“Qəbələ” 2022-ci ildə nələr etdi?



 

Başa çatan il “Qəbələ” İdman Klubu üçün əlamətdar olub.

“Qafqazinfo” xəbər verir ki, 2022-ci ildə “Qəbələ” İK-in futbol komandaları yaşıl meydanlarda, digər idman növləri üzrə təmsilçiləri müxtəlif yarışlarda qüvvəsini sınayıb. 

“Qəbələ” İK-in 2022-ci ilin ən yaddaqalan məqamlarını təqdim edirik:

1. Yenidən “Top-4”də

“Qəbələ” Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünü 4-cü pillədə başa vurub. Bununla da komandamız iki illik fasilədən sonra 
avrokuboklara vəsiqə qazanıb. 

2. Yarımfinaldan yarımfinala

“Qəbələ” Azərbaycan kubokunun 2022/23 mövsümünün 1/4 finalında "Qarabağ" FK ilə üz-üzə gələn “Qəbələ” revanş alaraq yenidən yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda mübarizəni gələn il davam etdirəcək “qırmızı-qaralar” son 8 ildə 7-ci dəfə yarımfinalçılar arasında yer alıb.

3. “Qəbələ”dən iki çempionluq
“Qəbələ” Futbol Akademiyasının komandaları ölkə çempionatlarında daha iki çempionluq yaşayıb. U-19 və U-17 AFFA-nın təşkilatçılığı ilə baş tutan liqaların 2021/22 mövsümünün qalibi olub.

4. Yenə UEFA Gənclər Liqasında

“Qəbələ”nin U-19 komandası avrokubokların daimi iştirakçısına çevrilib. “Qırmızı-qaralar” tarixində 5-ci, ardıcıl 4-cü dəfə UEFA Gənclər Liqasında mübarizə aparıb.

5. Konfrans Liqasında debüt
“Qəbələ” iki illik fasilədən sonra avrokubokların iştirakçıları sırasına qayıdıb. 6 dəfə Avropa Liqasında mübarizə aparan “qırmızı-qaralar” Konfrans Liqasında debüt edib. Macarıstanda “Fehervar”a uduzan Elmar Baxşıyevin yetirmələri ev görüşündə qələbə qazanmağı bacarıb. Amma komandamız matçı əlavə vaxta daşıya bilməyib.

6. Rafael Ağayevdən yeni titul

Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev növbəti titulunu qazanıb. Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da çempionluq kəmərinə yiyələnib.

7. İslam Həmrəyliyi Oyunlarında dörd medal
İdmançılarımız V İslam Həmrəyliyi Oyunlarında 4 medal qazanıb. Türkiyənin Konya şəhərində keçirilən yarışda cüdoçumuz İmran Yusifov çempion olub. +100 kq çəkidə çıxış edən idmançımız Azərbaycanın kişilərdən ibarət milli komandasının heyətində uğura imza atıb. Taekvondoçu Cavad Ağayev gümüş medal qazanıb. 68 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yalnız finalda uduzub. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası qardaş ölkədə 3-cü yeri tutub. Bürünc əldə edən heyətdə “Qəbələ”nin iki oyunçusu - İbrahim Ramazanov və Mehrac Baxşalı da yer alıb.

8. Titulunu qorudu, UFC-də debüt etdi
Nəriman Abbasov "AMC Fight Nights"ın çempionu titulunu qoruyub. O, Rusiyanın paytaxtı Moskvada Marif Pirayevlə qarşılaşıb. Yüngül çəkidə çıxış edən 28 yaşlı təmsilçimiz rəqibi üzərində inamlı qələbə qazanıb. Bu uğurlardan sonra UFC-dən təklif alan Abbasov nüfuzlu döyüş təşkilatı ilə müqavilə imzalayıb. O, burada debüt döyüşünü də keçirib.

9. Dünya üçüncüsü
Cavad Ağayev dünya çempionatının bürünc medalını qazanıb. Taekvondoçumuz Meksikanın Qvadalaxara şəhərində keçirilən yarışda fərqlənib.

10. Avropa gümüşü

Karate üzrə Azərbaycan yığması Avropa çempionatında gümüş medal qazanıb. “Qəbələ”nin üzvləri Rafael Ağayevlə Rafiz Həsənov da millinin heyətində olub. 

11. Mükafatçılar
“Qəbələ”nin fərdi idman növlərində çıxış edən təmsilçiləri Azərbaycan çempionatlarında da uğurla çıxış edib. Namiq Yarəliyev (54 kq) və Kamran Şahsuvarlı (80 kq) kişi boksçularn yarışında gümüş medala yiyələnib. Məhsəti Həmzəyeva (57 kq) qadın əlcək sahibləri arasında ölkə çempionu olub. Gənc boksçuların yarışında isə Fərhad Şeydayev (75 kq) qızıl, Ramal Yolçuyev (48 kq) gümüş əldə edib. Kikboksçularımızdan Alim Nəbiyev (81 kq) “Full Contact” versiyası, Əbdülhüseyn Qurbanov (+91 kq) gənclər və yeniyetmələr arasında ölkə çempionu olmağı bacarıb. O, Azərbaycan kubokunda da uğurla çıxış edib. +91 kq çəkidə mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Klubumuzun cüdoçusu Tamerlan Cabbarov (90 kq) 18 yaşadək yeniyetmələr arasında Azərbaycan çempionu adını qazanıb. Rəşad Veysəlov (57 kq) 15 yaşadək yeniyetmə sərbəst güləşçilər arasında ölkənin ən güclüsü olub.