Politoloq: “İran 80 milyon əhali üçün ən qorxunc həbsxanadır”



 

“Evin həbsxanasında törədilmiş olan qəddarlıq hazırkı İran dövlətinin əsil simasını göstərir”.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Ramiz Alıyev deyib ki, hər kəs bilməlidir ki, rejim nəinki həbsxanalarda, eyni zamanda ölkədə yaşayan bütün vətəndaşlara qarşı eyni qəddarlığı nümayiş etdirir: “Bu yaxınlarda öz hüquqlarının qorunması üçün küçələrə axışıb nümayiş keçirərkən yüzlərlə insan İran rejiminin qurbanına çevrildi. Təəssüf ki, nə beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər İranda insanlara qarşı aparılan bu vandalizm siyasətinə kəskin münasibət ortaya qoya, 80 milyon insanı bu rejimdən qurtara bilmirlər. Əslində həqiqətən də dünyanın böyük gücə sahib ölkələri və beynəlxalq təşkilatlar İranda yaşayan insanların taleyini düşünsəydilər, çoxdan kəskin qərarlar verib insanları bu rejimdən xilas edərdilər. Hazırda İran hakimiyyətində təmsil olunan səlahiyyətli şəxslərin əksəriyyətinin övladları ABŞ-da və Avropa ölkələrində yaşayır, lüks həyat tərzi sürür, ancaq İranın özündə yaşayan 80 milyon əhali hələ də bu rejimin təzyiqləri ilə üzləşirlər. Evin həbsxanası ilə bağlı olay göstərir ki, baş verənlər ümumilikdə İrandakı bütün həbsxanalarda hökm sürən qəddar və antihumanist siyasətin nəticəsidir”.

Politoloq qeyd edib ki, İrandakı həbsxanalarda acınacaqlı vəziyyət hökm sürür, çoxlu sayda insanı ölüm cəzası gözləyir, həbsxanalarda çoxsaylı siyasi məhbuslar, jurnalistlər saxlanılır: “İran hakimiyyətinin öz ənənəsinə sadiq qalaraq bu məsələdə də düşmən agenti axtarışına çıxması artıq gülüş doğurur. Müasir dördə belə bir hakimiyyətin, rejimin hələ də mövcud olması insanlığa ən böyük zərbə kimi qiymətləndirilməlidir. Belə bir böyük saya malik əhalisi olan ölkənin bu cür qəddarcasına idarə olunmasına görə gələcək nəsillər böyük dövlətləri, beynəlxalq təşkilatları və insan haqlarından danışan qurumları günahlandıracaqlar. Bu gün İranda insanlığa qarşı atılan qəddar addımlar dünyadakı heç bir qəbilədə belə yoxdur. İran orada yaşayan 80 milyon əhali üçün ən qorxunc həbsxanadır. Yalandan düşmən obrazı yaratmaqla hansısa ölkələri günahlandıran və onlardan şeytan obrazı yaradan İranın səlahiyyətli şəxslərinin özləri mühakimə olunmalı və xalqa qarşı etmiş olduqları amansızlığa görə cavab verməlidirlər”.