstəxanada otaq verib. Mənzillə də təmin olunmamışam. Cəlilabad Rayon İcra Hakimiyyətinə yaşayış yeri üçün müraciət etmişəm.Buna baxmayaraq mənə icra hakimiyyəti də kirayə yaşamaq üçün mənzil pulu vermir".