“Bu gün respublikada təxminən 200 minədək Qarabağ müharibə veteranı var. Burada rəqəmlərin şişirdilməsi faktı var. Amma buna baxmayaraq veteranlara verilən 80 manat yetərli deyil. Bunlar ən azı ilkin mərhələdə 20-30 manat qaldırılsın 100-110 manata çatdırılsın”.
SeherXeber.org xəbər verir ki, belə bir təkliflə Milli Məclisin regional məsələlər komitənin sədri Siyavuş Novruzov parlament komitələrinin 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Komitə sədri əlavə edib ki, zamanında bu müavinət veteranlara kommunal xərclərinin ödənilməsi üçün verilirdi: “Amma bu gün bütün kommunal xərclər, su, qaz, işıq pulu, ictimai nəqliyyatda gediş haqqı artıb. Təklif edərdim ki, hökumət bu təklifi nəzərə alaraq ilkin olaraq 20-30 manatadək artırsın və veteranlar öz haqqını alsınlar”.
Deputat eyni zamanda Əfqanıstan müharibə veteranlarına da güzəştlərin verilməsini təklif edib. O bildirib ki, Azərbaycandan 8500 Əfaqnıstan müharibə veteranı olub və indi onlardan 3500 nəfəri sağdır: “Onlardan əksəriyyəti sonradan Qarabağ müharibəsində vuruşub və onlardan 17-si Milli Qəhrəman adı alıb. Çernobıl iştirakçılarına güzəşt tətbiq edilsə də, Əfqanıstan veteranlarına güzəştlər tətbiq edilməyib. Onlar müharibəyə gedib, at sürməyə göndərilməyib. Təklif edirəm ki, onlara da güzəştlər tətbiq edilsin”.
Deputat eyni zamanda bölgələrdə olan insanlara, digər peşə sahiblərinə də ipoteka kreditlərinin verilməsini təklif edib.
Mürtəza
SeherXeber.org