Hesablama Palatası KİVDF ilə bağlı Baş Prokurorluğa müraciət etdi
Hesablama Palatası kollegiyasının növbəti kollegiya iclası videoformat şəklində baş tutub.
Palatadan verilən məlumata görə, iclasda bir neçə məsələ müzakirə edilib.
İlk olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) büdcəsinin 2019-cu ildə icrası ilə bağlı illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə olunub.
Kollegiya tərəfindən DNF-nin 2019-cu il büdcəsinin icrası barədə illik hesabatın layihəsi məqbul hesab edilərək, Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim olunması üçün fonda göndərilməsi qərara alınıb.
Kollegiya, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatını müzakirə ediblər.
Auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş olunmuş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.