“Azərbaycanfilm-100” ssenari müsabiqəsinin qalibləri açıqlanıb - FOTO



 

Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm”  kinostudiyasının “Azərbaycan Kinosu Günü” ilə bağlı tədbiri keçirilib.

"SeherXeber.org" xəbər verir ki, tədbirdə Mədəniyyət nazirinin müaviniElnur Əliyev, Audiovizual və interaktiv media şöbəsinin kollektivi, “Azərbaycanfilm” kinostudiyasının kollektivi, kino qurumlarının (ittifaqlar və gildiyalar) rəhbərliyi, kino günü ilə bağlı mükafatlandırılan kino xadimləri və veteranlar (21 nəfər), "Azərbaycanfilm" kinostudiyası nəzdində Ekspert Şurasının sədri və üzvləri, “Azərbaycanfilm-100” ssenari müsabiqəsinin qalibləri (3 nəfər), kinoşünaslar və media mənsubları iştirak edib.

Tədbirdə növbəti il 100 yaşını qeyd edəcək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yeni loqo və vebsaytı təqdim edilib.

"Azərbaycanfilm" kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov bildirib ki, loqonun xarakteristik xüsusiyyəti təmsil etdiyi şirkətin kimliyini, həmçinin təməlində yatan amalı ortaya qoyması, ifadə etməsidir.

"Loqonun stilizə edilmiş əsas elementləri kino sənayesinin ən mühüm komponentlərini ifadə edir: proyektorun şüaları, kameranın diafraqması və tamaşaçının gözü. 
Əsas qrafik elementin altında isə korporativ şrift hərfləri ilə kinostudiyanın adı yazılıb.
Vurğulanıb ki, kinoproyektor, alov dilimləri, Simurq quşunun qanadlarını, Alov dilimləri Odlar yurdunu, simurq quşunun qanadları  küllərindən yenidən doğula bilən varlığı ifadə edir. 
Yeni simvol həm də incəsənətdə istifadə olunan “Qızıl nisbət”i təmsil edir".

R.Ələkbərov həmçinin ifadə edib ki, “Azərbaycanfilm” kinostudiyasının veb-saytı  üzərində iş aparılır:
"Saytda kinostudiyanın tarixi, strukturu, göstərdiyi xidmətlərlə yanaşı geniş filmoteka nəzərdə tutulub ki, burada istehsal olunmuş filmlər haqqında informasiya əldə etmək və filmləri verilən link vasitəsilə izləmək mümkün olacaq. Saytın ingilis dilində versiyası üzərində də iş aparılır.
2023-cü ildə “Azərbaycanfilm” kinostudiyasının 100-cü yaşı tamam olur. Əlbəttə, bu münasibətlə il boyu müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. 

Bildiyiniz kimi, bir neçə ay öncə “Azərbaycanfilm” kinostudiyasının nəzdində Ekspert Şurası yaradıldı. İyun ayının 1-dən etibarən “Azərbaycanfilm-100” tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan olundu. Ümumilikdə, göndərilən 60 ssenaridən müsabiqə şərtləri ilə uyğunlaşan 53 ssenari dəyərləndirildi".

Daha sonra “Azərbaycanfilm" studiyasının Ekspert Şurasının sədri - kinoşünas, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev, şurasının üzvləri aktrisa, Xalq artisti Mehriban Zəki, ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müəllimi, sənətşünas Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İman və şuranın məsul katibi Leyla Vəzirzadə tərəfindən seçilən “Azərbaycanfilm-100” ssenari müsabiqəsinin qalibləri açıqlanıb.

Müsabiqədə birinci yeri "Supərisi" ssenarisi ilə Mirsadiq Ağazadə, ikinci yeri "Axırıncı palata" ssenarisi ilə Türkan Hüseyn, 3-cü yerin sahibi isə "Zirzəmi" adlı ssenarisi ilə Nicat Dadaşov tutub.

Tədbirdə həmçinin Mədəniyyət Nazirliyi növbəti peşə bayramı münasibətilə bir qrup kinematoqrafçını və kino veteranını mükafatlandırıb. Tədbirdə ümumilikdə 21 nəfər kinematoqrafçıya fəxri fərman və mükafatlar təqdim olunub.

 

Billurə Yunus