Prezident İlham Əliyev "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
SeherXeber.org bildirir ki, bu barədə President.az xəbər verir.
Fərmanla mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları:
- dövlət idarəetməsinin təkmilləşdirilməsi, səmərəliliyinin və şəffaflığının yüksəldilməsi məqsədilə göstərdikləri xidmətlərin və daxili idarəetmə proseslərinin (kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) rəqəmsallaşdırılmasını təmin etməli;
- sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsinə, eləcə də monitorinqlərin (auditlərin) aparılmasına şərait yaratsınlar və onların nəticələri əsasında aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görməli;
- sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrində, fərdi məlumatların dövlət informasiya sistemlərinin isə həmçinin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmasını altı ay müddətində təmin etməlidirlər.
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq, inzibati orqanlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olan, qanunla ərizəyə əlavə edilməli sənədlərin və ya məlumatların siyahısının xidmət göstərdikləri binalarda müvafiq məlumat lövhələrində və rəsmi internet səhifələrində yerləşdirilməsini və mütəmadi yenilənməsini təmin etməlidirlər.
Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılır.
"Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1826 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) isə aşağıdakı dəyişikliklər edilir:
aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilir:
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:
- dövlət informasiya ehtiyatlarını və sistemlərini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin;
- dövlət informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqini və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditini həyata keçirsin;
- dövlət informasiya ehtiyatları və sistemləri istismara verilməzdən əvvəl onların informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy versin;
- sahibi və operatoru ilə birlikdə dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
- Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) və "Hökumət buludu"nun informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlara inteqrasiya edilən və miqrasiya olunan dövlət informasiya ehtiyatlarının və sistemlərinin sahibləri, operatorları, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə zəruri tədbirlər görsün".
Həmin fərmanla təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları" üzrə:
1-ci hissə üzrə:
- 1.2.1-ci yarımbəndə "publik hüquqi şəxslər" sözlərindən sonra "və digər büdcə təşkilatları" sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda 1.2.2-1-ci və 1.2.14-1-ci yarımbəndlər əlavə edilsin:
"1.2.2-1. dövlət informasiya sisteminin altsistemi - vahid interfeys əsasında dövlət informasiya sisteminin bir-biri ilə əlaqəli olan bir sıra funksionallıqlarının həyata keçirilməsini təmin edən, proqram təminatı və texnoloji avadanlıqların məcmusu olan struktur hissə;";
"1.2.14-1. elektron kabinet - dövlət informasiya ehtiyatının və sistemininin istifadəçisini Vahid Giriş Sistemi vasitəsilə identikləşdirməklə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, onun özü barəsində məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirilməsi üçün müraciət etməsini, habelə digər müraciətlərini elektron formada göndərməsini, elektron xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini (ödəniş xidməti təchizatçıları vasitəsilə), həmçinin dövlət informasiya ehtiyatının və sisteminin sahibi, operatoru, iştirakçıları və digər istifadəçiləri ilə qarşılıqlı əlaqəsini, eləcə də dövlət informasiya ehtiyatı və sistemi iştirakçısının Vahid Giriş Sistemi vasitəsilə identikləşdirilməklə dövlət informasiya ehtiyatının və sisteminin sahibi və operatoru ilə qarşılıqlı sənəd (məlumat) mübadiləsini təmin edən fərdi elektron səhifə;";
1.5-ci bənddə "həmin sahəni" sözləri, habelə "kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri" sözləri ilə əvəz edilsin;
2-ci hissə üzrə:
- 2.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.9-2.1.12-ci yarımbəndlər əlavə edilsin:
"2.1.9. istifadə rahatlığı - istifadənin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
2.1.10. funksionallıq və davamlı inkişaf - dövlət informasiya ehtiyatının və sisteminin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə etməklə həmin informasiya ehtiyatının və sisteminin daim təkmilləşdirilməsi;
2.1.11. operativlik - xidmət göstərilməsinin, informasiyanın əldə olunması və mübadiləsinin avtomatlaşdırılmış qaydada və sürətli şəkildə həyata keçirilməsi;
2.1.12. şəffaflıq - dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətində və xidmət göstərilməsində aşkarlığın və hesabatlılığın təmin edilməsi.";
2.5.1-ci yarımbəndə "adı" sözündən sonra "(müvafiq olaraq informasiya ehtiyatı və ya informasiya sistemi olması göstərilməklə)" sözləri əlavə edilsin;
3.3-cü bəndə və 3.5.2-ci (hər iki halda) yarımbəndə "gücləndirilmiş" sözündən əvvəl "təkmil sertifikatlı" sözləri əlavə edilsin;
5.10-cu bəndin ikinci cümləsinə "Reyestrə" sözündən sonra "fərdi məlumatların işlənildiyi və mühafizə edildiyi dövlət informasiya ehtiyatına münasibətdə isə həmçinin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə" sözləri əlavə edilsin;
6-cı hissə üzrə:
- 6.0.4-cü yarımbəndə "əməkdaşlarını" sözündən sonra "təkmil sertifikatlı" sözləri əlavə edilsin;
- 6.0.5-ci yarımbəndə "məlumatları" sözündən sonra "(sənədləri)" sözü əlavə edilsin;
- 6.0.6-cı və 6.0.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
"6.0.6. dövlət informasiya ehtiyatına və sisteminə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsini, habelə daxil edilmiş məlumatların aktuallığını, etibarlılığını, təhrifolunmazlığını, əlçatanlığını, tamlığını və konfidensiallığını təmin etmək üçün tədbirlər görmək;";
"6.0.12. dövlət informasiya ehtiyatının və sisteminin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Əlaqələndirici quruma zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə dövlət informasiya ehtiyatına və sisteminə çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;";
- aşağıdakı məzmunda 6.0.6-1-ci yarımbənd əlavə edilsin:
"6.0.6-1. dövlət informasiya ehtiyatı və sistemi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini, o cümlədən kibertəhlükəsizliyini aidiyyəti dövlət qurumları ilə birgə təmin etmək".
Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi ilə buradan tanış ola bilərsiniz.