Mikayıl Cabbarov: “Azərbaycan güləşinin uğurları üçün əlimdən gələni edəcəm”



 

“İlk növbədə, bu sahədə fəaliyyət göstərən həmkarlara göstərilən etimada görə təşəkkür edirəm. Güləş ailəsinə üzv olmaqdan qürur hissi keçirirəm. Güləş bizim milli idman növümüzdür. Bu idman növündən Olimpiya və dünya çempionları çıxır. Bu da bizim üçün fəxrdir”.

SeherXeber.org-un xəbərinə görə, bunu Güləş Federasiyasının yeni prezidenti Mikayıl Cabbarov deyib.

O, gələcək planlardan danışıb: “Federasiya üzvləri, məşqçi heyəti və bu sahədə çalışan mütəxəssislərlə ilk istiqamətimiz güləş idman növünün davamlılığı və kütləviliyidir. Təbii ki, idman nailiyyətləri milli komanda üzvlərimizin, idmançılarımızın uğurlarının davamı önəmlidir.

Xüsusilə, güləşə olan diqqət və qayğı göz qabağındadır. Hamımız bunun şahidiyik. Məsuliyyətli çalışaraq, üzərimə düşən öhdəliyi dərk edərək mütəxəssislərlə birlikdə əl-ələ verib, Azərbaycan güləşinin uğurları üçün əlimdən gələni edəcəyəm. Hər bir idman növünün əsas hədəfi bəllidir. Güləş cameəsinin bu nailiyyətləri gözləməyə haqqı da var. Bu baxımdan gözləntilərin doğrulması üçün lazımi addımlar atılmalıdır.

O ki qaldı fəaliyyət plan və proqramına, qısa müddətdə İcraiyyə Komitəsinin heyəti formalaşacaq. Ardından güləşdə də müvafiq fəaliyyət planı qəbul olunacaq”.

Səbuhi Musayev