Yerli kərə yağının qiyməti niyə bahalaşıb? - xaricə ixrac ediriksə...



 

Yağ istehsalçıları daxili tələbatı tam təmin edə bilməsələr də, ixraca icazə almaq üçün yetərli arqumentlər gətirə biliblər...

Azərbaycanda istehsal olunan kərə yağlarının qiyməti bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb. Beləliklə, may ayında ilin əvvəli ilə müqayisədə yerli kərə yağının qiyməti 2,3 faiz bahalaşıb. Əgər yanvar ayında idxal kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 19,53 manat idisə, may ayında bu rəqəm 19,79 manat olub. Bu da 1,3 faiz artım deməkdir.

Komitənin məlumatından aydın olur ki, ümumilikdə may ayında kərə yağının qiyməti aprellə müqayisədə 0,2 faiz artıb. Yerli yağların qiymətindəki artıma diqqət yetirdikdə, burada qiymətartırıcı faktor kimi yerli məhsulun çıxış etdiyini görə bilərik. Çünki ölkənin ərzaq balansına əsasən Azərbaycanda istehlak olunan kərə yağının 60 faizdən yuxarısı yerli istehsal məhsuludur. Məsələn, 2022-ci ildə ölkədə mövcud olmuş 46 min 219 ton kərə yağının 25 min 883 tonu yerli istehsaldan əldə edilib. İl ərzində qeydə alınan kərə yağı ehtiyatlarının 39 min 890 tonunu bilavasitə əhalinin şəxsi istehlak fondu təşkil edib.

2023-cü il üzrə ərzaq balansları açıqlanmasa da, adambaşına kərə yağı istehlakının 3,9 kq təşkil etdiyi məlumdur. 2022-ci ildə bu göstərici  4 kq-a, 2012-ci ildə 4,7 kq-a bərabər olmuşdu. Əhalinin kərə yağı istehlakının azalmasını bir sıra ekspertlər qiymət bahalaşması və gəlir artımının uyğunsuzluğu ilə əsaslandırırlar: rəsmi statistika da göstərir ki, ucuz spred və marqarin yağlarının istehlakı sürətlə artır. Bir sıra ekspertlər isə kərə yağı istehlakının azalmasını insanların daha yüngül maye yağlardan istifadəyə keçməsi ilə izah edirlər. 

Hər bir halda, ölkədə kərə yağı istehlakının azalması fonunda istehsalın da davamlı artımı qeydə alınır. Belə ki, rəsmi statistikaya əsasən 2023-cü il ərzində ölkədə 27022,0 ton kərə yağı istehsal edilib ki, bu da 2022-ci ilin göstəricisini 9,2 faiz və ya 2 288,7 ton üstələyir. 2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 11335,1 ton kərə yağı istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə cüzi - 1,7 faiz artım deməkdir. 1 iyun tarixinə anbarlarda hazır məhsul qalığı 44,9 ton təşkil edib. 

İqtisadçı ekspert Xalid Kərimli Bakupost.az-a deyib ki, Avropada heyvandarlıqda məhsuldarlığın azalması səbəbbindən süd məhsulları bahalaşıb. Hazırda bütün dünyada süd məhsullarının qiymətində artım müşahidə olunur: “Azərbaycanda yerli istehsalın olmasına baxmayaraq, bir çox istehsalçılar xammalı xaricdən gətirir. Digər tərəfdən, onlar idxal məhsullarının qiymətinə həssas yanaşır. Çünki idxal faktoru süd və yağ məhsullarında daha çoxdur. Azərbaycan kərə yağını Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir. Ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Onsuz da iqlim dəyişmələri, otlaq sahələrinin azalması və sairlə bağlı xərclər artıb. Yerli süd məhsullarımız da bahadır. İdxal qiymətləri yüksəldikcə bazarda həm idxal, həm də yerli kərə yağının qiyməti artır”.

Maraqlıdır ki, bu il Azərbaycana kərə yağı idxalında artım var. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 597 ton kərə yağı idxal edilib. Əvvəlki ildə 108 milyon 182 min dollar dəyərində 18 563 ton kərə yağı idxal olunmuşdu. Bu isə o deməkdir ki, ötən il idxal edilən kərə yağının dəyəri 15 faiz, miqdarı isə 11 faiz azalıb. Bu zaman idxal olunan 1 ton kərə yağının orta statistik dəyəri 2022-ci ildə 5828 dollar, 2023-cü ildə 5568 dollar təşkil edib. Yəni idxal qiymətlərində xeyli ucuzlaşma qeydə alınıb. Lakin bu ucuzlaşmanın Azərbaycan istehlakçısı şəxsi büdcəsində hiss etməyib, çünki onun ənənəvi olaraq istehlak etdiyi yağ məhsullarının qiymətində azalma baş verməyib. 

2024-cü ilin ötən dövründə Azərbaycana kərə yağı idxalı isə xeyli artıb. DGK-nın statistikasına əsasən beş ayda ölkəyə 54 milyon 161.54 min dollarlıq 10 394.15 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Ötən  ilin eyni dövründə idxalın həcmi 41 milyon 310.07 min dollar dəyərlə 7 484.43 ton təşkil etmişdi. Bu, idxalın dəyər baxımından 31 faiz, çəki baxımından 32,4 faiz artım deməkdir. Ötən il idxal olunan məhsulun 1 tonuna 5519,5  dollar ödənibsə, bu il dəyər 5210,7 dollara qədər azalıb. Nəzərə almaq lazımdır ki, qlobal bazarda bu müddətdə süd məhsullarının bahalaşması qeydə alınıb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) hesablamalarına əsasən bu ilin may ayında Süd Məhsullarının Qiymətləri İndeksinin orta dəyəri 126,0 bənd təşkil edib ki, bu da aprel göstəricisindən 2,3 bənd (1,8 faiz), 2023-cü ilin müvafiq dövrünün səviyyəsindən isə 4,3 bənd (3,5 faiz) çoxdur. May ayında qiymət artımı bu indeksə daxil olan bütün növ süd məhsullarına təsir edib. Bu artımın əsasən səbəbləri sırasında yay tətili ərəfəsində pərakəndə satış və qida xidməti sektorlarından tələbin artması, Qərbi Avropada süd istehsalının rekord aşağı səviyyəyə qədər gözlənilən azalması, Okeaniyada süd istehsalında mövsümi azalmalar hesab olunur. Bundan əlavə, xüsusilə Yaxın Şərq və Şimali Afrikanın bəzi ölkələrindən spot tədarüklərə idxal tələbinin güclənməsi süd məhsullarının qiymətlərinin artmasına səbəb olub.

Bəs necə olur ki, qlobal bazarda bahalaşan məhsulun Azərbaycana idxal qiyməti azalır? Bunun səbəbini idxal coğrafiyasının dəyişməsi ilə izah etmək mümkündür. Belə ki, rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-aprelində Azərbaycan 40 milyon 259,51 min dollar dəyərində 7820,82 ton kərə yağı idxal edib. Bunun 4552,49 tonu İrandan reallaşdırılıb, əvəzində 19 milyon 881,22 min dollar ödənilib. Daha 2159,29 ton yağ Yeni Zelandiyadan alınıb ki, buna da 13 milyon  90,04 min dollar sərf olunub.

Beləliklə, İrandan idxal olunan kərə yağının 1 tonu 4367,1 dollara, Yeni Zelandiyadan idxal olunan yağın 1 tonu isə 6062,2 min dollara başa gəlib. İrandan ucuz alınan yağlar hesabına ümumi idxalın orta dəyəri düşüb. 

Onu da qeyd edək ki, İranın istehsal etdiyi süd məhsullarında vaxtaşırı zərərli maddələr, xüsusilə də antibiotik qalıqları aşkarlanır. Rusiya 2018-ci ildən İrandan süd məhsulları, o cümlədən kərə yağının idxalını bu səbəbdən qadağan edib. Azərbaycana İrandan kərə yağı idxalının artması fonundan ümid edirik ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi gətirilən məhsulların tərkibinə tam nəzarəti təmin edə bilir.

Bir maraqlı fakt budur ki, bu ilin beş ayında Azərbaycandan xaricə 12 milyon 435,4 min dollar dəyərində 2130,54 ton kərə yağı ixrac olunub. İxracın 1 tonundan 5836,7 dollar gəlir əldə olunub. Bu fakt yerli istehsal məhsulu olan kərə yağının daxili bazar qiymətinin artmasının əsas səbəbi kimi çıxış edə bilər. Çünki Azərbaycandan ixracı reallaşan məhsulların daxili bazar qiyməti bir qayda olaraq əsas ixrac bazarındakı qiymətə uyğunlaşdırılır.

Yeri gəlmişkən, 2017-ci ildən bəri Azərbaycana kərə yağı və onun yerli istehsalında istifadə olunan xammalın idxalına rüsumlara ciddi güzəştlər tətbiq olunur. Bu güzəştin müddəti 2021-ci il və 2023-cü ilin dekabrında 2 dəfə uzadılıb. Xatırladaq ki, Nazirlər Kabinetinin 2017-ci ilin noyabrında qəbul etdiyi qərara əsasən kərə yağı və komponentlərinin idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilmişdi. Qərarın qüvvədə olma müddəti ötən ilin dekabrında bitdiyinə görə Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Bu qərarla güzəştlər 2025-ci ilin sonunadək uzadılıb. 

Nazirlər Kabinetinin yaydığı açıqlamaya əsasən qərar daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib: “Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılır”.

2021-2022-ci illərdə qlobal ərzaq bazarında kəskin bahalaşma baş verərkən Azərbaycan hökuməti daxili bazarda sabitliyi qorumaq üçün əsas ərzaq məhsullarının ixracına məhdudiyyət tətbiq edib. Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda istehsal olunan əsas ərzaq məhsullarının ixracı üçün istehsalçılar hökumətdən xüsusi icazə almalıdılar. Belə görünür ki, yağ istehsalçıları daxili tələbatı tam təmin edə bilməsələr də, ixraca icazə almaq üçün yetərli arqumentlər gətirə biliblər...

“Yeni Müsavat”