ABŞ və müttəfiqləri İrana qarşı yeni proses hazırlayır



 

ABŞ Prezidentİ Co Bayden müttəfiqləri və tərəfdaşları, o cümlədən G7 ölkələri, eləcə də Konqresdəki hər iki partiyanın liderləri ilə İranın İsrailə qarşı "misli görünməmiş hava hücumuna hərtərəfli cavab hazırlamaq" səylərini əlaqələndirmək üçün müzakirə edir.

Ölkə.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın dərc olunmuş bəyanatında deyilir.

“Birləşmiş Ştatlar yaxın günlərdə İrana, o cümlədən onun raket və dron proqramlarına, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və İran Müdafiə Nazirliyinə dəstək verən təşkilatlara qarşı yeni sanksiyalar tətbiq edəcək”, - bəyanatda bildirilir.

Bəyanatda həmçinin qeyd olunub ki, müttəfiqlər və tərəfdaşlardan da tezliklə öz sanksiyaları ilə ABŞ-dən nümunə götürəcəkləri gözlənilir. 

Sallivan deyib ki, yeni sanksiyalar və digər tədbirlər İranın hərbi gücünü və effektivliyini məhdudlaşdırmaq və azaltmaq, habelə Tehranın həyata keçirdiyi qeyri-qanuni əməliyyatlara qarşı təzyiqi artıracaq.

Bəyanatda daha sonra deyilir:
“Təzyiqlər davam edəcək.  Biz İran hökumətini pis niyyətli və sabitliyi pozan hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün dünya üzrə müttəfiqlər və tərəfdaşlarla, eləcə də Konqreslə koordinasiyada hərəkət etməkdən çəkinməyəcəyik”.

Mürtəza
Ölkə.Az