“Bunu birinci dəfədir ki, eşidirəm” - Ndlovu
“Qarabağ”ın hücumçusu Dino Ndlovu Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində doğma meydanda "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
- İlk hissədə daha yaxşı oynadıq. Qol epizodlarımız oldu. İndi sıx qrafiklə oynayırıq. Ona görə də yorğunluq ola bilər. 2-ci, 3-cü qolu vura bilsəydik, tam rahat oynayacaqdıq. İkinci qolu vurmaqda çətinlik çəkdik. 3 xalı qazanmaq çox vacib idi.
- Rəqiblər "Qarabağ”dan çəkinirlər. Səncə, bunun səbəbi nədi?
- Bunu birinci dəfədi eşidirəm. Ona görə nə deyəcəyimi bilmirəm. Biz bütün rəqiblərə ciddi yanaşırıq. Bu barədə konkret bir söz deyə bilmərəm.
- Qarşıda sizi UEFA Çempionlar Liqasının son turu çərçivəsində “Roma” ilə səfər matçı gözləyir…
- Baş məşqçimizin tapşırığı odu ki, hər zaman istənilən oyunda qələbə haqda düşünək. Hətta yoldaşlıq matçında da yaxşı mübarizə aparmalıyıq. Hər matça axırıncı oyun kimi çıxırıq. Ona görə də ən yaxşı nəticələri əldə etməyə çalışmalıyıq.
- Sənə elə gəlmir ki, "Neftçi”nin müdafiəçiləri bu gün çox kobud oynayırdılar?
- Futbolda kontakt da ola bilər. Biz daha çox öz oyunumuza fikir verirdik. Öz komandamı fikirləşirəm. Əsas odu ki, 3 xalı qazandıq. 2-ci 3-cü qolu vura bilsəydik, matç tamam fərqli olardı.