Balakəndə külli miqdarda narkotik dövriyyədən çıxarıldı - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olanların tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Polis Şöbəsinə rayonun Talalar kənd sakini Tural Şahverdiyevin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 645 kiloqramdan artıq 20 ədəd çətənə bitkisi, həmçinin qurutmaq üçün yerə sərilmiş 14 kiloqram 150 qram qurudulmamış marixuana aşkar edilərək götürülüb. T.Şahverdiyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.