Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu inkişaf etdirilir
Dövlətimizin bu istiqamətdə atdığı addımlar xalq tərəfindən dəstəklənir
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi, qorunması dövlət tərəfindən həyata keçirilir. Hüquq dövlətin idarə olunmasında başlıca rol oynayır, eyni zamanda, dövlətin və vətəndaşların üzərinə qarşılıqlı məsuliyyət qoyur. Dövlət hüququn qoruyucusudur və vətəndaş cəmiyyətinin normal formalaşmasına məsuldur. İnkişaf etmiş dövlətlərdə vətəndaş cəmiyyətinin inkişaf etməsində hüququn rolunun önə çəkilməsi təsadüfi deyil. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu bir-birini tamamlayan və dövlətlə vətəndaş arasında daim vəhdətdə olan münasibətlər sistemidir. Ölkəmizdə vətəndaş cəmiyyəti və dövlət quruculuğu sahəsində qazanılan müsbət nəticələr barədə nüfuzlu beynəlxalq təşkilatların müsbət rəy bildirməsi heç də təsadüfi deyil. Əlbəttə, Azərbaycan dövlətinin əldə etdiyi bu nəticələr asan başa gəlməyib. Bu nəticələrin qazanılması üçün uzun illər ərzində həm ölkə daxilində, həm də xaricdə xeyli işlər görülüb, ölkəmizin əleyhinə təbliğat aparan, dövlətimizi müxtəlif təxribatlarla nüfuzdan salmağa çalışan düşmənlərin müqavimətini qırmaq məqsədilə ciddi səylər göstərilib, əməli işlər görülüb. Müstəqilliyini yenicə qazanan gənc Azərbaycan dövləti ilk zamandan kəskin problemlərlə üzləşib, özünü qorumaq üçün saysız-hesabsız hücumların qarşısını almağa məcbur olub. Dünyanın xristian dövlətlərinin müdafiə etdiyi Ermənistan tərəfindən torpağının 20 faizi işğal olunub, əhalisinin 1 milyonu qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. Lakin bütün təzyiqlərə, hücumlara, hətta ərazisinin bir hissəsini itirməsinə baxmayaraq, dövlətimiz vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində böyük addımlar atıb. Dövlətimizin bu istiqamətdə əldə etdiyi nəticələr həm dostlarımız, həm də düşmənlərimiz tərəfindən etiraf olunur. Daxili və xarici təhdidlərin qarşısını almağı bacaran Azərbaycan dövlətinin bütün sahələrdə yüksək səviyyəli inkişafa nail olması, heç şübhəsiz, ilk növbədə, xalqımızın qəhrəman və xilaskar oğlu, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır, ölkəmizin bu günkü inkişafı onun şəxsi əzminin, cəsarətinin, vətən və millətsevərliyi nəticəsində mümkün olub.
Gəlin, qısaca da olsa, Azərbaycanın müstəqillik əldə etdiyi dramatik məqamlarla dolu olan ilk iki ili xatırlayaq. Ölkəmizin ilk prezidenti parlamentdə seçilən Ayaz Mütəllibovun hakimiyyəti cəmi 7 ay sürdü. Xocalı faciəsinin baş verməsi ilə bağlı Azərbaycan Xalq Cəbhəsinin təşkil etdiyi ümumxalq təzyiqi nəticəsində mart ayının 6 - da A. Mütəllibov istefa vermək məcburiyyətində qaldı. Ondan sonra hakimiyyətə gələn Əbülfəz Elçibəyin prezidentliyi isə cəmi bir il ömür sürdü və Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissənin 4 iyun 1993-cü ildə Gəncədə qaldırdığı qiyam nəticəsində süqut etdi. Ə. Elçibəy xalqın israrı ilə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Beləliklə, Azərbaycan müstəqilliyinin ilk iki ilini ağır itkilərlə yola saldı. ölkəmiz özünün ən yeni tarixinə isə Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi siyasətlə qədəm qoydu. Azərbaycan tarixində yeni uğurlu tarixi mərhələ başladı. Yeni uğur səhifələri açıldı və Heydər Əliyevin şəxsi qabiliyyəti, nüfuzu, istedadı, təcrübəsi ölkəni məhv olmaq təhlükəsindən qurtardı. Qısa zamanda ölkəni parçalamağa çalışan separatçı qüvvələr məhv edildi, qeyri-qanuni silahlı birləşmələr ləğv olundu. Lakin Rusiya A. Mütəllibovu hakimiyyətə qaytarmaq üçün hər gün təzyiqləri artırdı, cəbhədə vəziyyəti gərginləşdirdi, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan xəyanət nəticəsində ermənilər tərəfindən işğal olundu. Çətinliklərə baxmayaraq, 3 oktyabr 1993-cü ildə ölkədə prezident seçkiləri keçirildi, Ümummilli lider H. Əliyev ümumxalq səsverməsində səslərin 97 faizini alaraq, prezident seçildi. Prezidentliyin ilk günlərində, yəni 2 noyabr 1993-cü ildə H.Əliyev erməni işğalını dayandırmaq və işğal olunmuş əraziləri azad etmək məqsədilə ölkədə kütləvi hərbi səfərbərlik aparmaq üçün xalqa müraciət etdi. Qısa zamanda ordu formalaşdı və erməni silahlı birləşmələri Beyləqanda sarsıdıcı zərbə alaraq, böyük məğlubiyyətə uğradı və qaçmağa başladı. İşğalda olan Horadiz qəsəbəsi və Füzulinin digər yaşayış məntəqələri ardıcıl olaraq azad olundu. Azərbaycan ordusunun zəfəri ermənilərin himayədarı Rusiyanı ölkəmizə qarşı yeni təhdidlərə əl atmağa vadar etdi. Azərbaycan bu təhdidlərin qarşısını almaq və gücünü səfərbər etmək məqsədilə Rusiyanın hərbi əməliyyatları müvəqqəti dayandırmaq barədə təklifi ilə razılaşmalı oldu. May ayında isə Rusiyanın təkidi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında Bişkek protokolu imzalandı.
Hadisələrin axarından aydın göründüyü kimi, Ümummilli lider Heydər Əliyev o zaman regiondakı güc nisbətini, ümumi durumu hərtərəfli dəyərləndirərək, eyni zamanda, Rusiyanın regiona güclü təsirə malik olduğunu nəzərə alaraq, atəşkəsin imkanlarından istifadə etmək məqsədilə, ölkədə dərin quruculuq işləri aparmaq üçün zaman qazanmağa üstünlük verdi. Ölkənin daxilindəki düşmən qüvvələri zərərsizləşdirdi, 1994-cü ilin sentyabrında isə Rusiyanın, İranın ciddi müqavimətini qıraraq, xarici neft şirkətlərinin iştirakı ilə «Əsrin müqaviləsi» neft kontraktlarını və Bakı - Supsa - Ceyhan neft kəmərinin çəkilməsi müqaviləsini imzalamağa nail oldu. Ümummilli lider Heydər Əliyev bu müqavilənin Azərbaycan dövlətinin müstəqilliyinin qorunmasında və möhkəmlənməsində mühüm əhəmiyyətə malik olduğunu yaxşı bilirdi və bütün təhlükələrə baxmayaraq, o, həyata keçirilməsi mümkünsüz görünən bu tarixi kontraktın bağlanmasına nail oldu. Ölkəmiz öz müdafiə qabiliyyətini gücləndirən müttəfiqlər qazandı. Beləcə, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində iş görmək üçün fürsət əldə olundu.
Tarixçi alim, BDU-nun professoru Boran Əzizli Ümummilli liderin vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna verdiyi töhfəyə münasibət bildirərək, qeyd edir: "Heydər Əliyev bilirdi ki, ölkəmizdə demokratik dövlət quruculuğuna nail olmaq üçün xarici iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə əlaqələri qurmaqla yanaşı, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunu möhkəmləndirmək üçün hüquqa arxalanmadan normal və səmərəli iş görmək olmaz. Dövlət aparatının normal fəaliyyəti üçün hüquqi bazanın möhkəmlənməsinə ciddi təlabat olduğunu nəzərə aldı. Burada söhbət dövlət orqanları sisteminin daha əlverişli təşkilindən, onların səlahiyyət və fəaliyyətinin əsas istiqamətləri və prinsiplərinin düzgün müəyyən edilməsindən gedirdi. O, yaxşı bilirdi ki, bütün bunlar dövlət orqanlarının özbaşınalığını aradan qaldıran vacib şərtlərdir, cəmiyyətin qanunçuluq bazasının elementləridir, vəzifəli şəxslə vətəndaş arasında qarşılıqlı əlaqənin əsasıdır".
Ümummilli lider H. Əliyevin dövlətçilik kursunu, ənənələrini və təcrübəsini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev fəaliyyətə başladığı ilk gündən bütün sahələrdə olduğu kimi, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu bazasının daha da inkişaf etməsinə təkan verdi. Vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının, medianın Azərbaycanda inkişaf etdirilməsinə xüsusi diqqət yetirdi. Dövlətlə cəmiyyət arasında mövcud olan kataklizmləri aradan qaldırdı, cəmiyyətin bütün təbəqələrilə dövlət arasında əlaqələri möhkəmləndirdi, vətəndaş cəmiyyətinin nümayəndələrinin fəaliyyətinə dövlət dəstəyini gücləndirdi, cəmiyyətin aparıcı qüvvəsi hesab olunan gənclər təşkilatlarına, elm və mədəniyyət xadimlərinə, ölkəmizdə yaşayan milli azlıqlara, müxtəlif dini konfessiyalarla yeni münasibətlər sistemini işə saldı. Hazırda vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi sahəsində Azərbaycan modelinin formalaşmasının cənab Prezidentin şəxsi təşəbbüsünün nəticəsi kimi qiymətləndirilməsi təsadüfi deyil.
Millət vəkili, BDU-nun professoru Musa Qasımlının fikrincə, "hazırda ölkə Prezidenti cənab İlham Əliyevin ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi sahəsində apardığı siyasətin yüksək səviyyəsini tək ölkə vətəndaşları yox, eyni zamanda bütün beynəlxalq ictimaiyyət nümayəndələri etiraf edir:» Azərbaycanda qonaq olan hər kəs bu prosesin nə qədər ardıcıl və uğurla getdiyini görür, maraqlanır və bu işə heyran olur. Hər kəs iştirakçı olaraq müşahidə edir ki, Azərbaycan son illər beynəlxalq idman, humanitar, iqtisadi, siyasi, mədəni, dini tədbirlərin mütəmadi keçirildiyi mərkəzə çevrilib, ölkə multikultural və tolerant dəyərlərin yeni modelini dünyaya təqdim edir. Bədxahlar isə Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərə ləkə salmağa çalışsalar da, onların düşmənçilik hərəkətləri ölkəmizin bütün istiqamətlərdə apardığı böyük işlərə ziyan vura bilmir. Xüsusən radikal müxalifətin son zamanlar düşmənlərin istəklərinə uyğun olaraq ölkədə mövcud olan vətəndaş həmrəyliyini və sabitliyi pozmağa yönəlmiş cəhdlərini xalq müdafiə etmir və dəstəkləmir. Çünki ölkədə dövlət - cəmiyyət, dövlət - vətəndaş münasibətləri yüksək səviyyədədir və heç bir qüvvə bu münasibətləri pozmağa qadir deyil. Cənab Prezident tərəfindən ölkədə başlanmış kadr islahatları xalq tərəfindən dəstəklənir və müdafiə olunur, bu isə daxili və xarici düşmənlərin maraqlarına toxunduğuna görə, radikalları fəallaşdırmağa məcbur olurlar. Lakin bu cür yanlış hərəkətlər ölkədə başlanmış dərin islahatların qarşısını almaq gücündə deyil və hər hansı qüvvənin bu prosesə mane olması qeyri-mümkündür".
Müsahiblərimizin rəyləri də təsdiq edir ki, Azərbaycanda bütün sahələrdə, o cümlədən vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində xeyli müsbət nəticələr əldə olunub və bu müsbət nəticələrin inkişaf etdirilməsi və dərinləşməsi məqsədilə dövlət lazım olan bütün tədbirləri görür. Dövlətimiz hazırda hər bir ölkə vətəndaşının rifahının yaxşılaşdırılması üçün yetərli addımlar atır. Minimum əmək haqqının, minimum təqaüdün miqdarının qaldırılması, sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət qayğısının artırılması, ölkədə rüşvətxorluğa və korrupsiyaya qarşı kəskin mübarizənin başlanması, vətəndaşların ictimai nəzarət funksiyasının yüksəldilməsi, yaşlı kadrların gənc, yüksək enerjili kadrlarla əvəz olunması və bu qəbildən olan digər müsbət meyllərin güclənməsinin təbii olaraq, ölkədə vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun inkişaf etməsinə öz töhfəsini verəcəyinə şübhə etmirəm.
Röyal Əsədli
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc olunur