Düşmənə vəlvələ salan Azərim!



 

"Mənə qundağı xarab bir avtomat vermişdilər"

 Mən sizə bir Qarabağ veteranından söhbət açmaq istəyirəm. Qarabağ müharibəsi başlanan gündən ön cəbhəyə atılan Əhmədov Azər Telman oğlu şərəfli bir həyat yol keçib. O, öz paslı tüfəngilə düşmənə qan uddurb və bir neçə dəfə yaralansa da yenə ön cəbhəyə qayıdıb. Sonuncu dəfə yaralanan, uzun illər mualicə kursları keçən bu qəhrəman, igid vətənpərvər, şükürlər olsun ki, bu gün aramızdadır.

O qanlı qadalı illəri xatırlayanda Azərin gözləri dolur. Mən Azərdən keçdiyi döyüş yolu haqqında danışmağı xahiş etdim. Ancaq o, mənə əvvəlcə babası haqqında danışmağa başladı. "Naxçıvanın Zeynəddin kəndi" (Müəllif Əşrəf Hümbətov ) adlı kitabda Azərin babası haqqında , demək olar ki, ətraflı məlumat var (səh 157-159). Həmin məlumat 4 mart 1978-ci il tarixli "Şərq qapısı" qəzetindən götürülüb. Orada qeyd olunur ki, 1900-cü ildə Babək rayonunun Zeynəddin kəndində yoxsul bir ailədə dünyaya göz açan, keşməkeşli həyat yolu keçən Əli kişi ata-anasını itirəndən sonra böyük qardaşı Əhmədin himayəsində böyüyüb. 1918-ci ilin əvvəlində Naxçıvanda daxili asayiş tamamilə pozulur. Ermənilər bundan istifadə edərək Naxçıvana soxulurlar. Ermənilərin bu həyasızlığının qarşısını almaq məqsədi ilə  partizan dəstələri yaradılır.

Əli Əhmədov həmin dəstələrdən birinə - Məmmədrza bəy Allahverdiyevin rəhbərlik etdiyi özünümüdafiə dəstəsinə qoşulur. 1920-ci ildə o, Naxçıvan, Şərur, Dərəlyəz, Ordubad, Meğri, Cəhri, Qaraçivan və digər yerlərdə gedən döyüşlərdə cəsarətlə vuruşur. Həmin döyüşlərdə Əli Əhmədov 14 nəfər düşmən əsgərini tərkisilah edib, lazimi yerə təhvil verir. Göstərdiyi hünərə görə o, dörd min manat pulla mükafatlandırılır.  Əli Əhmədov sonralar da silahı yerə qoymayıb. 1923-24-cü illərdə ona Nehrəm Dəstə sərhəd gözətçisi, 1924-cü ildə MSSR qırmızı partizanı adı verilib.

Əli Əhmədov Abbasqulubəy Şadlinski və bölmə komandiri İbarhim Fərzəliyevlə olan görüşlərini yaxşı xatırlayır. Arxiv sənədlərində 1923-30-cu illərdə Əli Əhmədovun qaçaq dəstələrinə və sonralar "banditlərə" qarşı mübarizə aparması qeyd edilib.

Əli Əhmədov partizan hərəkatında da fəal iştirak edib. 1921-ci ildə Qırmızı Taborun komandiri Abbasqulu bəy Şadlinski və Bahadur Vəlibəyov əsgərləri yığıb bildirirlər ki, bizim dörd dəvə yükü patronumuz yoxa çıxıb. Əli Əhmədovun başçılığı ilə Məmməd Nuriyev, Səfərəli Hüseynov və Ələsgər Əhmədov sərəncam alıb, elə o dəqiqə işə başalayırlar. Onlar səhərə yaxın Meğri, Qaraçivan dağlarının ətəyində dəvələri tapıb geri qaytarırlar. Quldur dəstələrinin dağıdılmasında Əli Əhmədovun çox böyük xidməti olub. O, öz yoldaşları ilə Dərəlyəzin Qoytul kəndində daşnaklardan 750 tüfəng müsadirə edərək, 18 nəfər əsgəri xilas edib. Əli Əhmədov "İgidliyə görə" medalı ilə təltif olunub.  M.Kalininin imzası olan qırmızı partizan biletini qiymətli hədiyyə kimi daim cibində gəzdirib. Böyük Vətən müharibəsinin 30 illiyi medalı ilə təltif edilib. Fərdi təqaüd alıb. İndi Qarabağ veteranı olan Əhmədov Azər Telman oğlu, məhz Əli Əhmədov kimi vətənini, xalqını sevən bir babanın nəvəsidir. Nəvə də babanın yolunu ləyaqətlə davam etdirir.

Naxçıvan Muxtar Respublikası, Babək rayonu Zeynəddin kəndində 01 sentyabr 1967-ci ildə dünyaya göz açan Azər nə biləydi ki, mənfur ermənilər torpaqlarımıza hücum edəcək və o da, babası Əli Əhmədovun şərəfli həyat yolunu davam etdirərək ən qaynar nöqtərlərdə olacaq, vətəni müdafiə edəcək. Orta təhsilini təzəcə başa vuran Azər yeniyetmə çağlarından döyüş meydanlarına atılmalı oldu. Polis orqanlarında işləyən Azər Gərməçataq və Buzqov döyüşlərində iştirak edib, düşmənə xeyli təlafat verib. Sədərəkdə Qarağaclıq adlanan yerdə ermənilərlə üzbəüz döyüşən Azər bir neçə dəfə ölümdən qurtula bilir. Azər yaxşı xatırlayır ki, başıpozuq dəstələrdən ibarət  ordu öz əsgərlərini belə, silah-sursatla təmin edə bilmirdi. Bizimkilərə təklülə və qoşalülə tüfəng verirdilər. Azər deyir ki, mənə qundağı xarab bir avtomat vermişdilər.

- Azər, sizin kimi döyüşkən, mərd oğullara, axı ermənilər güc gələ bilməzdi. Bəs necə oldu ki, biz torpaqlarımızı verdik.

- Bilirsiniz, bizə həm köhnə silahlar, hətta "dayan doldurum"lar verirdilər. Biz də onlardan maksimum istifadə edərək düşmənə qarşı mübarizə aparırdıq. Mən köhnə qundağı olan, "zatvoru" belə, yaxşı işləməyən avtomatımla nə qədər erməni məhv etmişəm. Elə yoldaşlarım da.

Köhnə avtomatla nə etmək olardı ki, vahid komandanlıq yox idi. Hərə bir dəstəyə başçılıq edirdi. Döyüşlərin birində köhnə avtomatın qundağını daşa çırpıb düşmənə tərəf atırdım. Bir də gördüm ki, qan məni apardı. Ağzımdan qan gəlirdi. Ayıldım ki, xəstəxanadayam. Hansı xəstəxana olduğunu bilmədim. Alt çənədə olan dişlərim çənəqarışıq yox idi. Müalicə etdilər. Yenidən döyüşlərə qatıldım. Biz Künnüd kəndini qoruya bilmədik. 18 əsgərimiz şəhid oldu. Sonra onların cəsədlərini Heydər Əliyevin vasitəçiliyi ilə geri qaytardılar. Ancaq həmin cəsədlər tamamilə tanınmaz hala salınmışdı. Biz onları, ancaq bəzi əlamətlərindən tanıya bildik. Onları elə orada da dəfn etdik.

Mən yenidən döyüşlərə qatıldım, bir müddət sonra yenidən düşmən gülləsinə tuş gəldim, xəstəxanaya düşdüm.

Haralarda müalicə almadım? Yaxşı, xeyirxah insanların köməkliyi ilə Türkiyəyə getdim, bir köməyi olmadı. Türkiyədən və başqa yerlərdən həkimlər gəldilər. Hərə bir diaqnoz qoydu. Ancaq ağrılar kəsmirdi ki, kəsmirdi. Üst çənəmdən 15 sağlam dişimi çəkdilər. Təsəvvür edin ki, 37 yaşlı bir gənc xəstəlik müddətində 40 kq çəki itirdim, üst çənəm sınıq-sınıq oldu. Onu əməliyyat edib yerinə protez qoydular. Eh... Başım çox bəlalar çəkib.

- Azər, görürəm daha yaxşısan, uşaqların, ailən var. Hamsı da təhsil alıb. Eşitdim toy etməyə hazırlaşırsan.

- Allah qoysa! Üç oğlum var. Biri evlidir,  digərlərini də evləndirməyə hazırlaşıram.

- Müharibədən sonrakı həyatında hansısa bir hadisə baş verib?

- Respublika veteranlar xəstəxanasında 302 saylı otaqda iki gün idi ki, qalırdım. Saat üçdən sonra bir çığırtı eşitdim. Bayıra çıxdım, gördüm hər yan tüstü içərisindədir. Üzbəüz 322 saylı otaq yanırdı. Tez divardan asılan odsöndürəni götürdüm, qapını qırıb içəri daxil oldum. Odsöndürəni işə saldım. Odu söndürüb yanan çarpayıları bayıra atdım. Cərəyanı kəsdim. Özüm də zəhərləndim. Xidmətçi qızlardan biri 2-ci otaqda xəstə olduğu barədə qışqırırdı. Mən zəhərlənsəm də, həmin xəstəni tapıb çıxardım. Özüm isə uzun müddət zəhərlənmədən müalicə olundum. Burada olan həkimlər, tibb bacıları və veteranlar mənə yeni bir ad verdilər: "Qəhrəman xəstə". Mən bununla qürur duyuram.

 

Babası Əlinin yoluyla gedib,

Düşmənə vəlvələ salan Azərim!

Yağı gülləsinə sinəsin verib

Yoldaşın qeydinə qalan Azərim!

                  *****

Köhnə avtomatla hücuma keçdin,

Düşmənin səflərin sən qırdın, biçdin

Ən çətin anlarda düz yolu seçdin

Həmişə önlərdə olan Azərim!

                  *****

Tarix yazdığını onsuz da yazır

Ordumuz düşmənə qəbirlər qazır

Keçmiş döyüşçümüz döyüşə hazır

Düşməndən intiqam alan Azərim!

                  *****

Bu elə, obaya bir səngər kimi,

Üç oğul böyütdün bir əsgər kimi,

Düşmənə batacaq bir xəncər kimi,

O qəlbi ümidlə dolan Azərim!

                      *****

Feyruz, bu torpaqlar alınacaqdır,

Yerlərdə şəhərlər salınacaqdır,

Qarabağda- Şuşada, Laçında,

Kəlbəcərdə, Ağdamda, Qubadlıda,

Zəngilanda, Cəbrayılda, Ağdərədə,

Xankəndində zəfərlər çalınacaqdır,

Düşmənin fitvası yalan, Azərim!

 

Azər bu gün də Qarabağ uğrunda döyüşə getməyə hazırdır. Biz vətənin belə oğulları ilə fəxr edirik.

Azər Qarabağ döyüşlərində bir çox fəxri fərmanlar, təşəkkürlər, bir sözlə, təltiflər alıb. Ancaq o deyir ki, bütün bunların hamısı mənim üçün Qarabağın qayıtması fonunda heç bir şeydi. Mən ancaq Qarabağın qayıtmasını gözləyirəm! Təbii ki, biz də bu fikrə şərikik.

 

Feyruz Hilaloğlu

AYB-nin üzvü, şair-publisist