Mübariz Mənsimov ambisiyalı bəyanat verdi: "Gəmilərimiz bütün limanlara Türkiyə bayrağı altında girəcək"



 

Son zamanlar böyük borcların altında batan “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov xüsusi bəyanatla çıxış edərək 2019-cu il yanvarın 1-dən etibarən bütün biznesini Türkiyədə cəmləşdirəcəyini bildirib. Virtualaz.org xəbər verir ki, “Palmali” Şirkətlər Qrupu tərəfindən yayılan yazılı bəyanatı Türkiyə KİV-ləri dərc edib.

Bəyanata əsasən “Palmali” qrupu xaricdəki 20-dən artıq əməliyyat mərkəzini Türkiyədə tək çətir altına cəmləyəcək, Türkiyə iqtisadiyyatında yaşanan böhranın aradan qaldırılması üçün hökumətin elan etdiyi səfərbərlik kampaniyasına qoşulub gələn ilin martına qədər 500 nəfərə iş imkanı yaradacaq.

Bu bəyanat “Palmali” şirkətlər qrupunun özünün ciddi böhran içərisində olduğu, xarici limanlarda bir-birinin ardınca gəmilərinin borca görə həbs edildiyi, dənizçilərin aylarla maaş almadıqları və hətta aclıq aksiyasına əl atdıqları bir vaxtda səslənir.

Bəyanata əsasən 12 min nəfərin çalışdığı və kirayə götürülən gəmilərlə birlikdə cəmi 200 gəmilik donanmaya malik olan “Palmali” qrupu yanvarın 1-dən etibarən bütün əməliyyat mərkəzlərini Türkiyədə yerləşdirəcək.

Bəyanatda Mübariz Mənsimovun sözlərinə yer verilir və bildirilir ki, “şirkət olaraq “Palmali” hər gün böyüyür”.

“Böyüyən və inkişaf edən Türkiyədə biz də varıq deyirik. “Palmali Holding”də 100 yeni personalı işə aldıq. Mar ayına qədər daha 400 nəfərə iş verəcəyik. Yeni dönəmlə bağlı planlarımızda donanmamıza qatılacaq bütün yeni gəmilərin ancaq Türkiyə tərsanələrində yığılması nəzərdə tutulur. Nasaz gəmilər ancaq Türkiyə tərsanələrində təmir olunacaq, gəmilərin texniki baxımı da o cümlədən. Bunun ilk addımını 2019-cu ilin martında Türkiyə tərsanələrinə 2 yeni gəmi sifariş verməklə atacağıq. Gəmilərimiz bütün limanlara Türkiyə bayrağı altında girəcək”-Mənsimov bildirir.

M.Mənsimovun bu cür ambisiyalı bəyanatla çıxış etdiyi bir vaxtda Rusiya KİV-ləri “Palmali”nin gəmilərində aclıq aksiyası və dənizçilərin aylardır maaş almaması barədə yazır. Belə gəmilərdən biri Rusiyanın Qara dəniz sahillərindən 13 mil məsafədə olan “Riroil-2” tankeridir. Tankerin Rusiya və Azərbaycan vətəndaşlarından olan 9 heyət üzvünün aclıq aksiyası keçirdikləri və “Palmali” şirkətindən 200 min dollara çatan maaş borclarını ala bilmədikləri haqda yayılan xəbərlərə nəhayət şirkətdən reaksiya veriblər.

“Palmali” şirkətinin vitse-prezidenti Rauf Əliyev TASS-a bildirib ki, heyət üzvləri “vaxtlı-vaxtında ərzaq alıblar” və aclıq aksiyası keçirməyiblər. Maaş problemi isə “texniki səbəblərlə” bağlıdır.

“Şirkət gəmi heyəti ilə əlaqə saxlayır, borcun bağlanması üçün maksimum səy göstərir. Aclıq aksiyası isə yoxdur, belə hal olsaydı baş ofis bilərdi. Heyət necə aclıq edir ki, onlar ərzaq sifariş edir və vaxtlı-vaxtında alır? Hansısa səbəbə görə heyət borc tam ödənilənə qədər orada qalmaq istəyir, o zaman gəlin görüşək və borcu tam ödəyək. Ancaq bu halda biz onlarla işləməkdən azad olacağıq”- bildirib.

R.Əliyevin sözlərinə görə, maaşların gecikməsinin səbəbi odur ki, gəmi sahildən 13 mil uzaqdadır və pulun çatdırılmasında çətinliklər yaranır. Yaxud bəzi dənizçilərin bank kartları yoxdur...