AzMİU-da magistr və tələbələrin iştirakı ilə növbəti dəyirmi masa olub



 

İyunun 27-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin konfrans zalında “İnşaat sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasının əhəmiyyəti” mövzusunda  dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondunun icraçı direktoru Orxan Naqdiyev hazırda fond tərəfindən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan “İnşaat sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına xidmət edən maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib

Sonra qeyri-rəsmi məşğulluğun törətdiyi fəsadlar, qeyri-rəsmi məşğulluğun tikinti şirkətinin texniki iqtisadi göstəricilərinə mənfi təsirindən bəhs edilib.  

Dəyirmi masada  gələcəkdə bilavasitə inşaat sektorunda çalışacaq “Memarlıq” və “İnşaat mühəndisliyi” ixtisası üzrə təhsil alan 40 nəfər magistr, bakalavr, 4-cü kurs tələbələri və bir neçə tikinti şirkətinin nümayəndələri  iştirak edib.

İştirakçılara mövzu ilə bağlı sənədlər toplusu və bukletlər təqdim edilib.