Cənub zonasındakı narkomafiyaya kimlər başçılıq edir?
Cənub zonasındakı narkomafiyaya kimlər başçılıq edir?- “Depo İlqar” və “Şalban İlşad” ləqəbli şəxslər kimdir ?Bu bəla hər bir şəxsin qapısını döyə bilər...
Gözəllik salonlarında, apteklərdə narkotik maddələr satılır..
Son günlər sosial şəbəkələrdə Cəlilabaddan, Lənkərandan, ümumiyyətlə, Cənub zonasından olan tanınmış ziyalılar təlaş içərisində, həyəcan siqnalı çalırlar ki, bölgədə narkomaniya gənc nəsili məhv edir, ailələri dağıdır, cinayət hadisələri az qala həndəsi silsilə ilə artır.
Sözün düzü, bu həyəcan, təlaşlı məsələdən hali olmayanlara bəlkə də bir az yersiz gələ bilər. Ancaq məsələ ilə yaxından tanış olanda narkomaniyanın həqiqətən də Cənub zonasında çiçəkləndiyini, pik həddə çatdığını real görmək olur.
İnsaf naminə qeyd edək ki, son bir neçə ayda Daxili İşlər Nazirliyi, başda cənab nazir Vilayət Eyvazov olmaqla narkomaniyaya qarşı sözün həqiqi mənasında savaş gedir. Hər gün az qala onlarla narkotik istifadəçi, narkotik satanlar saxlanılır, bu bəlanın qarşısını almağa çalışırlar.
Ancaq bu problem öz həllini tapmır.
Heç kimə sirr deyil ki, narkomaniyanın arxasında mütəşəkkil cinayətkar dəstə olmasa, bu bəla belə sürətlə və geniş yayıla bilməz.
Həm də nəzərə alaq ki, bu cinayətkar dəstə narkotik maddələrin satışından milyonlar qazanır. Yəni 1-2 əməliyyatla bunların qarşısını almaq müşkül məsələdir.
Bu məsələyə bütün xalq, elliklə qoşulmalıdır.
Təsəvvür edirsiniz, bir neçə gün əvvəl saqqız almaq istəyən uşaqlara narkotik maddələrin verilməsi ilə bağlı sosial şəbəkələrdə konkret videolar yayıldı. Yəni artıq narkomafiya uşaqları da bu bəlaya düçar edir.
Digər tərəfdən sosial şəbəkələrdə, apteklərdə narkotik maddələrin realizə olunması ilə bağlı xəbərlər dolaşır.
Daha bir misal. Bu günlərdə gözəllik salonlarında xanımlara narkotik maddələrin verilməsi ilə bağlı xəbərlər yayıldı.
Yəni bu mütəşəkkil cinayətkar dəstə özünə əməlli-başlı şəbəkə yaradıb. Sözümüzün canı odur ki, bu məsələ kortəbii məsələ deyil.
Soruşmaq lazımdır ki, İrandan ölkəmizə gətirilən narkotik maddələr sərhəddən keçmir ?
Bəs haradan keçir ? Necə keçir ?
Milləti məhv edən bu şər qüvvələrin, əslində narkomafiyanın vəzifəli şəxslərlə ciddi əlaqələri var.
Bir sözlə, Qarabağ problemi kimi ciddi bir milli problemlə üz-üzə qalmışıq.
Bu məsələdə heç kim yaxasını kənara çəkməməlidir.
Hər kəs əlindən gələn köməyi etməlidir. Hər şeyi ancaq hökümətin üzərinə atmaq olmaz.
Hər kəs bildiyi məlumatları cəmiyyətlə, dövlət orqanları ilə bölüşməlidir.
Bu məsələdə medianın, kütləvi informasiya vasitələrinin xüsusi rolu var.
Ona görə də Gundelik-Bakı olaraq üzərimizə düşən işləri görməyə, bu məsələdə dövlətimizə və xalqımıza bacardığımız köməyi etməyə çalışırıq.
Çünki genefondumuz, gələcəyimiz məhv edilir.
Bizim hər birimiz, elliklə mübarizəyə qoşulmalı, bu dəhşətli bəladan gənclərimizi xilas etməliyik.
Unutmayaq ki, bu bəla məhəlli, lokal məsələ deyil, bütün ölkə ərazisində, böyük şəhərlərdə, hətta ən ucqar kəndlərdə baş verir.
Biz yazının başlığında əbəs yerə Cənub zonasını qabartmadıq.
Hələ ötən əsrin 90-cı illərindən, sovetlər dağılanda, sərhədlərə nəzarət zəifləyəndə bu proses başlayıb və indi pik həddinə çatıb.
Cənub zonasındakı rayonlarımızın İranla həmsərhəd olması da bu problemi gücləndirib.
Bəli, bu gün Cənub rayonlarımızda narkotik məsələsi dəhşətli həddə çatıb.
Həm də bu məsələ təkcə DİN-lə həll olunan deyil.
Rayonlarımızda icra hakimiyyəti var, təhsil idarələri var, prokurorluq orqanları, bələdiyyələr, məktəb rəhbərləri, rayonun Ağsaqqallar Şurası var.
Bu problemin həlli üçün çox təəssüf ki, İCTİMAİ QINAQ yaddan çıxıb. Heç kim bu barədə danışmır.
Bəli, narkotik istifadəçilərinə müalicə üçün kömək lazımdır. Amma yeri gələndə belə şəxslərdən üz çevirmək, belə ailələri qınamaq, hətta salam verməmək, lazım gələndə kənddən, məhəllədən qovmaq lazımdır ki, başqalarına dərs olsun.
Sözün qısası, Cənub zonası məsələsini əbəs yerə qabartmadıq.
Redaksiyamıza daxil olan məlumata görə, Cənub zonasında dərman satışı, tibbi xidmət adı altında narkotik maddələrin satışı həyata keçirilir.
Təsəvvür edirsiniz, dövlətə məxsus və ya özəl apteklərdə narkotika satılır. Və bu mənfur əməlin başında “Depo İlqar” dayanır. Bunu zonada hamı bilirsə, məgər rayondakı dövlət qurumları bilmir ?
Hələ bu harasıdır ?
Taxta-şalban alverçiləri, inşaat materialları satan dükanlar da narkotik satışına qoşulublar. Bəli, bu məsələdə “Şalban İlşad” kimiləri də öndə gedirlər.
Yeri gəlməsə də bir məsələni yada salmaq istəyirik.
Bir neçə il əvvəl İrandan ölkəmizə gətirilən klinkerin ( sement istehsal etmək üçün xammal ) içərisində narkotik maddələr keçirilirdi.
Sözün qısası, Azərbaycanda narkotik maddələrin satışına, istifadəsinə qarşı milli savaşın başlanmasının vaxtı çoxdan çatıb.
Yoxsa, bu bəla hər birimizin qapısını döyəcəkdir.