“1 milyon dollar versələr də, qayıtmaram” - Millidən küsən Nicat+Video
Azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi olmuş Nicat Rəhimovun “Qafqazinfo”ya müsahibəsi:
- Azərbaycandan imtina edib getməyinizin səbəbi nə idi?
- Komandaya yeni məşqçi gətirdilər. O, bolqarıstanlı idi. Sözümüz heç düz gəlmirdi. Demək olar ki, hər gün dava edirdik. 2012-cu ildən komanda Zlatan Vanevə tapşırıldı. Onlar da başladılar komandalara öz adamlarını doldurmağa. Məşqçi heyətini başa düşdük, amma bunlar bolqar idmançıları da yığmamıza daşımağa start verdilər. Bizi sıxışdırmağa çalışırdılar. Bir sözlə, komandada xaos var idi, nizam-intizamsızlıq baş alıb gedirdi. Ürəyi necə istəyirdi, elə də davranırdı hamı ilə. Məşq planı yanlış idi. Özü necə düşünürdü, elə də edirdi. Sonra birdən-birə mənə dedilər ki, səni 2-3 aylıq cərimələyəcəyik. Evə göndərəcəyik, məşqlərdən kənarda qalacaqsan. Düşündüm ki, vəziyyət getdikcə qəlizləşir və başqa ölkəyə yollanmağa qərar verdim. AZAL klubunun prezidenti, AZAL şirkətinin rəhbəri Cahangir Əsgərovun əmisi oğlu İsgəndər Əsgərovun yanına getdim. Ona bildirdim ki, mən Azərbaycan yığmasını tərk edirəm. Dedi ki, “getmək istəyirsən, get”. Mən də Qazaxıstana yollandım.
- Qazaxıstan millisində çıxış etmək üçün özünüz müraciət etdiniz?
- Bəli. Üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun, Xəlil Mutlunun müəlliminin yanına getdim və dedim ki, “mən bu komandada yarışmaq fikrindəyəm”. Razılaşdı və orada məşqlərə başladım.
- Bəs, hansı uğurlarınıza görə sizə orada şans verdilər?
- 2009-cu ildə yeniyetmələrin Avropa çempionu olmuşdum, 2010-cu ildə Yeniyetmələr Olimpiadasının qalibi adını qazanmışdım. Məncə, bunlar kifayət qədər yaxşı nəticələr idi. Gənclər arasında dünya ikinici olmuşdum.
- Azərbaycanı niyə tərk etdiyinizi soruşdularmı?
- Əlbəttə soruşdular. Hər şeyi danışdım. Sonra sınadılar. Uğurlar bir yana, atletikada texnika da vacib amildir. Məşqçi bunu məndə gördü və dedi ki, “sən Olimpiya çempionu ola bilərsən”. Hətta bu barədə video var. Müəllim mənə söz verir.
- Rio-2016-da Olimpiya çempionu olanda heç düşündünüzmü ki, kaş öz ölkəmin adına bu medalı qazana idim?
- Mən Azərbaycanda qalsaydım, Olimpiya çempionu olmayacaqdım. Bu, dəqiqdir. Çünki bizim ölkədə elə bir məktəb yoxdur. O səviyyədə müəllimlər də yoxdur ki, Olimpiya çempionu hazırlasınlar. Şərait baxımından da çox zəifdir. Ona görə də bu günə qədər ağır atletikada Azərbaycandan Olimpiya çempionu çıxmayıb, bundan sonra da olan deyil (gülür).
- Braziliyada qızıl medal qazandıqdan sonra Azərbaycandan sizə hansı rəsmi şəxslər zəng etdi?
- Olimpiadadan sonra çox zənglər gəldi. Ən çox da bilirsiz niyə? Deyirdilər ki, gəl, öz ölkənin adından çıxış et. Artıq mənim qayğıma qalmağa başlamışdılar.
- Bir neçə ay öncə atanız açıqlama vermişdi ki, “Nicat Azərbaycan millisinə qayıda bilər”...
- Suala Nicatın atası Əli Rəhimov cavab verir: Bilirsiz, o vaxt Nicata mane olmaq istəyirdilər. Ona görə də aranı sakitləşdirmək lazım idi. Fikrini başqa yerlərə yönəltməsin deyə elə bir açıqlama vermişdim.
- Sizi Azərbaycan Ağır Atletika millisinə nə qaytara bilər?
- Heç nə. İndi 1 milyon dollar versələr də, bura qayıtmaram. Problem təkcə məşqçilərlə bağlı deyil. Federasiyada da xeyli problemlər mövcuddur. Sizə bir şey deyim?! Bu dəqiqə ağır atletlər təlim-məşq toplanışı görmürlər. Onlar normal məşq keçmirlər. Sonra da biz burdan Olimpiya çempionları gözləyirik. Maaşlar vaxtında verilmir. Məqsədlərini belə bilmirlər.
- Bakıya qayıdanda sizi görən keçmiş komanda yoldaşlarınız nə dedi?
- Heç biri səhv etdiyimi demədi. Hamısı etdiyimi alqışladı. Təsəvvür edin ki, hamısı mənə deyir ki, “yaxşı etmisən ki, buradan getmisən”.
- 4 il sonra Bakıya qayıtmağınızın səbəbi nədir?
- 2016-cı il Olimpiadasından sonra 2017-də dünya çempionatı olmalı idi. Amma 9 ölkəni bu yarışdan 1 illik uzaqlaşdırdılar. Onların içində Qazaxıstan da var idi. Bu səbəbdən arada boşluq yarandı, fürsətdən istifadə edib Azərbaycana qayıtdım. Onların içində Azərbaycan da, Türkiyə də var. Həm də ölkəm üçün çox darıxmışdım. Buradan gedəndə əsəbi idim. Heç qayıtmaq istəmirdim. Amma sonradan gördüm ki, Azərbaycan üçün darıxıram. Gəlib doğmalarımı, doğma torpaqlarımı görmək istədim. Vaxtım az olsa da, gəzirəm.
- Azərbaycanlı yüngül atlet Ramil Quliyev də sizinlə eyni taleyi yaşadı. O da başqa ölkənin – Türkiyəni bayrağı altında tarixə düşdü. Londonda keçirilən Dünya Atletika çempionatında qızıl medal qazandı...
- Ramillə çox yaxın olmasa da, tanışıq. Biz Türkiyədə eyni yerdə təlim-məşq toplanışında olmuşuq. Bilirsiniz, bu gün Azərbaycanda yüksək nəticə verə biləcək xeyli idmançılar var. Hansı ki, onların potensialı yüksək səviyyədədir. Özlərini çox yaxşı göstərə bilərlər. Lakin onlara imkan vermirlər. “Yuxarıdan” onlara mane olurlar.
- Buna kimlər icazə vermir? Öz adamlarını irəli aparırlar?
- Federasiyalar, müəllimlər. Dərd orasıdır ki, irəli aparmağa adam yoxdur. Heç kimi aparmırlar. Problem təkcə atletikada deyil. Bütün idman növlərindədir. Araşdırsanız görəcəksiniz ki, çox idman növlərində maaş almırlar, mükafatlar almırlar. Bu səbəbdən də onlar da üz tutur başqa ölkəyə. Gedir orada medal qazanır. Sonra da dalınca düşürlər ki, gətirsinlər Azərbaycana.
- Bakıya qayıdandan sonra AZAL klubunun prezidenti İsgəndər Əsgərovla üz-üzə gəlmisiniz?
- Yox. Ümumiyyətlə, o, mənimlə görüşmək istəməz. Çünki utanacaq görüşməyə.
- Burada sizinlə kimsə görüşdü?
- Təkcə, Tofiq Heydərov görüşdü. Ona “sağ ol” demək lazımdır ki, əlindən gəldiyi qədər atletikaya kömək edir.
- Bir az oradakı həyatınızdan danışaq. Kimlərlə dostluq edirsiz?
- İdmançının ətrafı adətən öz komanda yoldaşları olur. Mən də elə idmançı dostlarımla otururam, günüm onlarla keçir. Məşqdə oluruq və ya bəzən xizək sürürük, çay içirik.
- Yeni dostlar qazanmaq çətin deyil ki?
- Yox, mənim üçün heç bir çətinlik yoxdur.
- Ailənizə orada yaşamaq problem olmur?
- Yox, mənim üçün problem olmayan yerdə onlara da çətinlik yoxdur. İndi fürsətdən istifadə edib ailəvi şəkildə Azərbaycana gəlmişik. Bir yaşlı oğlumu da buraya gətirmişəm.
- Qazaxıstanda küçədə sizi tanıyırlar?
- Əlbəttə. Yaxınlaşıb soruşurlar ki, siz Nicat Rəhimovsunuz? Siz bizim Olimpiya çempionumuzsunuz? Çox zaman “yox” cavabı verirəm. Bacardığım qədər özümü gizlədirəm. Amma insanların çoxu soruşmadan da tanıyırlar. Çünki idmana diqqət və maraq var. Hamı sənin kim olduğunu bilir.
Elsevər Məmmədov
Video: Nərminə Vəliyeva, Pərvin Zeynal