Gənc ailə: "Ətin kiloqramı 10-11 manatdır, neçə vaxtdır onu da ala bilmirəm"
Onlar əşyasız bir otağa sığışan 5 nəfərlik ailədir. 30 yaşlı Anar Manafov Lerikdə iş olmadığından Bakıya gəlməli olub. 7-8 ildir fəhləliklə Binə qəsəbəsində kirayə ev tutub, ailəsinin ehtiyaclarını ödəməyə çalışıb.
“İş yoxdur ki, işləyib 400-500 manat qazanasan. Fəhləlik edib 250-300 manat alıram. O dolanmaq deyil ki…. Dolana bilmirəm”.
3 uşaq anası Humay Manafova beyin genişlənməsindən əziyyət çəkir. Tez-tez qıc olmaları olur. Anar Manafov bu səbəbdən də övladlarını anası ilə qoyub işə gedə bilmir.
“Bir həftədir işə getmirəm. 10 manatım var cibimdə. Bunu da gündəlik işlədirəm. Çatmayanda gedib nisyə götürürəm. Ac qalmaq olmur axı, körpə uşaq var. Özüm cəhənnəmə, axı, körpə uşaqlar da var”.
Özü kimi uşaqları da yazıb-oxuya bilmirlər. Onlar heç vaxt məktəbə getməyiblər.
“Biri ikinci sinifdə, biri birinci sinifdə oxumalıdır. O biri də hazırlığa getməlidir. İmkanım yoxdur ki, onları məktəbə aparım. Geyim də ala bilmirəm. Bəlkə də 1-2 ildir ki, geyim almıram. Ətin kiloqramı 10-11 manatdır, neçə vaxtdır onu da ala bilmirəm. Uşaqlarım istəyir, ala bilmirəm, üzünə həsrətəm”.
O, dövlət qurumlarından əlini üzüb. Xeyirxah insanlardan yardım gözləyir.
Rəsmi statistikaya görə Azərbaycanda yoxsulluq həddi 5 faiz civarındadır. 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manatdır. Bu rəqəm gələn ilin büdcə layihəsində 180 manat göstərilib.