Gecə saat 2-də Bakıya gəlib anasını çay evində öldürdü... - Qətlin təfərrüatı



 

Bakıda anasını qətlə yetirməkdə təqsirli bilinən Zamin Baxşıyevin (adlar və soyad şərtidir) cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki,  Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin oğlu 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə Baxşiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zamin Baxşiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə dindirilmiş Zamin Baxşıyev ifadəsində göstərib ki, atası 2007-ci ildə vəfat edib. Anası Mahirə Baxşıyeva ilə 2018-ci ilin axırlarına qədər bilrikdə yaşayıblar. Bacısı Şəhanə Mirzəyeva Bakıda tək qaldığı üçün anası onun yanına köçüb. Onların hansı ünvanda qaldıqlarından xəbərsiz olub. 

2020-ci ilin noyabr-dekabr aylarında yaşadığı ərazidə anası və bacısı haqqında xoşagəlməz sözlər yayılmağa başlayıb. Lakin bu söhbətlərin konkret hansı şəxs tərəfindən yayıldığını bilməyib. Bacısı Lənkəranda orta məktəbdə 11-ci sinifdə oxuyarkən Yusif adlı oğlana qoşularaq Bakıya qaçıb. Sonra anası onu Zığ qəsəbəsində taparaq geri qaytarıb. 

2012-ci ildə o, Mirzə adlı şəxsə ərə gedib və nigahdan iki övladları olub. 2018-ci ildə bacısı yoldaşından boşanıb. Qənaətə gəlib ki, o, Bakıda əxlaqsız həyat tərzi sürür. Anası bunu bilərək qohumlardan gizlədib və hətta özüdə bacısına müxtəlif şəxslərlə görüşmək üçün şərait yaradıb. Telefonla danışarkən bir neçə dəfə anasından xahiş edib ki, bacısı bu hərəkətlərə son qoysun və Lənkəranda qayıtsın. Lakin anası buna icazə verməyib. Faktiki olaraq rayonda bacısı və anasına görə biyabır olub. 

2021-ci il martın 9-da axşam yaşadığı evdən babasından qalmış ov bıçağını götürüb Bakıya gəlib. Məqdəsi bacısını tapıb rayona qaytarmaq və etiraz etdə onu öldürmək olub. Gecə yarısı Koroğlu metrostansiyasının yanında taksidən düşüb xalası oğlu Cavidanla əlaqə saxlayıb şəhərə gəldiyini bildirib. Təxminən yarım saatdan sonra xalası oğlu avtomobillə onun arxasınca gəlib və onu yaşadığı evə aparıb. Çay içib söhbət edərkən xalası oğlu belə iş görməməsini və pul verərək ona geri qayıtmasını deyib. Amma o, buna etiraz edib. Söhbət zaman qohumu ona anasının Xətai rayonunda yerləşən çay evində gecə növbəsində xadimə işlədiyini söyləyib. Saat 1 radələrində qohumu ilə sağollaşaraq həmin çay evinə gedib. Yolda anasına zəng edib Bakıya gəldiyini deyib. Saat 2-nin yarısında çay evinin qarşısına çatıb. Birlikdə içəri daxil olan kimi qadın yemək hazırlamaq üçün mətbəxə keçib. O, bildirib ki, bacısı rayona qayıtsın və əxlaqsız hərəkətlərinə son qoysun. Lakin anası kobud tərzdə cavab qaytarıb ki, qızı heç yerə qayıtmayacaq.

Sonra onlar kabinetə keçiblər.Anası hazırladığı yeməyi və çayı qarşısına qoyub. Onu və ailə üzvlərini biyabır etməməsini xahiş edəndə anası əsəbləşib ayağa qalxıb onu və rəhmətlik atasını söyməyə başlayıb. Bu zaman Zamin ayağa qalxıb bıçaqla anasını qollarına və sinə nahiyyəsinə zərbələr vurub. Anası əvvəl divana sonra isə yerə yıxılıb. 

Zamin  Baxşıyev əlavə edib ki, anasını bıçaqla vurduqdan sonra qismən sakitləşib. Bıçağı yenidən şalvarının kəmərinə keçirib. Stolun üstündən enerji içkisini götürərək çay evindən çıxıb. Taksi ilə "20 Yanvar" metrostansiyasının yaxınlığına gedib. Oradan isə başqa taksi ilə Lənkərana qayıdıb. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Şahanə Mirzəyeva ifadəsində göstərib ki, atası vəfat etdikdən sonra 2010-cu ildə Lənkəran şəhərində ailə həyatı qurub. Nigahdan iki azyaşlı övladı var. 2018-ci ildə boşandıqdan sonra qızı onunla oğlu isə əri ilə yaşayıb. Anasına Bakıya köçüb yaşamasını təklif edib və kirayə ev tutub birlikdə yaşayıblar. Özü və anası müxtəlif kafe restoranlarda aşbaz və xadimə işləyiblər. 

Ailəsindən boşandıqdan sonra qardaşı Zamin onu əxlaqsızlıq etməkdə ittiham edib. Qardaşına dəfələrlə izah edib ki, ailəsindən boşanmaq o demək deyil ki, əxlaqsızlıq edir. Ümumiyyətlə qardaşı xasiyyyətcə yalan danışan və aqressiv adam olub. 

Məhkəmə prosesində Zamin Baxşıyev ittiham üzrə özünü qismən təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə o, CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum olunub.