Ekoloji mühit qorunacaq, elektrik və hibrid avtomobillərə keçid sürətlənəcək - AÇIQLAMA



 

"Bu gün ekoloji tarazlığın qorunması və iqlim dəyişikliyinə qarşı mübarizə beynəlxalq aləmin qarşısında duran ən aktual məsələlərdəndir. Ona görə də beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda da hər zaman ekoloji mühitin qorunmasına böyük diqqət yetirilib və bu, hökumətin yürütdüyü siyasətin əsas prioritetlərindən birini təşkil edib. Noyabrda Bakıda keçiriləcək COP29 da məhz bu siyasətin məntiqi nəticəsidir. Azərbaycan ekoloji mühitin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv iştirakçı kimi ölkə başçısı tərəfindən çoxsaylı tədbirlər planı hazırlanaraq həyat keçirilməkdədir. Bunlardan biri də avtonəqliyyat vasitələrinin emissiyasının minimuma endirilməsidir".

Bunu SeherXeber.org -a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, bu gün avtonəqliyyat vasitələrinin işləməsindən havanı çirkləndirən əsas tullantılara dəm qazı, karbohidrogenlər, azot oksidləri daxildir. "Bir fakt qeyd edim: 20000 km yürüş etmiş avtomobil havaya 0,775 kq qurğuşun, 40,75 kq azot oksidləri, 234 kq karbohidrogen və 765 kq dəm qazı buraxır ki, bu da Günəş işığının təsirindən həmin tullantılar kimyəvi dəyişikliyə məruz qalaraq zərərli troposferli ozonla və fotokimyəvi mənşəli müxtəlif toksinlərlə zənginləşir. Məhz bu maddələr insan həyatı üçün təhlükəli və idarə edilməsi mümkün olmayan fəsadlar yaradır. 

Digər tərəfdən havanın çirklənməsinin ən ciddi təhlükəlisi və xoşagəlməyəni qaz, tüstü, duman və toz qarışığı olan smoqdur. Nəticədə fotokimyəvi smoq havada sarı rəngli duman əmələ gətirir, bu zaman hava tutqunlaşır, xoşagəlməz kəskin qoxu yaranır, adamların səhhətini pisləşdirir. Smoqun bütün növləri görməni azaldır və nəfəsalma sistemini qıcıqlandırır. Fotokimyəvi smoq gözü və quzeyli qişasını qıcıqlandırmaqla yaş axmasına səbəb olur, eyni zamanda bitki örtüyünü də müxtəlif dərəcədə zədələyir. Bu çevrilmələr isə üzvi yanacağın, məsələn, benzinin yanmasından ayrılan karbohidrogenlərin fotokimyəvi parçalanması zamanı baş verir. 

Nəqliyyat vasitələrinin sıx olduğu şəhərlərdə, yəni Bakı kimi şəhərlərdə havanın çirklənməsi daha intensiv və həcmli olur.

Burada daha mühüm məqam isə ondan ibarətdir ki, ölkədə istifadə edilən avtomobillərin böyük əksəriyyətinin istismar müddətini başa vurmuş olduğunu nəzərə alsaq, vəziyyətin hansı xəritə alacağını təsəvvür etmək çətin deyil. Avtomobil nəqliyyatı iş prosesində ətraf havaya 200-dən çox zəhərli və zərərli maddə ixrac edir ki, bundan da ancaq insanlar, ətraf mühit, təbiət zərər çəkir", - o qeyd edib.
Abbaszadə əlavə edib ki, cənab Prezident nəqliyyat vasitələrinin ekologiyaya və insanların sağlamlığına vurduğu bu zərərin qarşısını almaq məqsədilə "Avro" standartlara keçidə qərar verilib: "Bu məqsədlə  Azərbaycan mərhələləli şəkildə ”Avro-2", “Avro-3", ”Avro-4"  standartlarını tətbiq edib. Növbəti mərhələ kimi “Avro-5" ən yüksək səviyyəsini tətbiq etmək barədə qərar verib. "Avro-5"ə keçid avtonəqliyyat vasitələrinda amissiyanı azaltmağa imkan verəcək. "Avro-5" standartı isə digər standartlardan daha baha başa gələn yanacaqdır. Ümumiyyətlə gələcəkdə Azərbaycan sıfır emissiyalı nəqliyyat vasitələrinə keçidi qarşısına hədəf qoyub və mərhələli şəkildə addımlar atmaqdadır. Tarif Şurasının son qərarı da Azərbaycanda "Avro-5" ekoloji standartına keçidlə ekoloji mühitin qorunmasına xidmət edir. 

Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə AVRO-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir.

Bununla bağlı SOCAR-ın müraciəti əsasında Tarif Şurasının Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib".

Dizel yanacağından 20 faiz artımına gəldikdə isə Abbaszadə deyib ki, bu qərar daha yüksək ekoloji zərər nəzərə alınaraq verilib: "Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayının artırmasına səbəb olacaq. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldaraq istismar müddətini uzadacaq.

Yumşaq tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək".

O eyni zamanda əlavə edib ki, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. "Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Azərbaycanda da bu nəzərə alaraq Aİ-95 marakalı benzinin qiymətini kəskin şəkildə endirmək barədə də qərar verib. Belə ki, Aİ-95 markalı benzinin bir litri 40 qəpik ucuzlaşaraq 2 manatdan 1,6 manata enəcək. Bu da insanları daha az emissiyalı avtonəqliyyat vasitələrindən istifadəyə təşviq edəcək. Bu da nəticə etibarilə ekoloji mühtin qorunması istiqamətində görülən  işlərə öz töhfəsini verəcək.
Yeni tarif tənzimləməsi həmçinin dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək".

Mürtəza
SeherXeber.org