Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezidentin adına göndərilən müraciətlərə məhəl qoymur
Ötən ilin dekabr ayında Əflatun Məmmədovun adına gələn Mersedes markalı minik avtomaşını heç bir əsaslı səbəb olmadan Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində girov götürülüb.
Şikayətçi Əflatun Məmmədov bildirib ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezidentin adına göndərilən müraciətlərə məhəl qoymur.
Vətəndaş Əflatun Məmmədov bu problemi ilə bağlı cənab, Prezident İlham Əliyevə üçüncü dəfə müraciəti ünvanlayı. Həmin müraciəti olduğu kimi oxucuların nəzərinə çatdırırıq.
Bir nüsxəsi Seherxeber.org saytının redaksiyasına göndərilən şikayətçi Əflatun Məmmədovun müraciətdə deyilir:
- Hörmətli, cənab Prezident,
Dəyərli vaxtınızı alaraq 3-cü dəfə qapınıza pənah gətirməyimə zərurət yaradan Gömrük Orqanında üzləşdiyim haqsızlıqdır.
Sizin xalqımızın dünəni, bu günü və sabahı üçün həyata keçirdiyiniz işləriniz heç bir ölçüyə, idraka sığmır. Bircə faktı xüsusi vurğulamaq yerinə düşər ki, son 17 il ərzində uzaqgörən siyasətiniz nəticəsində müasir tələblərə uyğun 3 mindən artıq məktəb, yüzlərlə səhiyyə müəssisələri, idman kompleksləri, çoxlu sayda sosial təyinatlı obyektlər, habelə, insanların rahatlığı və təhlükəsizliyi naminə körpülər, keçidlər tikilmiş, həmçinin dəyəri milyardlarla ölçülən abadlıq, quruculuq işləri görülmüşdür.
Bir sözlə, Cənab Prezident,
Bu gün Azərbaycan müasirləşir, gündən-günə gözəlləşir, öz simasını dəyişir. Bütün bunlar, eləcə də sadalanmasına zaman lazım olan digər işlər də uzaqgörən siyasətiniz və gərgin zəhmətiniz sayəsində mümkün olmuşdur.
Sizin yeritdiyiniz siyasi kursunuzun ana xəttini xalq təşkil edir. Sizi daim düşündürən xalqın rifahı, əmin-arxayın və rahat yaşamasıdır. 44 gün ərzində doğma torpaqlarımızı erməni işğalçılarından azad etməyiniz isə Sizə əbədiyyət qazandırdı.
Təkcə bu zəfərinizlə Siz sübut etdiniz ki, bu gün də, sabah da Sizi əvəz edən lider yoxdur, heç qarşıdakı 10 illiklərdə də olmayacaq. Neçə yüz illiklər ərzində Əmir Teymur, Suvorov, Kutuzov və İosif Stalin kimi görkəmli sərkərdələr dünya tarixində tanınırdılar. Görkəmli ali baş sərkərdə kimi Sizin adınız da onların sırasındadır, Cənab Prezident!
Məhz bütün bunlara görə xalqımız Sizi sevir, ətrafınızda sıx birləşərək siyasətinizi durmadan dəstəkləyir.
Hörmətli, cənab Prezident,
17 il ərzində görülən bu qədər işləri görməmək və görüb dəyərləndirməmək ən azından nadanlıq ola bilər.
Siz xalqa arxalanırsınız və daha yüksək zirvələr fəth edirsiniz.
Qədim bir şərq məsəlində deyildiyi kimi: “Arxası el olanın başı göylərə dəyər.”
İzn verin, Sizə daha böyük uğurlar diləyim və qeyd edim ki, dəyərli vaxtınızı alaraq müqəddəs saydığım ünvanınıza üz tutmağımı zəruri edən Respublika Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsində üzləşdiyim haqsızlıq və özbaşınalıqdır.
Dəyərli vaxtınızı alaraq qısaca məlumat verim ki, ötən 2020-ci ilin dekabr ayının 07-də adıma Rusiyadan aldığım Mercedes markalı minik avtomaşını gəlmişdir. Avtomaşın hazırda aksizli mallar üzrə Baş Gömrük İdarəsində saxlanılır. (Avtomaşının qeydiyyat kodu 511005201206206) Lakin heç bir səbəb göstərilmədən avtomaşını gömrük idarəsindən çıxara bilmirəm. Belə demək mümkündürsə avtomaşını girov götürüb özümü də get-gələ, süründürməçiliyə salıblar.
Bir ziddiyyətli sual təkcə məni yox, bütün xalqımızı dərindən düşünməyə vadar edir:
Fikirləşirik ki, görəsən məmur özbaşınalığı, zorakılığı nə vaxta qədər davam edəcək?
Siz efir məkanlarında dəfələrlə sadəlik nümunəsi göstərərək özünüzü xalqın xidmətçisi élan etmisiniz və xalqla rəvan davranmağı tövsiyə etmisiniz.
Lakin əfsuslar olsun ki, dövlət məmurları hələ də vətəndaşlarla qaba rəftar edir, insanlara həqarətlə 3-cü sort kimi baxırlar. Bütün bunlar da xalqımızı təbii ki, narazı salır.
Hörmətli, cənab Prezident,
Sizi səmimiyyətimə inandırmaq istəyirəm ki, mənim işim haqq işidir, əgər adını çəkdiyim olayda zərrə qədər də olsun əyinti olsaydı prezidentim olaraq qapınıza pənah gətirməzdim.
Görünən budur ki, özbaşına gömrük məmurları bilərəkdən narazıların sayını artırmağa çalışırlar.
Hörmətli, İlham müəllim,
Tam əminliklə demək istəyirəm ki, bu müraciətimdən dərhal sonra gömrük əməkdaşları prezident olaraq adınızı uca tutaraq öz qəbahətlərini islah edəcəklər. Ədalət şər üzərində zəfər çalacaq.
Hörmətli, cənab Prezident,
Qoy Ulu Yaradanımız xalqımızın xoşbəxt gələcəyi və məmləkətimizin daha da çiçəklənməsi naminə Sizi hifz etsin, Sizə əbədi cansağlığı bəxş etsin.
Səmimi hörmətlə: Əflatun Məmmədov
P.S. Şikayətçi, vətəndaş Əflatun Məmmədovun problemi ilə bağlı Aksizli mallar üzrə Baş Gömrük İdarəsi ilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəf kimi adları hallanan şəxslərin və dövlət orqanının nümayəndəsinin də münasibətlərin ictimailəşdirməyə hazırıq.