Onu “kağız üzərində” qazanmaq



 

Əfv olunası məqam...

 Bəraət və əfv məsələsini azyaşlılara izah edən böyüklərin hansı duruma düşdüyünü anlamaq asandır. Çünki həmin vəziyyətləri mütəmadi şəkildə müşahidə etməkdəyəm. “Babam nədən 50 yaşa çatan kimi, bibim 35 yaşında, o birisi niyə 27 yaşında rəhmətə getdi” suallarının cavabını vermək, o qəfil ölümlərin səbəbini əsaslandırmaq çətindən-çətindir. “Alın yazısı”, qəzavü-qədər, yaxud, sadəcə, “qədər” və digər məqamlarda insanları sakitləşdirəcək nəsnələr varsa, dünyanı erkən tərk etməyə gətirən bəzi səbəblərin cavabı bizlərdə deyil. Bu anlaşılmazlıqların başa düşülməsi isə təəssüf ki, adamın böyük, yaxud, kiçik yaş fərqindən asılı deyil...

 *****

 Elə məqamlar var ki, onunla bağlı anında, bəziləri barədə isə vaxtı gələndə danışmaq, bəhs etmək gərəkir. Fəqət insan sağlamlığı elə bir həssas məsələdir ki, onun qayğısına qalmaq, keşiyində dayanmaq üçün zaman məfhumunu gözləmək gərək deyil.

Bəli, məmləkətimdə elə insanlar oldu ki, ölənəcən xəstəliyinin nə olduğunu bilməyərək yanlış diaqnozlardan, yalan müalicələrdən vaxtsız-vədəsiz solub getdi. “Xəstəliyini bilsə, ürəyinə salar, dərd çəkər” -deyə, demədilər əsla. Savadsız həkimlərin müalicəsindən daha da sozalan canını onların əllərindən götürüb getdi. Qurtuldu, sadəcə.

O zamanlar neçə-neçə adam səhlənkar, savadsız, yalançı həkimlərin qurbanı olduğunu deyə də bilmədi, əlahəzrət qılıncın hər tərəfi kəsirdi axı. Burdan ümidini üzən kasıblar elə hey xaricə müalicə almağa gedənlərin ardınca baxmaqda, xaricdə müalicəyə imkanı olanlar, vəzifəlilərsə “öz həkimlərimizdən dünyanın heç yerində yoxdur” atmacasının özündə hansı - yaxşı, yoxsa pis mənanı ehtiva etməsini eşidənlərin öz ixtiyarına buraxaraq, uçaqlarda uçurdu uzaqlara...

 *****

 Qeyd etdiyim kimi, məqamlar var ki, ondan vaxtı çatanda bəhs etmək gərəkdir. Ana-uşaq ölümü, səhv diaqnozlar, kütləvi şəkildə “uğurlu” müalicələr, müayinələr, əməliyyatlar, “humanizm” prinsipləri və s. və ilaxır...

Əslində, bu və digər məsələlərə, açıq qalan suallara cavab tapmaq uzun illər ərzində mümkün olmadı. Hər şey bir tərəfə, qarşılıqlı fikir mübadiləsinin mümkün olmadığı, birtərəfli danışıqların hökm sürdüyü müəyyən zaman ölçüsündə, uzun illər ərzində bu barədə danışıb-yazmaq “yıxılana balta çalmaq” kimi anlaşılardı. Hazırkı halda isə o da artıq çoxu kimidir - azad, asudə.

Göy üzünə baxır, fəqət barmaqlıqlar göyün masmavi rəngini zolaq-zolaq bölmür. İstədiyi yerə nəzarətçisiz, istədiyi vaxt, ya da bivaxt gedə bilər. Seçim özünündür. Azaddır axı. Elə o azadlığından çıxış edərək onun haqqında yazmaq mümkündür. Hüquqlarından xəbərdar olan hər kəs bilir - yaşından asılı olmayaraq, istənilən insanın öz hüquq-azadlıqlarından istifadə edərək yaşamaq, təhsil almaq, işləmək, söz demək, qurub-yaratmaq, bir sözlə, insan üçün müsbət mənada nə varsa, onu həyata keçirmək arzusu var. Arzuların ən ümdəsi isə, saglamlıqdır. Hamı istər ki, sağlam olsun, kim xəstəliyin onu yaxalaması üçün çarpışıb-vuruşar?

Lakin istəmədiyi halda xəstəliklə üz-üzə qalanlar, ən adi məsələnin səriştəsizlik ucbatından ciddi fəsada, sağalmaz mərəzə çevrildiyi məqamlar da var. O məqamların son mənzilə göndərdiyi günahsızlar insan övladına xas hansısa günahının deyil, məsuliyyətsizliyin, qeyri-peşəkarlığın, savadsızlığın, səriştəsizliyin qurbanına çevrildilər. Və əbədilik yollandılar son mənzilbaşına...

Qayıdanlar da var bu arada, dediyim kimi. Nə fərqi var, hardan?! Ya uzaq, yad məmləkətlərdən istədiyi vaxt, ya da yaxın, amma istədiyi vaxt çıxa bilmədiyi qəfəsdən. Bu arada, adamlar var, necə getmişdisə, eləcə də qayıdır getdiyi yerdən. Adamlar da var ki, vaxtı çox olur öncəki həyatında etdiyi səhvlərdən nəticə çıxarmağa.

Səhvsiz insan yoxdur, anlaqsız vəziyyətlərə düşəndə onu edənləri bağışlamaq asan olur, sadəcə.

Səhv etdiyini illər sonra da anlamayanlara isə nə bəraət, nə də əfv var. Baxmayaraq ki, onu da (Bəraət!) alırlar və ona da (Əfv!) düşürlər...

 *****

 ... Biri vardı, biri yoxdu, daha biri vardı həyatda. Madam ki, söhbət düşdü, sərt simasını illər sonra da saxlayanlara müsahiblərimizin nə deyəcəyi məlum. Əksəriyyət düşünür ki, ciddi olanlara cəmiyyətdə nə qədər hörmət varsa, sərt olanlara münasibət də əksinədir. Soyadı insanlığın, humanizmin və daha nəsnələrin adını daşıyanlarsa üns saxlamağa daha yaxın olmalıydı - fərqi yox, indi və ya, keçmişdə...

...Təkcə yaddaşlarda qalmır xatirələr, onların istənilən anda ayağa durması, keçmişlərdə verilməyən cavabı istəməsi də ola bilər. İllər və zaman dəyişsə də, məkan həminkidir, elə məqam da...

Vaxt olduqca, imkan düşdükcə, şikayətçilər, cəmi insanlar səhiyyəmizlə bağlı danışır, suallar yağdırır, narahat və narazı qaldıqları məqamları dilə gətirirlər. Onların səhiyyəmiz haqda dediklərini, narazılıqlarını illər öncə cəmiyyətə çatdıranda da qarşı tərəfin bu iradları nə qəbul, nə də inkar etməsi daim bizi düşündürürdü. Sanki cəmiyyət onlar üçün bir kütlə timsalında, hansısa bir laboratoriya təcrübəsi rolunda idi.

Bu mənada adının əvvəlinə bir rəhmətlik əlavə edilənlər, yanlış diaqnozla həyata vida hökmü alanlar, günahsız ruhlar necə, sıralama əfvə düşənləri ƏFV etdimi? Ümumiyyətlə, səhiyyə sahəsini, onun əziyyət çəkdiyi “xəstəliyi” əfv etmək mümkündürmü?

... Əfv olacaqsa, möcüzələrin təkcə nağıllarda, rəvayətlərdə olmadığına inanacağıq, zatən.

 Nigar Orucova