Təhsil müzakirələri vüsət alır - Dos. İlham Əhmədov 



 

"Gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq, təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır."
(Prezident İlham Əliyev).

Gələcək inkişaf daha çox ölkədəki təhsilin durumundan asılıdır. Çünki, xalqın və dövlətin gələcəyi bu sahədə həll edilir. Diskussiyaların da önəmli hissəsi məhz bu sektorda olmalıdır. Təəssüf ki, biz hələ də keyfiyyətli elm və təhsil siyasəti, onun səmərəli maliyyələşmə mexanizmini qura bilməmişik, bu sahəsdə söz deyə, təklif verə bilən insanları problemlərin həllinə səfərbər edə bilməmişik. Təhsilə dair diskussiyalar məhz bu istiqamətdə olmalıdır.
Ölkə Prezidentinin ictimai müzakirələrə dair çağırışından sonra təhsil sektorunda müzakirə abu havası hiss edilir.
ADA universitetində təhsil müzakirələri, "Təhsil dialoqları" adlı silsilə müzakirələr xeyli vaxtdır davam edir. Keçən ilin noyabrında ADA-nın "Təhsil dialoqları"na biz də qatılmışdıq. "Universitetlərin tədqiqat və innovativ fəaliyyəti" mövzusunda məruzə etdik. Təhsil sisteminin aparıcı mütəxəssisləri hörmətli prof. Şahlar Əsgərov və hörmətli Asif Cahangirov da bu dialoqda iştirak etmiş, məruzə ətrafında dəyərli fikirlərini bildirmişdilər.
Qeyd edilən çağırışlar aspektində aktual müzakirələr UNEC-də vüsət almışdır. Az müddət ərzində burada bir sıra maraqlı diskussiyalar ("Gələcək özümü gələcək" v.s. mövzularda) baş tutmuşdur. Aprelin 29-da UNEC-də ali təhsil problemlərinin müzakirəsinə həsr edilmiş növbəti dəyirmi masa təşkil ediləcəkdir.
Bu ərəfədə "Azərbaycan müəllimi" qəzetinin dəstəyi və ADPU-nun təşkilatçılığı ilə “Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda "dəyirmi masa" keçirilib.
Dəyirmi masada Millət vəkili Ceyhun Məmmədov, ETN müşaviri E. Nəsibov, ETN şöbə müdiri S. Rzazadə, Bakı Şəhər Təhsil İdarəsi müdirinin müavini H. Əsgərov, sektor müdirləri A. Mustafazadə, təhsil ekspertləri N. İsrafilov I. Əhmədov, E. Əfəndiyev, E. Nuri, E. Qafarov, K. Əsədov, AVMA sədri Ş. Rəcəb , ADPU– nun nəzdnində fəaliyyət göstərən pedaqoji kollecin direktoru Israyil Isgəndərov, Bakı şəhərinin bir sıra aparıcı məktəb direktorları, özəl lisey məktəblərin rəhbərləri iştirak etmişlər.
Tədbirdə biz də iştirak etdik. Təşkilatçılara dəvət üçün minnətdarıq. Tədbirdə qısa çıxış da etdik, təkliflərdə bulunduq:
1. Biz təhsil işçiləri ictimai marağı şəxsi maraqdan daim üstün tutmalıyıq, əks halda təhsil sustemi səmərəsiz olar. Bu gün təhsilimizin ən böyük problemi repetitotluqdur. Bu problem nəinki məktəbi, artıq universitetləri də ağır duruma salıbdır. Kütləvi hal almış repetitorluğu məhdudlaşdıra bilməsək, heç bir təhsil islahatı real nəticə verməyəcək. Bir çox təhsil işçilərinin maddi marağında olan repetitorluğu, milli mənafe və millətin, dövlətin gələcəyi naminə ləğv etməliyik.
2. Ali məktəblərin problemləri orta məktəblərdən daha çoxdur. Çünki, 30 il ərzində TN daim əsas diqqətini orta məktəblərə yönəltmişdi, ali məktəb hər mənada diqqətdən kənarda qalmışdı.
3. Təhsil problemlərinin geniş ictimai müzakirələrə ehtiyacı var. Belə müzakirələr fasiləsiz olmalı və təhsilin bütün pillələri üzrə təşkil edilməli, mövcud problemləri məmurların və ictimaiyyətin diqqətinə çatdırmalı, bu problemlərin həllinə dair tıkliflər verilməlidir.
4. Müzakirə edilən mövzu çox konkret qoyulmalıdır, bu müzakirə mövzusu konkret deyildi və belə müzakirə konkret tövsiyyə verə bilməyəcək.
Tədbirdə iştirak edənlərin böyük qismi təhsil məmurları və məktəb direktorları idi. Repetitorluqla əlaqəli təklifimiz hiss etdim ki, onların çox da xoşuna gəlmədi.
Təhsil sisteminin belə fəal müzakirələrə bu gün ciddi ehtiyacı var. Çünki, ETN nəznində hələ də təhsilə dair nə bir beyin mərkəzi, nə də sanballı tədqiqat mərkəzi var. Yaxşı olardı ki, nazir E. Əmrullayev özü də belə ictimai xarakterli təhsil müzakirələrinə qoşulardı. Bizim prioritet və ən problemli sahəmiz təhsil olsa da, 30 il ərzində təhsil nazirlərimiz açıq müzakirələrdən daim yayınmışlar. Ən yaxşı halda jurnalistlərlə görüşlər, brifinqlər keçirdirdilər.
PR məqsədli bu görüşlərin təbii ki, təhsilin inkişafına heç bir xeyri olmur. Təhsil problemlərinin nazirin iştirakı ilə müzakirə edilməsi çox faydalı olardı. Bundan təhsil sistemi də, nazir də yalnız qazanardı. Amma, əvvəlcədən hazırlanmış suallara əsaslanan "ssenarilər" və "xüsusi" dəvətli müsahiblərlə yox, alternativ fikirli, diskussiya yarada bilən mütəxəssislərlə açıq, işguzar, elmi-metodik əsaslı, problemyönlü müzakirələr aparmaqla.
Bu gün təhsildə ehtiyacı çoxdur. Şəxsən mənim ona veriləcək çoxlu suallarım var. Amma onun belə aktual problemlərin mütəxəssislərlə açıq müzakirələrə qatılmasına çox da inanmıram. Ona görə də sözümüzü sosial şəbəkələr və saytlar üzərindən yazırıq.          

SeherXeber.org