Fransa Ermənistana qoşun göndərərsə: - "Türkiyə və Rusiya ilə birgə... "



 

Son günlər Fransanın Ermənistana qoşun göndərə biləcəyi ilə bağlı iddialar daha çox yayılır.

Hətta Fransanın Ermənistandakı səfiri Olivye Dekottiqnies də buna münasibət bildirib: "Bizim əməkdaşlığımız var və Ermənistan silahlı qüvvələrinin güclənməsinə töhfə verməyə çalışırıq. Nəyinsə baş verməsini gözləmirik. Əksinə, nəyinsə baş verməməsi üçün lazım olanı etmək istəyirik".

Səfirin sözlərinə görə, Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığa başlaması ikitərəfli münasibətlər üçün yeni mərhələdir.

Fransa Ermənistana qoşun göndərə bilərmi? Rəsmi Paris bu addımı atarsa, Azərbaycanın cavabı nə olmalıdır?

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Fransanın Ermənistana qoşun göndərməyi düşünməsi doğru deyil:

"Fransanın Ermənistana qoşun göndərmək istəməsini bəyan etməsini mənfi hesab edirəm. Biz Cənubi Qafqazın hərbiləşdirilməsinə qarşıyıq. Qafqaz, Cənubi Qafqaz həssas bölgədir. Buranı mümkün qədər hərbidən, kənar ordulardan uzaq tutmağa çalışmalıyıq. Fransanın Cənubi Qafqaz ölkələri, xüsusən də Ermənistanla qonşuluğu, hansısa sərhəd yaxınlığı da yoxdur".

Ekspert vurğulayıb ki, Fransanın Ermənistana qoşun göndərmək istəməsini elan etməsi çox mənfi nəticələr doğura bilər:

"Biz buna qarşı Türkiyə, yeri gələrsə, həm də Rusiya ilə birgə müqavimət göstərməli və qarşısını almalıyıq. Çünki Fransanın və ona yaxın olan hansısa ölkənin Cənubi Qafqazda, Ermənistanda hərbi mövcudluğu, ordusunun bura gəlməsi bölgəni əlavə gərginliklərə, problemlərə sala bilər. Əgər Ermənistan buna razılıq verərsə, ona qarşı təzyiqləri artırıb bu yoldan çəkindirməliyik".