Rəhmətlik Kantın dediklərini xatırladım



 

O, rasionalistlərlə empiristlər arasında mövcud olan çıxılmaz vəziyyətdən çıxış yolunu göstərməyə çalışırdı.
Mən də hərdən bu fikrə gəlirəm ki, biz deyəsən çox praqmatikik. O qədər praqmatik ki, nəinki Kant, hətta bütün dünya materialistləri bizə qibtə edə bilər.
Axı biz, adətən, təkcə təcrübədən keçirilənlərə inanırıq. Bəlkə də elə buna görə mücərrəd təfəkkürdən uzağıq.
Çoxumuz yalnız əlimizlə toxunub gözümüzlə gördüyümüz nəsnələrin qeydinə qalırıq.
Məsələn, ayağımız haqda düşünürük, ruhumuz haqda yox.
Böyrəyimiz haqda düşünürük, vicdanımız haqda yox.
Mədəmiz haqda düşünürük, məsləkimiz haqda yox.
Qabırğamız haqda düşünürük, məramımız haqda yox.
Qulağımız haqda düşünürük, insafımız haqda yox.
Dişlərimiz haqda düşünürük, imanımız haqda yox.
Amma əslində hər şey bir azca başqa cür olmalıdır.
Yəni, dediyim odur ki, bu “görünməyən” nəsnələri daha çox görməyimiz lazım.

P.S.
Bu qeydlər çoxdan yazılıb. Bu gün Kantın doğum günü, daha doğrusu yubileyidir-
300 illiyi.
İnsanı təkcə təbiətin deyil, həm də azadlığın övladı hesab edən Kantın ruhu şad olsun.

Firuz Mustafa 

SeherXeber.org