Böyük Azərbaycan müğənnisi
Müslüm Maqomayevin əziz xatirəsinə
Müslüm Maqomayev Arno Babacanyanı necə pərt etdi?
Azərbaycan torpağı dünya mədəniyyət arenasına yüzlərlə istedadlı incəsənət nümayəndələri bəxş edib. Milyonlarla dinləyicinin qəlbini özünün ecazkar səsi, səhnədəki məğrur, şux duruşu, fərdi kişi gözəlliyi, elitar mədəniyyəti və ifa manerası üstünlüyü ilə Müslüm Maqomayev bu coxluğun içində ən öncül sıralara sahib olan şəxsiyyətlərdən biri, bəlkə də birincisidir, desəm haqq etmiş olaram.
Dünyanın bir çox xalqlarının dilində onun ifa etdiyi mahnılar yerli ifaçıları belə müqayisə sıralanmasında ikinci yerlə razılaşmağa məcbur edirdi. Xatırlatmaq yerinə düşər ki, keçən əsrin 70-ci illərində Rusiyada təşkil edilən "Rus xalq folklor musiqi festivalı"nda Müslüm Maqomayev festivalın qalibi elan edilib. Müslüm Maqomayev bütün gəncliyini və yaşlı həyatını xoşbəxt yaşamış insandır. İlk Ğənclik yaşlarından ömrünün şərəfli sonluğuna qədər milyonların sevgisi mühitində yaşamaq insan üçün Yaradanın bəxş etdiyi lütfdür. Bu sevgi mühitinin içində olmaq və heç zaman bundan izafi dəyərlər naminə yararlanmamaq hər insanın gücü daxilində olmur. Ən möhtəşəm tədbirlərin ən sayılan nümayəndələrindən biri olan Müslüm Maqomayev olduqca yumşaq xarakterli, təvazökar insan idi. Rusiyanın ən ali mükafatının prezident Putin tərəfindən ona təqdim olunduğu rəsmi mərasimdə çıxışı zamanı Müslüm Maqomayevin sözlərini xatırlayıram: "Uzun illər yaşadığım Rusiya mənim üçün ATA, qoynunda doğulub boya-başa çatdığım, sevgisini həmişə ürəyimdə yaşatdığım Azərbaycan isə mənim üçün ANA-dır". Bu sözlər böyük Azərbaycan oğlunun qəlbinin dərinliklərindən gələn səmimi etiraf idi. Onun şəxsən bəstələyərək və gərək ki, sözləri də özünə məxsus olan, ifa etdiyi: "Ey əziz anam, Azərbaycan!" mahnı kompozisiyası ana vətənə ən böyük musiqi hədiyyəsidir.Tale bu xoşbəxtliyi bizə nəsib etdi ki, Müslüm Maqomayevlə bir dövrdə yaşamış insanlardan biri olduq. Bu mənada, adi dinləyicilərdən olmaqla, milyonların sevimlisi olan həmyaşıd həmvətənlimiz haqda fikir bildirmək haqqına sahib olmağın qürurunu ürəyimizdə yaşatmaq xoş bir hissdir. Müslüm Maqomayev haqqında oxuduğum və şahidi olduğum bir neçə xatirəmi sizlərlə bölüşmək istəyirəm.
Xatirələrinin birində Müslüm Maqomayev nağıl etmişdi ki, İran şahının şəxsi dəvəti ilə İrana gedərək, şahın sarayında konsert proqramı ilə çıxış edib. Müslümün ifasından hədsiz razı qalan İran şahı konsertin sonunda Müslümü yanına dəvət edərək ona məmnunluğunu ifadə edib. Şahın göstərişi ilə Müslümə böyük miqdarda pul təqdim olunduqda Müslüm bundan imtina edib. "Mən pul qarşılığında oxumadığımı bildirərək, bu təklifi qəbul etmədim. Şah fikrimə hörmətlə yanaşdı və barmağındakı qiymətli üzüyünü çıxararaq mənim barmağıma taxdı. Əlbəttə, bu hədiyyəni qəbul etdim. Bir qədər söhbət etdikdən sonra kollektivin yanına qayıtdım. Bu zaman bütün zalı titrədən uğultu eşitdim və çaşqınlıqla geri döndüm. Sən demə, Şaha arxa çevirib getmək saray qanunlarına görə ən ağır cəzaya layiq görülən təhqir ifadəsi kimi qəbul olunurmuş. Şah mənim çaşqınlığımı görəndə gülümsəyərək, hər şeyin yolunda olduğu işarətini verdi". Bu hadisə böyük Azəbaycan oğluna İran şahının sayğı jesti idi.
Dostlarının xatirələrindən. Böyük rus bəstəkarı Aleksandra Paxmutova belə xatırlayır: "Müslüm Maqomayev Tamara Sinyavskaya ilə ilk sevgi macəralarını yaşayırdı. Onlar bib-birlərini qarşılıqlı məhəbbətlə, ülvicəsinə sevirdilər. Tam bu ərəfədə Tamara İtaliyaya uzunmüddətli yaradıcılıq ezamiyyətinə gedəsi oldu. Tamaranın yoxluğunda Müslüm özünə yer tapa bilmirdi. Onun keçirdiyi həyəcanlar yaxın dostlar kimi bizi çox narahat edirdi. Bir gün Müslümü yanıma dəvət etdim və ona belə bir təklif etdim: Müslüm, bütün halından xəbərdaram, sənin həyəcanın bizləri də narahat edir. Ağlıma belə bir fikir gəlib: Gəl səninlə birlikdə sevginizə ithaf olunan bir musiqi bəstələyək və sən onu sevgilin üçün ifa et.Təklifim Müslüm üçün çox sevindirici oldu və biz birlikdə o mahnını ərsəyə gətirdik. İlk ifadan məşhurlaşan bu mahnı:
Tı maya melodiya ,Ya tvoy predannıy arfey...(Sən mənim melodiyam, Mən sənin sədaqətli arfeyinəm) qeyd: "Arfa" həzin səsə malik qədim musiqi alətidir.
Müslüm ilk olaraq bu mahnını telefonda İtaliyada olan sevgilisi Tamara Sinyavskaya üçün oxudu. Hər gün ünvanına çatdırılan bu melodiya bir-birindən əlçatmaz uzaqlıqda olan gənclər arasında əsl məhəbbət bağı idi".
Şahidi olduğum xatirə. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən dərhal sonra yüzə yaxın məzun oğlanlardan biri olaraq Sovet ordusu sıralarında hərbi həkim kimi xidmət etməyə çağirildım.Ukrayna respublikasının Vinnitsa vilayətində iki il hərbi xidmətdə oldum.1973-cü ildə elan edildi ki,Vinnitsa şəhərində stadionda Müslüm Maqomayevin konserti olacaq. Sevincimin həddi-hüdudu vox idi. Marağımı nəzərə alan hərbi hissənin komandiri xidməti maşınını ayıraraq konsertdə iştirak etməyim üçün mənə şərait yaratdı. İnsanların sevgi coşqusu çox həyəcanverici bir mənzərə yaratmışdı.
Sizə nağıl edəcəyim xatirə isə başqadır. 1974-cü il idi. Moskvadan mərkəzi taleviziya ilə erməni əsilli bəstəkar Arno Babacanyanın yaradıcılıq gecəsinə həsr olunmuş geniş konsert proqramı translyasiya olunurdu. Musiqi aləminin tanınmış simaları tamaşaçı qismində iştirak edirdilər.Tədbirdə Arnonun bəstələdiyi mahnılar ifa olunurdu. Müğənnilər öz ifalarını sərgiləyirdilər. Sonuncu mahnıları ifa etmək üçün səhnəyə böyük Müslüm Maqomayev dəvət olunanda yer yerdən oynadı. Səhnəyə ilk addımında zal Müslüm Maqomayevi ayaqüstə sürəkli alqışlarla qarşıladı. Hər mahnının sonunda mənzərə təkrarlanırdı. Sonuncu ifadan sonra bütün tamaşaçılar ayağa qalxdı və sanki bitib tükənməyəcək alqış sədaları ilə Müslüm Maqomayevə sevgi çılğınlıqlarını yönəltməyə davam etdilər. Müslüm Maqomayev özü də tamaşaçılara qoşularaq əl çalmağa başladı və Arno Babacanyana baxaraq, əlinin jesti ilə onu səhnəyə, yanına dəvət etdi.Tamaşaçılar da onun bu təklifinə dəstək reaksiyası verdilər. Çəkilişin obyektivi Müslümdən Arno Babacanyana yönləndirildi. Yalnız bundan sonra məlum oldu ki, Müslümün gəlişi ilə varlığı unudulan səbəbkar yaranmış situasiyadan əməlli-başlı pərt olub. Xeyli müddət Arno babacanyan ailəsi ilə birlikdə oturduğu lojadan heç bir reaksiya vermədi, nəhayət ki, arvadının dürtmələməsi sonucu könülsüz ayağa duraraq tamaşaçılara yüngül təzim edərək yenidən yerinə oturdu. Müslüm nəzərlərini Arno Babacanyanın üstündə saxlayaraq hələ də onu gözlədiyini nümayiş etdirirdi, təbii ki, alqışlar davam edirdi. Qəribə mənzərə yaranmışdı və sonucun nə olacağı məlum deyildi. Nəhayət ki, yaxınlarının təzyiqi ilə Arno lojadan könülsüz qalxaraq aşağıya endi və tamaşa zalının orta xətti ilə səhnəyə tərəf gəlməyə başladı. Müslüm Maqomayev bütün bu vaxt ərzində, artıq ciddiləşmiş baxışlarını Arnonun üzərindən çəkmədən, onun bütün hərəkətlərini təqib edirdi. Səhnəyə çatmasına 10 metr qalmış Müslüm nəzərlərini Arnonun üzərindən qaldıraraq zala yönəltdi, tamaşaçılara yüngül təzim etdi və Arnonu ayağının dibində buraxaraq özünün möhtəşəm və məğrur addımları ilə səhnəni tərk etdi. Zaldan çıxmağa yönəlmiş çoxsaylı tamaşaçı kütləsinin içində balaca boyu ilə itib batan Arno Babacanyanın əyilə-əyilə tamaşaçıların arasından sivişdiyi mənzərə hələ də gözümün qabağından getməyib. Müslüm Maqomayev Arno Babacanyanın erməni jestinə əsl Azərbaycanlı, Bakılı oğlan kimi cavab vermiş oldu.
Nadir Orucov