“Düşünürdüm ki, son oyundur, gedirik istirahətə” - Qurban Qurbanov



 

Xəbər verdiyimiz kimi, “Sumqayıt” Azərbaycan kubokunun ¼ final mərhələsində “Qarabağ”a 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matç haqda danışıb:

““Sumqayıt”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Özümüzə gəldikdə, həmişə kubok oyunlarına ehtiyat etmişəm. Futbolçuların üzərinə çox getmədim. Əvvəl də dediyim kimi, komandada yorğunluq var. Bu il bizim üçün ağır oldu, uğurlu nəticələrimiz oldu. Məğlub olduq. Qalibə uğurlar arzulayırıq”.

- Riçard Almeyda və Dino Ndlovu niyə oynamırdı?

- İkisi də zədəli idi. Əzələlərində dartılma var.

- Futbolçularda istirahət vaxtına görə rahatlıq hiss etdiniz?

- “Yox” deyə də bilmərəm. Futbolçu psixologiyasıdır. Özümdə də belə hallar olub. Nə qədər motivasiya etsəm də, düşünürdüm ki, son oyundur, gedirik istirahətə. Belə düşüncə var idi.

- “Sumqayıt”ın heyətində kimi fərqləndirərdiniz?

- Bunu deyə bilmərəm. Bütün futbolçuları izləyirəm. Bütün komandalardakı oyunçulara baxırıq.

- Qış fasiləsində kimlər gedəcək?

- Konkret olaraq, belə futbolçu yoxdur. Hər bir futbolçunun müqaviləsi var. Bu haqda heç nə deyə bilməyəcəm. Kimsə öz xahişi ilə getmək istəsə, düşünərik. Müqaviləsi olan oyunçuya “get” deyə bilmərik.

- Xarici klublardan hanısa futbolçu üçün təklif almısınızmı?

- Ciddi bir təklif yoxdur. Bu barədə düşünmək lazım deyil. Dino ilə bağlı təklif olmuşdu, ancaq ciddi deyildi.

- Heyəti gücləndirmək baxımından addım atılacaqmı?

- Belə bir fikir var. Yerli futbolçu əldə edə bilmərik. Yaxşı futbolçuların hamısı öz klubundadır. İnanmıram onlar istədiyimiz futbolçuları bizə versin. Axtarışlarımız gedir. Yayda danışıqlar apardığımız oyunçularla hələ də danışıqlar aparırıq. Amma mütləq futbolçu gəlməlidir.

- İlk oyundaki kimi burada da Jezniçak səhvə yol verdi. Sizcə mərkəz müdafiəçisi lazımdırmı?

- Hər xəttə uyğun bir futbolçu istəyirik. Belə fikrimiz var.

- “Neftçi” Rahid Əmirquliyevi transfer etmək istəyir, bu barədə müraciət almısınızmı?

- Bizə rəsmi təklif olmayıb. Rahid bizim əsas oyunçularımızdan biridir. Xeyli zaman var. Təklif olsa, fikir bildirə bilərik. Rahidə inanırıq. Onun mövqeyində vacib futbolçulardandır.

- Həm milli, həm də “Qarabağ”ı hazırlamaq çətin olmayacaq ki?

- Hətta bir komandanı hazırlamaq çətindir. Ancaq biz çətinlikdən qorxuruqsa, addım atmamalıyq. Hər şeyi düşünürəm. Elə işlər var ki, hər kəsin öz məsuliyyəti var. Təcrübəmiz də artıb. Oyunçunun potensialını bilmək üçün vaxt sərf etmirik. Əlaqələrimiz də var. Oyunçuların həyat tərzi barədə məlumat toplaya bilirik. Çətin olacaq, mənim üçün də məsuliyyət olacaq. Ancaq futbolumuz üçün bu addım atılmalıdır.