AzTV- nin Silahlı Qüvvələrin 100 illiyinə töhfəsi - Video



 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında baş tutan təntənəli hərbi parad bütün möhtəşəmliyi ilə Azərbaycan Dövlət Televiziyasında (AzTV) nümayiş olunub. 100 illik Azərbaycan Ordusunun paradını izləyən tamaşaçılar həmin möhtəşəmliyi və qürur hissini məhz Dövlət Televiziyasının ekranından seyr edərək duyublar. Paradın açılışında Prezident, Ali Baş Komandan İlham Əliyevin nitqindəki hər bir cümləsini iftixar hissi ilə izləmək şansını Azərbaycan Dövlət Televiziyası verib. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubiley paradının çəkilişi tarix olaraq AzTV-nin ekranı vasitəsi ilə hər bir azərbaycanlının beynində həkk olunur.

“Qafqazinfo” xəbər verir ki, məhz bu möhtəşəm paradın bir sıra nüanslarının yer aldığı yeni bir layihə təqdim edilib. Azərbaycanın tanınmış vokal ifaçısı, əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti Ramil Qasımovun təqdim etdiyi “Vətən əsgəri” layihəsinin musiqisi xalq artisti, bəstəkar Faiq Sücəddinova, sözləri əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaniyə məxsusdur. Layihənin ideya müəllifi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri (AzTV) Arif Alışanov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Etibar Babayev, rejissor Elnur Məmmədov, musiqi redaktoru Riad Quliyevdir. Layihə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin təşkilatçılığı ilə baş tutub.

“Vətən əsgəri” marşı AzTv-nin Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri və Cahangir Cahangirov adına Xorun müşayiəti ilə lentə alınıb. Layihənin səs rejissoru Faiq Babayevdir.

Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş layihəylə bağlı Ramil Qasımov fikirlərini bölüşüb: “Azərbaycan Ordusu ilə hər bir azərbaycanlı qürur duyur. Silahlı Qüvvələrimiz Ali baş komandanımızın sayəsində güclü və qüdrətlidir. Bu gün hər birimiz qürur hissi keçiririk ki, biz müstəqil dövlətdə yaşayırıq, xalqımız bu Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızı unutmur, onları elliklə yad edir. Bu qürur hissini isə bizə qüdrətli, müstəqil Azərbaycan və onu qoruyan güclü Ordumuz yaşadır. Qüdrətli Azərbaycan Ordusu müstəqilliyimizin qarantıdır. Yeni lentə aldığımız “Vətən əsgəri” marşı zənnimcə Ordumuzun 100 illiyinə bir töhfədir. Əlbəttə ki, çəkilişdə tarixi paradın kadrlarının yer alması məhz Azərbaycan Dövlət Televiziyasının rəhbərliyi sayəsində olub. Belə bir şərəfli gün münasibəti ilə bağlı layihə hazırlamaq mənə çox böyük qürur və şərəf hissi yaşadır. Fürsətdən istifadə edib layihənin gerçəkləşməsində əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm. Və əlbəttə ki, hər kəsi bu şərəfli gün münasibətiylə təbrik edirəm. Hər zaman güclü və qüdrətli ol, Azərbaycan Ordusu!”.

Onu da bildirək ki, sözügedən “Vətən əsrgəri” layihəsi Azərbaycan Dövlət Televiziyası və “Mədəniyyət” kanalında nümayiş olunur.