Sabah fərqli teatrın ilk tamaşası olacaq



 

Sabah- iyulun 13-də saat 19:00-da "YARAT” Müasir İncəsənət Mərkəzində Poliqon Yaradıcılıq Platformasının "Şağ” eksperimental tamaşası nümayiş olunacaq. "Poliqon" Yaradıcılıq Platforması - Azərbaycan sənət məkanında alternativ yaradıcı ideyaların realizəsini nəzərdə tutan teatr platformasıdır.

“Qafqazinfo”  qaynarinfo.az-a istinadən xəbər verir ki, teatrın rəhbəri Tərlan Rəsulovla həm yeni yaranan platforma, həm də ilk tamaşaları haqqında danışıb. 

- Tərlan bəy, yeni yaratdığınız platforma haqda danışın. 

- "Poliqon" dOM Teatrının, ASMART Creative Hub və Teatr Xadimləri İttifaqının dəstəyi ilə yaradılan yaradıcılıq platformasıdır. Burada teatr məkanında alternativ üslub və tərzləri sınaqdan keçirmək nəzərdə tutulub. Platforma yalnız teatr sənətini yox, teatr, rəqs, müasir musiqi, təsviri sənət və medianın sərhədində qərarlaşan yeni eksperimentlərin həyata keçirilməsi üçün bir məkandır.

Təbii ki, ilkin mərhələdə platforma daha çox teatr ideyalarına fokuslanıb. Azərbaycanda ilk dəfə spontan ifaçılıq texnikasını formalaşdırmaq, yeni yaradıcı üslub və metodları, dövrlə səsləşən təşkilati mexanizmləri sınaqdan keçirmək və milli teatr prosesinə canlılıq gətirmək niyyətindəyik. 

- Yaradıcı heyətiniz kimlərdən ibarətdir? 

- Platformanın aktyor heyəti həvəskarlar, teatrda heç bir fəaliyyət göstərməmiş və müxtəlif peşə sahibləri olan insanlardır. 

- Sabah ilk tamaşanızdır. Tamaşaçıları nə gözləyir?

- "Poliqon" platformasının "Şağ" tamaşası yazıçı Sevinc Çılğının qələmə aldığı üç qısa pyes əsasında hazırlanıb. Premyera 13 iyul tarixində saat 19:00-da "YARAT!" İncəsənət Mərkəzində olacaq. Bu, platformada iki aya yaxın müddət ərzində keçirilən treninqlərin nəticəsini sınamaq cəhdidir. Tamaşa tam formatda interaktivliyə malikdir. Yəni, hər bir tamaşaçıya hadisələrin gedişatına təsir etmək dərəcəsində prosesdə iştirak etmək imkanları yaradılacaq.