İşğaldan azad edilmiş ərazilərdə qazıntı yataqlarının sayı AÇIQLANDI



 

Qarabağ və ətraf rayon ərazilərində filiz və qeyri filiz yataqları var.

Bu sözləri Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Facebook”da “Ekspert Saatı”nda çıxışında deyib.

Əli Əliyevin sözlərinə görə, işğaldan azad edilən ərazilərdə zəngin faydalı qazıntı - filiz və qeyri filiz, yeraltı su yataqlarının yataqlarının axtarışları aparılacaq:

“Məqsədimiz həmin ərazidə ehtiyatların araşdırılmasıdır:

İşğaldan azad edilən ərazilərdə mövcud xammal ehtiyatlarının kəşfi, monitorinqi, yenidən qiymətləndirilməsi və xalqımızın istifadəsinə verilməsidir. Bu istiqamətdə tədbirlər həyata keçiriləcək”.

O bildirib ki, Kəlbəcər rayonunda olan filiz və qeyri filiz faydalı qazıntı yataqları araşdırılıb və öyrənilib:

“Kəlbəcərdə ehtiyatları hesablanan və ehtiyatlar komissiyasının balansına daxil olunmuş 34, Laçında 40, Zəngilanda 11, Qubadlıda 11, Cəbrayılda 26, Füzulidə 6, Ağdamda 15 faydalı qazıntı yatağı var.

Xüsusilə Zaqatala-Balakən zonasında, Kiçik Qafqazın şimal-qərb bölgəsində böyük ehtiyatlara malik yataqlar var. Burada həm filiz, həm də qeyri filiz yataqları mövcuddur. Filiz yataqlarında xüsusilə qızıl və mis vurğulanmalıdır. Təəssüf ki, işğalda olan yataqların bir qismi düşmən tərəfindən istismar edilib. Bu işdə onlara xarici şirkətlər, erməni əsilli biznes adamları dəstək olublar”.

“İşğaldan azad olunan ərazilərdə yerləşən faydalı qazıntı yataqlarının neçə faizinin düşmən tərəfindən istismar edildiyini müəyyən etmək məqsədilə monitorinqlər aparılır. Araşdırmalar yekunlaşdıqdan sonra bu barədə dəqiq rəqəm demək mümkün olacaq”, - deyə o əlavə edib.