Cənubi Qafqaz: Münaqişə bölgəsindən sülh platformasına doğru



 

44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması Cənubi Qafqazda siyasi vəziyyəti dəyişdi. İstər regional müstəvidə, istərsə də geosiyasi dəyişikliklərin baş verməsi əslində gözlənilən idi. Elə Vətən müharibəsindən sonra siyasi ekspertlər də Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinin istər regional, istərsə də geosiyasi müstəvidə Bakının mövqeyini gücləndirəcəyini proqnozlaşdırırdılar. Onu da qeyd edək ki, müharibədən keçən son dörd il ərzində hələ ki Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmasa da, Ermənistan rəhbərliyinin rəsmi Bakının tələbinə uyğun olaraq işğal edilmiş Qazaxın 4 kəndini boşaltması və anklavda qalan daha üç kəndin boşaldılması istiqamətində danışıqların intensiv şəkildə davam etdirilməsi sülh müqaviləsinin imzalanmasının da uzaqda olmadığını göstərir. Onu da qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi üçün Azərbaycan tərəfinin lazım olan bütün addımları atacağını bəyan etmişdi. Regional əməkdaşlığın genişləndirilməsi üçün Şərqi Zəngilan dəhlizinin açılması da vacib faktorlardandır ki, hazırda bu istiqamətində də işlər davam etdirilir. Onu da qeyd edək ki, Azərbaycanın regionda sülh və əməkdaşlığın yaradılması təşəbbüsləri artıq qonşu ölkələr tərəfindən də dəstəklənir. Məsələn Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycana qarşı aqressiv siyasi mövqe sərgiləyən cənub qonşumuz İranın Azərbaycana münasibətində loyallaşma müşahidə edilir. Eləcə də, Rusiyanın Qarabağdakı antiterror əməliyyatından bir neçə ay sonra sülhməramlılarının bölgədən çıxartması rəsmi Moskvanın da bölgədə varlığını daha çox iqtisadi müstəvidə saxlamağa çalışdığını göstərir. Onu da qeyd edək ki, əslində bu Rusiyanın könüllü seçimi deyil. Ukrayna ilə müharibə müstəvisində Qərb ölkələrin embarqoları ilə üz-üzə qalan rəsmi Moskvanın da Qərbə yeganə çıxış yolu yenə Bakı olaraq qalır. Onu da qeyd edək ki, Azərbaycanın əsas tranzit məkana çevrilməsi artıq Şərqi Asiya ölkələrinin də regiona maraqlarını artırıb. Məsələn, Çin öz yüklərinin Azərbaycan üzərindən daşınmasına çox maraqlı olduqlarını və bununla bağlı Azərbaycan tərəfi ilə çox səmərəli müzakirələr aparıldığını bəyan edib. Həmçinin artıq Avropanın Almaniya kimi aparıcı ölkələri də Cənubi Qafqaz, xüsusən də bölgənin əsas aparıcı ölkəsi olan Azərbaycanla əlaqələrinin genişləndirməyə çalışır. Görünən odur ki, proses gözlənilən kimi olmasa da müəyyən sürətlə gedir və bir müddətdən sonra Cənubi Qafqaz Azərbaycanın ortaya qoyduğu mövqeyə uyğun bütün tərəflərin əməkdaşlıq etdiyi sülh platformasına çevriləcək .

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsi çərçivəsində hazırlanıb.

SeherXeber.org