Lənkəran Rayon Təhsil Şöbəsi sabotajla məşğuldur
Son beş ildə Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyənlərin bəxti gətirmir.
Onlar bəzi məktəb direktorlarını müxtəlif bəhanələrlə işdən azad edib, yenicə yerlərini bərkitmək istərkən və müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin dərs saatını azaltmağa cəhd edərkən, özləri işdən azad edilirlər.
Bəli, elə şöbə müdirlərinin özlərini də eyni bəhanələrlə işdən azad edirlər. Sonra onlar xiffət etməyə başlayırlar. Vəzifədə müvəqqəti olarkən, etdikləri pisliklərə görə, peşiman olurlar. Nə qədər hərəkətlərinə haqq qazandırmağa çalışsalar da, alınmır ki, alınmır. Cəmiyyət artıq onları qəbul etmir.
Lənkəran Rayon Təhsil Şöbəsinin yeni müdiri Ülviyyə Əliyeva keçmiş təhsil naziri Ceyhun Bayramovun əmrinə əasən, 15 aprel 2020 – ci il tarixdə bu vəzifəyə təyinat alıb. O, bu təyinata kimi Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb və Lənkəran ictimaiyyətinin yaxşı bildikləri meyarlara əsasən, şöbə müdiri vəzifəsinə təyin olunub.
Yeni şöbə müdiri bu vəzifəyə təyinat alandan sonra ilk işi bir neçə məktəb direktorunu müxtəlif bəhanələrlə işdən azad etməsi olub. Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin keçmiş direktoru, hazırda həmin məktəbdə texnologiya fənnini tədris edən İlhamə Orucova da eyni oyunun qurbanı olub.
O, uzun illər çalışdığı məktəb direktoru vəzifəsindən 22 sentyabr 2020 – ci il tarixdə hiylə yolu ilə çıxarılıb. Hazırda keçmiş direktor həmin məktəbdə 6 saat dərs yükü ilə təmin olunub və 139 manat əmək haqqı alır. Onun yeganə övladı Oruczadə Əhəd Ağdam rayonunun “N” saylı hərbi hissəsində xidmət edir.
Keçmiş məktəb direktoru İlhamə Orucova işdən qanunsuz azad olunması ilə əlaqədar işə bərpa olunması tələbilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib və eyni zamanda, müfafiq dövlət qurumlarına şikayətlər yazır.
Şöbə müdirinin oynadığı eyni oyunlarla Lənkəran rayonu Şağlaküçə kənd M. Əbilov adına tam orta məktəbin direktoru Məmməd Səfərov da üzləşib. İşdən azad olunan keçmiş məktəb direktoru üzləşdiyi qanunsuzluqlarla əlaqədar müxtəlif dövlət qurumlarına və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, eyni oyunlarla digər məktəb direktorları da üzləşməkdədir. Burada məqsəd aydındır və bunun nədən ibarət olduğunu Lənkəran ictimaiyyəti yaxşı bilir.
Lənkəran Rayon Təhsil şöbəsində oynanılan oyunlardan biri də, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin dərs saatının azaldılması və onların 6 saat dərs yükü ilə təmin edilmələridir.
Yuxarıda qeyd etdik ki, Lənkəran rayonu M. Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin keçmiş direktoru İlhamə Orucova da həmin məktəbdə 6 saat dərs yükü ilə təmin olunub və 139 manat əmək haqqı alır. Müəllimlərin başına gətirilən bu biabırçı hal artıq rayonun məktəblərində kütləvi hal alıb və haqlı olaraq böyük narazılıqlar yaradıb.
Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirən Nizami Hüseynov 1997 – ci ildən Lənkəran rayonu İ. Mahmudov adına Liman Şəhər 1 saylı tam orta məktəbində tarix müəllimi işləyir.
O, həftədə 12 saat dərs deyib 257 manat əmək haqqı (diaqnostik qiymətləndirmədə iştirak etmədiyinə görə) alırdı. 2020 – ci ilin sentyabr ayından onun həftəlik dərs saatı 6 saat azaldılıb və hazırda 93 manat əməkhaqqı alır.
Lənkəran Rayon Təhsil Şöbəsinin baş mühasibi - 15 saylı Ərazi Hesablama Mərkəzinin əməkdaşı Fariz Mahmudovun bildirib ki, bunun səbəbi onun müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etməməyidir və mühasibatlıq ona görə, 6 saatdan artıq işləməyinə icazə vermir.
Belə ki, ümumi təhsil müəsissələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydalarının 5. 5 – ci bəndinə göstərilir ki, Ümumi təhsil müəsissələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək, hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirilir.
Nizami Hüseynov üzrlü səbəbdən diaqnostik qiymətləndirilmədə iştirak etməyib. Yəni bu, artıq üzrlü hal sayılır.
N. Hüseynovla 01. 09. 1997 – ci il tarixli əmək müqaviləsi qeyri – müəyyən müddətə bağlanılıb. Məktəb onun saat hesabı işlədiyi iş yeri deyil, daimi əsaslarla işlədiyi yer sayılır.
Əmək Məcəlləsinin 45 – ci maddəsinin 1 – ci bəndinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.
2 – ci bəndinə görə, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
5 – ci bəndinə əsasən isə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
Müəllim isə bu müəsissədə 25 ilə yaxındır ki, işləyir.
Təhsil şöbəsi müəllimlə qeyri – müəyyən müddətə bağlanmış əmək müqaviləsinə məhəl qoymadan, qabaqcadan heç bir xəbərdarlıq etmədən dərs yükünü azaltmışdır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16. 1 – ci maddəsinə əsasən, Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
Əmək Məcəlləsinin 154. 1 – ci maddəsinə əsasən, Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Həmin Məcəllənin 154. 2 – ci maddəsində göstərilir ki, Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
Əmək Məcəlləsinin 155. 1 – ci maddəsinə uyğun olaraq, İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
İnzibati Xətalar Məcəlləsinin 192. 3 – cü maddəsinə əsasən, İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Bəs onda, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri movcud qanunvericiliyin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini niyə pozur?
Necə olur ki, ali təhsilli müəllim 6 saatdan yuxarı dərs deyə bilməz. Burada məntiq harada qaldı.
Bəs, müəllim 150 manat əməkhaqqı ilə ailəsini necə saxlasın? Bu, mümkündürmü?
Bəs onda, müəlllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan işlər harada qaldı?
Bir sözlə, bu gün Lənkəran Rayon Təhsil Şöbəsində oynanılan oyunların bir adı var, sabotaj.
NİZAMİ HÜSEYNOV
P.S. Məsələ ilə bağlı adı çəkilən şəxslərin və ya aidiyyati dövlət qurumunun nümayəndəsinində münasibətin ictimailəşdirməyə hazırıq.