Tərlan Əhmədovdan tənqid: - “Tənbəldir, üzərində işləmir”
Topaz Premyer Liqasının 13-cü turunda evdə “Keşlə”yə 3:1 hesabıyla qalib gələn “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Əsas qələbə idi ki, onu da bacardıq. Hücum etməyə, müdafiədə az səhv buraxmağa çalışdıq. Komandanın əzmkarlığı, motivasiyası yüksək idi. İki gündən sonra kubok matçına çıxacağıq. Futbolçulara təşəkkür düşür. Yenə sürət, istək var idi. Amma oyundan tam razı qalmadım.
- İqnasio Herreranın əvəzlənməsi zamanı pis əsəbləşdiniz və onun etdiyi hərəkətdən sonra dərhal Namiq Ələsgərovu yanınıza çağırdınız...
- Həmişə demişəm ki, rəqibə hörmətlə yanaşmaq lazımdır. Elə hərəkətləri komanda yoldaşlarının əziyyətini yerə vurmaqla nəticələnə bilər. Bunu etdim ki, digər futbolçulara da dərs olsun.
- Oyun bitən kimi rəqib komandanın texniki zonasına getmək istəsəniz də, Ramiz Məmmədov dərhal paltardəyişmə otağına yollandı...
- Onunla qardaş kimiyik. Aramızda heç bir problem yoxdur. Ola bilər ki, əsəbi idi və bu səbəbdən dərhal paltardəyişmə otağına yollandı.
- İlkin Qırtımovun “Neftçi” ilə anlaşdığı haqda xəbərlər yayılıb...
- Açığı, hələ heç kimlə müqavilə bağlamamışıq və danışıq aparmırıq. Qarşıda oyunlarımız var. Hansısa kluba ziyan vurmaq istəmirəm. İstədiyim və “Neftçi”yə gəlmək istəyən futbolçular var.
- Bu gün yenə qol epizodlarından lazımınca faydalanmadınız. Bunu nə ilə izah edərdiniz?
- “Neftçi”yə yeni gələndə fikrimizi əsas hücum xəttinə yönəltdik. İlk oyundan başlayaraq, demək olar ki, bütün matçlarda qol vurmuşuq. Amma futbolda yaradılan bütün qol epizodlarından yararlanmaq da olmur. Gələcək üçün planlarımız var. Çempionat bitəndən sonra komandaya yeni nəfəs gətirmək haqda düşünəcəyik. Məni indiki durumda müdafiə xətti daha çox qayğılandırır.
- Mirabdulla Abbasova bu gün şans versəniz də, sanki ona vacib matçlarda güvənmirsiniz...
- Biz və siz oyunlara başqa prizmadan baxırıq. Mirabdulla Azərbaycanda, bəlkə də, ən perspektivli hücumçudur. Bunu özünə də deyirəm. Amma mənfi cəhətləri həddindən artıqdır. Tənbəldir, üzərində işləmir. Bir məşqlə kifayətlənən oyunçudur. Çox yükləyə də bilmirəm, çünki sonra problemlər çıxır. Qış fasiləsində hər biri üçün proqram tərtib edəcəm. Mirabdullanın meydanda faydalı iş əmsalı aşağıdır, tez yorulur. Buna görə də, bu gün dəyişdim. Həm də Barqas daha texnikalıdır.